Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya paralel idxal siyahısına “Kia” və “Hyundai” markalarını da əlavə edib.
Banco.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyindən verilən açıqlamada paralel idxal siyahısının genişləndirildiyi bildirilib.
Rusiya Sənaye və Ticarət Nazirliyi bildirib ki, “Kia” və “Hyundai” avtomobil markaları ölkədə populyarlığını qoruduğu üçün paralel olaraq idxal oluna bilən məhsullar siyahısına əlavə edilib.
“Kia” və “Hyundai” markalı avtomobillərin Rusiyada bir çox insan tərəfindən istifadə edildiyinə diqqət çəkilən açıqlamada, "Paralel idxal siyahısına "Kia" və "Hyundai" brendləri də əlavə edilib. Bu, daxili bazarı lazımi ehtiyat hissələri ilə təmin etməyə imkan verəcək", ifadələri yer alıb.
Açıqlamada həmçinin geyim sənayesinə aid 3 min markanın siyahıdan çıxarıldığı bildirilib. Vurğulanıb ki, Rusiyada yerli geyim sənayesində istehsal 2022-ci ildən bəri sürətlə inkişaf edib.
"Rusiya 2023-cü ildə yerli geyim istehsalı üçün 1,35 trilyon rubl (təxminən 14,8 milyard dollar) dəyərində məhsul idxal edib", - məlumatda deyilir.
Xatırladaq ki, Rusiya hökuməti ölkədə xarici məhsullara olan tələbatı ödəmək üçün 30 mart 2022-ci ildə paralel idxalı sərbət buraxmış və daha sonra paralel idxal oluna biləcək markaların siyahısı hazırlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!