Müəllif: Gülnar Əhmədli, Banco.az
Vaşinqton administrasiyası hesab edir ki, ABŞ Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, bu tədbirlər ABŞ müttəfiqləri tərəfindən dəstəklənəcək.
Banco.az xəbər verir ki, bunu Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.
"Biz bir neçə avropalı tərəfdaşlarımızdan, NATO müttəfiqlərimizdən, hətta Kanadadan eşitdik ki, onlar buna əməl edəcəklər", - Nazir Vaşinqtonun Rusiya neftini alan ölkələrə idxal rüsumları tətbiq etmə ehtimalından danışarkən qeyd edib.
"Biz Ukraynanı dəstəkləyən Qərb ittifaqının əksəriyyətinin də eyni addımı atacağını gözləyərdik. Məncə, sanksiyalara məruz qalmış Rusiya neftini alan hər kəs buna hazır olmalıdır", - Bessent vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Moskva və Vaşinqton 50 gün ərzində Ukraynada nizamlanma üzrə razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək. Tramp daha sonra 50 günlük müddəti 10 günə endirmək qərarına gəldiyini də bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!