Müəllif: Tamara Mustafayeva, Banco.az
Robotlar Pekin Yarım Marafonunda qaçışçıların rekordunu qırıblar.
Banco.az xəbər verir ki, Çinin paytaxtı Pekində keçirilən yarı marafonda insansı robot 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək dünyanın ən sürətli qaçışçılarından belə daha yaxşı nəticə göstərib və yarı marafon üzrə dünya rekordunu yeniləyib.
Bu nəticə Yakob Kiplimonun yaxın zamanda müəyyən etdiyi 57 dəqiqəlik rekorddan xeyli sürətlidir. Bu ilin qalib robotu Çinin smartfon istehsalçısı “Honor” tərəfindən hazırlanıb.
Yarı marafon üzrə kişi rekordunu Yakob Kiplimo 2026-cı ilin mart ayında Lissabonda keçirilən yarışda 57 dəqiqə 20 saniyə nəticə ilə qırmışdı. Qadınlar arasında rekord isə Letesenbet Gideyə məxsusdur; o, 2021-ci ildə Valensiyada 1 saat 2 dəqiqə 52 saniyə nəticə göstərmişdi.
Ötən il ən sürətli robot məsafəni 2 saat 40 dəqiqəyə tamamlamışdı. Buna görə də bu il əldə edilən nəticə robot texnologiyalarında ciddi irəliləyiş olduğunu göstərir. Yarışda iştirak edən robotların təxminən 40 faizi tam avtonom rejimdə hərəkət edib, qalan 60 faizi isə uzaqdan idarə olunub.
Mütəxəssislər hesab edirlər ki, insanabənzər robotlar təbii fəlakətlər zamanı xilasetmə əməliyyatlarından tutmuş zəhərli tullantıların təmizlənməsinə, ağıllı istehsalatdan xidmət sektoruna qədər bir çox sahədə uğurla tətbiq oluna bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
