Son dövrlərdə sığorta bazarında rəqabətin artması, bu sektordakı şirkətlərin fəallığına səbəb olur. Belə ki, maliyyə bazarının bu seqmentində də maraqlı kampaniyalar, yeni innovativ məshullar, cəlbedici reklam çarxları və s haqqında eşidirik. Sığorta və maliyyə bazarı ilə bağlı xəbərləri aktiv izləyən, ixtisaslı portalların yaranması zənnimizcə bu sahədə az rol oynamayıb. Məsələ ilə bağlı fins.az saytının əməkdaşlarının zəhmətini qeyd etmək olar.
Bazardakı vəziyyətin hansı durumda olmasını isə ekspert dilindən eşitməyin daha səmərəli olduğunu güman edirik. Beləliklə Başak-İnam Sığorta Şirkəti» ASC-nin Biznesin inkişafı departamentinin direktoru Hikmət Allahverdi sığorta bazarının hazırkı vəziyyətini necə qiymətləndirir:
Sığorta sektorundakı vəziyyət haqqında rəqəmlərsiz danışmaq mümkün olmasa da, ilk öncə onu deyim ki, artıq bu sektor haqqında daha çox danışılır. Yəni rəqəmlər dəyişir, sığorta haqlarında və ödənişlərində artma-azalma, bu qaçılmazdır, amma məncə bu sektor əvvəlki dövrlərdəki kimi “süst”,”lal”, kimsəni maraqlandırmayan sahə olmaqdan cıxıb.
Fikrimcə bu, müsbət tendensiyadır. Artıq sığorta sektoru haqqında mətbuat daha çox yazır, əhali nisbətən daha çox məlumatlıdır, qanunvericilik bazası demək olar ki, daha təkmil hala salınıb, dövlət bu sahədəki məsələlərə daha çevik yanaşır, yeniliklərin tətbiqi intensivləşib, sığorta şirkətləri ofislərindən əhalinin arasına çıxmağın daha vacib olması qənaətinə gəlib, “etirazçı”, “şikayət edən”, “fərqli xidmət tələb edən” müştərilər çoxalıb ki, bu da müsbət haldır.
Rəqəmlərə gəldikdə isə ən son açıqlanan göstəricilərə cari ilin ilk 8 ayı nəzər salaq. Bu ilin ilk 8 ayı ərzində ümumilikdə sığorta şirkətləri 283,3 mln. manat sığorta haqqı toplamış(ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artımla), 103,5 mln. manat ödəniş (ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artımla) həyata keçirmişlər. Bu dövr ərzində sığorta şirkətləri topladıqları hər 100 manatın 36,55 manatını müştərilərinə qaytarmışlar, təbii ki, bu göstərici ayrı-ayrı şirkətlər üzrə fərqlidir və daha çoxdur.
Daha dəqiq mənzərə yaransın deyə Həyat və Qeyri-həyat sığortaları üzrə fəalyiyyət göstərən şirkətlərin göstəricəlirinə ayrılıqda baxmaq daha doğru olardı. Həyat sığortası məhsullarının satışı ilə məşğul olan şirkətlər, onlar 3 şirkətdir, özlərinin inkişaf dönəmlərini yaşayırlar. Bu şirkətlər, 2014-cü ilin 8 ayı ərzində 69,8 mln manat sığorta haqqı toplamışdırlar ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,5% çoxdur. Sığorta ödənişlərindəki artım isə, daha çoxdur; bu rəqəm 6 dəfə artaraq 20,41 mln. manat təşkil edib. Bu şirkətlər topladıqları hər 100 manatın 29,2 manatını sığorta ödənişi kimi sığortalılara qaytarıblar.
Ən sərfəli kredit üçün müraciət et Qeyri-həyat sığortaları üzrə fəaliyyət göstərən şirkətlər (25 şirkət,1-inin lisenziyası artıq ləgv olunub) üzrə göstəricilər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma nümayiş etdirib. Bu şirkətlər cari ilin ilk 8 ayı ərzində ümumilikdə 213,5 mln. manat sığorta haqqı toplamışlar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % azdır. Sığorta ödənişləri isə 10,7 % artaraq 83,12 mln. manat olmuşdur. Qeyri-həyat sığortaları üzrə fəaliyyət göstərən şirkətlər bu dövr ərzində topladıqları hər 100 manat sığorta haqqının 39 manatını və ya 39%-ı müştərilərinə ödəniş olaraq qaytarıblar və nəzərə almaq lazımdır ki, müqavilələr davam edir. Bəzi məlumatları da bildirim:
- Qeyri-həyat sektorunda fəaliyyət göstərən 25 şirkətdən 19-u ötən ilin eyni dövrü ilə müqayisədə daha az sığorta haqqı toplamışdır;
- Qeyri-həyat sektorunda fəaliyyət göstərən 5 şirkətin heç biri ayrı-ayrılıqda 0,5 mln manat sığorta haqqı toplaya bilməmişdir;
- Qeyri-həyat sektorunda fəaliyyət göstərən və eyni zamanda icbari sığorta satışı ilə də məşğul olan 11 şirkət bu sektorun toplam sığorta haqlarının 86%-ni əlində cəmləşdirir.
“İcbari avtomobil sığortası” xalq arasında daha populyardır
Müraciət edənlərin kimliyini nəzərə alaraq deyə bilərəm ki, əhali arasında ən populyar və alınan sığorta növü əksəriyyətin “icbari avtomobil sığortası” kimi adlandırdığı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”dır. Avtomobil ( kasko) sığortası, mənzillərin sığortası, səyahət sığortası aktiv satılan sığorta növlərindəndir. Əhalinin bəzi kəsimini isə tibbi sığorta maraqlandırır ki, bunu da fərdi qaydada bütün şirkətlər təklif etmir və ya daha baha qiymətə təklif edir. Hüquqi şəxslərə gəldikdə isə onların istifadə etdiyi sığorta növlərinə yuxarıda əhali üçün sadalanan sığorta növlərinə əlavə olaraq məsuliyət sığortalarını, yük sığortasını, inşaat sığortasını və s. deyə bilərəm.