“Rusiya-Ukrayna müharibəsi sona çatarsa, neft qiymətlərindəki siyasi risk faktoru azalacaq” – İlham Şaban | Banco.az

“Rusiya-Ukrayna müharibəsi sona çatarsa, neft qiymətlərindəki siyasi risk faktoru azalacaq” – İlham Şaban

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Neft qiymətlərinin qlobal bazarda dəyişməsi, xüsusilə Rusiya-Ukrayna müharibəsi və dünya siyasi arenasındakı gərginliklər fonunda, enerji ixrac edən ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərir. Azərbaycanda ölkə iqtisadiyyatının dayanıqlılığı, dövlətin proqnozlaşdırdığı neft qiymətləri ilə sıx bağlıdır. Gələn il üçün hökumətin neft qiymətini 70 dollar səviyyəsində proqnozlaşdırması, qiymətlərin enməsi fonunda müxtəlif suallar doğurur.

Bu mövzu ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Banco.az-a verdiyi müsahibəsində qiymət dəyişikliklərinin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini və gələcək proqnozları şərh edib.

Donald Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsindən sonra neftin qiymətləri necə dəyişib?

Neftin qiymətləri Donald Trampın seçilməsindən sonra dalğalanmağa başlayıb. Əvvəllər 75 dollar ətrafında ticarət edilən qiymətlər, indi əsasən 70 dollar civarında dəyişir. Dünən qiymətlər 70 dollardan da aşağı düşərək 69.90 dollar səviyyəsinə çatmışdı. Hazırda isə qiymət təxminən 71 dollar civarındadır. Bununla belə, gələn il üçün qiymətlərin 70 dollar ətrafında və bəlkə də daha aşağı səviyyələrdə qalacağı ilə bağlı bir neçə proqnoz mövcuddur.

İlham bəy, 2024-cü ildə neftin qiymətinin hazırkı səviyyədə olmasına səbəb nədir? 2023-cü ildə orta qiymətin 82 dollar, 2022-ci ildə isə 101 dollar olmasına hansı amillər təsir edib?

Neft qiymətlərinin yüksək olmasına əsas səbəblərdən biri Rusiya-Ukrayna müharibəsinin yaratdığı siyasi risklərdir. Tramp isə yanvar ayının 20-də vəzifəyə başladıqdan sonra Ukrayna münaqişəsini həll edəcəyini, yəni müharibəni dayandıracağını bildirir. Yanvar olmasa belə, mart və ya apreldə müharibənin sona çatma ehtimalı artır, yəni bu istiqamətdə ümidlər var.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-nin yeni siyasi rəhbərliyində də ümumi əhval-ruhiyyə müharibəni davam etdirməkdən çox, onu dayandırmağa yönəlib. Müharibə sona çatarsa, neft qiymətlərindəki siyasi risk faktoru azalacaq və bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Digər tərəfdən, bazardakı treyderlər və neft ticarətçiləri, 2025-ci ilin əvvəlinə qədər qiymətlərdəki ehtimal olunan azalmadan qaçmaq üçün əllərindəki neft partiyalarını daha tez satmağa çalışırlar ki, sonrakı dövrdə, yəni 2025-ci ilin əvvəlində, indiki yanvar partiyalarını birjada ziyanla satmaq məcburiyyətində qalmasınlar. Hazırda bazarın vəziyyəti bu cür qiymətləndirilir.

Gələn il neft bazarında qiymətləri dəqiq proqnozlaşdırmağın qarşısında hansı əsas siyasi qeyri-müəyyənliklər dayanır?

Bu, təbii ki, hələlik bəlli deyil. Çünki siyasi addımları proqnozlaşdırmaq çox çətindir. Məsələn, Ukrayna-Rusiya müharibəsi sona çata bilər və ya başqa bir münaqişə başlaya bilər. Digər tərəfdən, Trampın İranı cəzalandırmaq niyyəti də mövcuddur. Buna görə də bazardakı vəziyyəti real olaraq proqnozlaşdırmaq hazırda mümkün deyil və bu, gələn ilin işi olacaq. Yalnız gələn ilin sonuna doğru orta qiymətin nə səviyyədə olduğunu daha dəqiq bilə biləcəyik.

Neftin qiymətinin enməsi fonunda Azərbaycan hökumətinin 70 dollar proqnozu nə dərəcədə əsaslı görünür və narahatlığa əsas varmı?

Belə reallıqların necə inkişaf edəcəyini zaman göstərəcək. Azərbaycan hökuməti də gələn il üçün neftin qiymətini 70 dollar səviyyəsində proqnozlaşdırıb. Hazırkı qiymət enişinə görə hökuməti tənqid etmək və ya narahatlıq yaratmaq, məncə, vaxtsız addımdır.