Şəffaflığın təmin edilməsi sahəsində mütərəqqi islahatlar | Banco.az

Şəffaflığın təmin edilməsi sahəsində mütərəqqi islahatlar

Ölkədə sahibkarlığın və özəl sektorun inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Bu gün kiçik və orta sahibkarlığa dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb. Bu baxımdan vergi orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Yeri gəlmişkən, dövlət başçısı da öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.

Vergi sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər, Azərbaycanda münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən "Doing Business 2019" hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, "Biznesə başlama" indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, "Vergilərin ödənilməsi" indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib. Həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.

Ötən il vergi sahəsində aparılan köklü dəyişikliklər də, sözügedən islahatların məntiqi nəticəsi kimi qiymətləndirilir. Həmin ildə respublikada sahibkarlığın inkişafına yönəlmiş islahatlar, vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və şəffaflığın təmin edilməsi ilə bağlı bir sıra geniş tədbirlər həyata keçirilib. Bundan başqa, keçən il vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində struktur islahatları aparılıb. Elektron xidmətlərin sayının artırılması, nazirliyin veb-saytının funksionallığının genişləndirilməsi və digər sahələrdə də məqsədyönlü işlər görülüb.

Vergi sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş
son dəyişikliklər, Azərbaycanda münbit biznes mühitinin yaradılması
istiqamətində atılan addımlar sahibkarlara dövlət səviyyəsində
göstərilən diqqət və qayğının bariz nümunəsidir

Eyni zamanda, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə təması minimuma endirmək məqsədilə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Rəqəmsal Vergi İnzibatçılığı Departamentinin yaradılması da bu məsələyə xidmət edir.

Bəzi statistik rəqəmlərə müraciət edək. 2018-ci ildə nazirliyin xətti ilə büdcəyə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 6,4 faiz çoxdur. Qeyd edək ki, vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da müsbət təsir edib. Belə ki, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərdə 2017-ci illə müqayisədə 11,2 faiz azalma müşahidə olunub.

Ötən il vergi orqanları tərəfindən 15 min 612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat məbləğində maliyyə sanksiyası hesablanıb. 2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergi ödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, 2018-ci ildə bu göstərici 9,3 dəfə azalaraq 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb. Ötən il keçirilən xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2017-ci ildə 90,7 faiz artaraq 604 manatdan 1151,7 manata, 2018-ci ildə isə 130 faiz artaraq 769 manatdan 1767 manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ay Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda nazir Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilən ciddi dəyişikliklərlə yanaşı, bəzi aktual məsələlərə də toxunub. Keçən ilin vergi sistemində əhəmiyyətli dəyişikliklər ili kimi yadda qaldığını vurğulayan nazir bu dəyişikliklərlə bağlı geniş ictimai müzakirələr aparıldığını söyləyib: "Təsadüfi deyildir ki, ölkə başçısı vergi sistemində şəffaflığın təmin edilməsini prioritet vəzifə olaraq müəyyən edib. Çünki biznes mühitinin əlverişliliyi vergi sisteminin fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu baxımdan, vergi sistemində başlanılan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntiləri biz ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlərdə aşkar hiss etdik".

Ümumiyyətlə, 2018-ci il vergi orqanlarının fəaliyyətində ciddi dəyişikliklərlə müşayiət olunub. Həmin il "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması sahəsində vergi xidmətinin başlıca istiqaməti olub. Uçot sisteminin bərpası istiqamətində müvafiq tədbirlər görülüb, geniş maarifləndirmə işi aparılıb. "Kölgə iqtisadiyyatı" ilə mübarizə cari ildə də nazirliyin qarşısında duran prioritet vəzifələrdən biridir. Statistikaya nəzər salsaq görərik ki, hələ 2018-ci ildə vergi orqanlarının iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi aşkarlanıb. Bu, on milyonlarla manat həcmində vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Odur ki, vergilərin yayınması ilə əlaqədar bu cür ciddi qanun pozuntuları ilə mübarizə bu il də davam etdiriləcək.

Nazirlik tərəfindən bu baxımdan 2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafı istiqamətində addımlar atacağı bildirilir. Artıq ötən ildən etibarən yoxlamaların sayının xeyli azalması müşahidə edilir. Məsələn, 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 vergi ödəyicisindən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb. Kiçik sahibkarlıq subyektləri isə faktiki yoxlamaya məruz qalmayıb. Digər vacib məqamlardan biri də Azərbaycanda inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə əsaslanan Vergi Ombudsmanı İnstitutunun yaradılmasına qərar verilməsidir.

Ekspertlərin fikrincə, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artıracaq. Bu işdə sahibkara yardımçı olan Vergi Ombudsmanı onların hüquqlarını müdafiə edərək, maraqlarını qoruyacaq. Ən nəhayət, belə bir hüquqi institutun fəaliyyətə başlaması vergi ödəyiciləri ilə yanaşı, ölkənin vergi sistemi üçün də faydalı olacaq.

Bir sözlə, tərəflər arasında münasibətlər şəffaflıq və qarşılıqlı etimad prinsipinə uyğun qurulacaq. Bu gün dövlət tərəfindən reallaşdırılan vergi siyasətinin başlıca məqsədi də könüllü əməletməyə nail olmaqla, dövlət-biznes münasibətlərində şəffaflığı və vergi ödəyiciləri üçün münbit biznes mühitini təmin etməkdir.