Rusların Avropada dondurulmuş aktivləri əldən gedir: “Avro üçün risk yarana bilər” | Banco.az

Rusların Avropada dondurulmuş aktivləri əldən gedir: “Avro üçün risk yarana bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avropa Komissiyası Rusiyanın Aİ-də dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Kiyevə kömək etmək üçün 15 milyard avro toplamaq niyyətindədir.

Banco.az xəbər verir ki, Britaniyanın biznes nəşri “Financial Times”ın yazdığına görə,  bu barədə konkret mexanizm dekabrın 14-15-nə planlaşdırılan Aİ sammitinə qədər təsdiqlənməlidir.

Ekspertlərin fikrincə,  Avropa valyutası üçün əlavə risklər yarana bilər.  

Sitat: “Avropa Komissiyası ilkin olaraq bloklanmış aktivlərdən əldə edilən mənfəətin ayrı hesablarda yerləşdirilməsini tələb edəcək. İkinci mərhələdə o, ümumi Aİ büdcəsinə köçürüləcək. Nəzəri cəhətdən bu, ardıcıl olaraq ildə 3 milyard avroya qədər və ya 2023-cü ildən 2027-ci ilə qədər olan dövrdə 15 milyard avroya qədər gəlir gətirməlidir. Ümumi məbləğ bu müddət ərzində faiz dərəcələrinin dinamikasından asılı olacaq”.

Ekspertlər qeyd edir ki,  Aİ-yə üzv dövlətlər, birincisi, planın özünü, ikincisi, pulun Ukraynaya köçürülməsinə qədər onun həyata keçirilməsi istiqamətində növbəti addımları yekdilliklə dəstəkləməlidirlər.

 Sentyabrda ABŞ Xəzinədarlığı Rusiya Federasiyasının bütün dünyada dondurulmuş aktivlərinin ümumi məbləğinin 280 milyard dollar olduğunu təsdiq edib.Təxminən 200 milyard dollar Aİ-də, əsasən Belçikanın ən böyük hesablaşma və klirinq sistemlərindən biri olan Euroclear-ın hesablarındadır. Oktyabrın sonunda bu beynəlxalq depozitar bildirdi ki, 2023-cü ilin doqquz ayında sanksiyaya məruz qalmış Rusiya fondlarına investisiya qoymaqdan təxminən 3 milyard avro faiz qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Köhnə Dünyadakı peşəkar iqtisadçılar Avropa rəsmilərinin niyyətlərini açıq şəkildə bölüşmürlər. Beləliklə, Avropa Mərkəzi Bankı uzunmüddətli perspektivdə Avropa valyutası üçün reputasiya riskləri barədə xəbərdarlıq edib.

ECB Brüsseli “vahid münaqişədən kənara baxmağa” və Ukraynanı maliyyələşdirməyin başqa yollarını axtarmağa çağırıb.

Rusiyalı  iqtisadçı Andrey Loboda deyir ki,  heç kim dondurulmuş Rusiya aktivlərinin necə istifadə edildiyini indi də bilmir.

 “Qərbdə Aİ qanunvericiliyində ixtisaslaşan hüquqşünaslar bu siyasətin qanuniliyi barədə açıq danışmırlar. Lakin mahiyyət etibarı ilə söhbət oğurluğun leqallaşdırılmasından gedir. Onu da qeyd edim ki, bloklanmış aktivlərin əhəmiyyətli bir hissəsi özəl rus investorlarının vəsaitlərindən ibarətdir.Onlar isı orta səviyyədən yuxarı gəlirləri olan şəxslərdir”.

Loboda iddia edir ki, avropalılar təhlükəli presedent yaradıblar. Onların bu düşüncəsi ilə xarici dövlətin vəsaitləri istənilən bəhanə ilə özbaşına müsadirə oluna bilər:

“Bu, beynəlxalq hüququn prinsiplərini sarsıdır və qitədə maliyyə və investisiya mühitinin pisləşməsinə gətirib çıxarır. Avropa rəsmilərinin bu siyasəti uzunmüddətli perspektivdə Moskva ilə Brüssel arasında qarşıdurmanı daha da gücləndirəcək”.