Rəşid Salehov: "Gördükləriniz hələ başlanğıcdır" | Banco.az

Rəşid Salehov: "Gördükləriniz hələ başlanğıcdır"

Son dövrdə Digital sahədə gördüyü işlərə bir çoxlarımızın yaddaşlarına həkk olunan "Kapital Bank"ın rəqəmsal marketinq faəliyyətindən danışacağıq.

Müsahibimiz "Kapital Bank"ın Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Rəşid Salehovdur. Məlumat üçün qeyd edək ki, Rəşid bəy daha əvvəllər pərakəndə mağazalar şəbəkəsi və Apple-ın Azərbaycanda rəsmi partnyoru olan Apple Premium Reseller mağazalar şəbəkəsində çalışıb.

Rəşid bəy, ən aktual mövzudan başlayaq. "Kapital Bank" son 1 ildə bir xeyli aktivlik edir. Bu nə ilə əlaqədardır? Bankın birdən birə belə fəallaşmasının xüsusi səbəbi var?

Əslində "Kapital Bank" son bir ildə bir müddətdir ki planlaşdırılan və üzərində işlədiyi layihələri həyata keçirməyə başlayıb. Bu vaxtadək biz Bankın daha çox marka transformasiyasını həyata keçirirdik və görülən işlər də təbii ki, çox vacib idi. Amma əvvəllər əgər bünövrə qurulurdusa, artıq o bünövrənin üzərində yenilənmiş bir marka qurulur.

Yəni biz artıq yenilənmiş "Kapital Bank"ın gücünü görürük deyə bilərik?

Bəli, amma təbii ki bu hələ başlanğıcdır.

Daha da xüsusiləşdirsək "Kapital Bank"ın rəqəmsal fəaliyyəti nədən ibarətdir?

Əvvəla onu qeyd edim ki, Rəqəmsal Marketinqin bank strukturunda ayrıca bir şöbə kimi fəaliyyət göstərməsi təcrübəsi bizim bazarda bank sektorunda ilk dəfə "Kapital Bank"la başlayıb. Hələ 2014-cü ildə əgər şöbə sadəcə sosial medianın idarə olunması ilə məşğul olurdusa, bu gün artıq vebsaytların yaradılması, onların idarə olunması, axtarış sistemləri üzrə optimizasiya, Google və Facebook üzərindən reklamlar, analizlər, hesabatlar, email marketinq və tətbiqlərin yaradılması ilə məşğul oluruq. Və bütün bu layihələrin üzərində 4 nəfərlik digital komandamız işləyir.

Onu da qeyd edim ki, yalnız kommunikasiya yox eyni zamanda müştərilərimizin bizimlə kontaktda olduğu digər elektron vasitələrin də inkişafına öz töhvəmizi veririk. Bankın onlayn ödəmə sistemi olan pay.kapitalbank.az, internet bank, mobil bank, terminallar və onlayn ödəniş qəbulu kimi xidmətlərin yaradılmasında da birbaşa iştirak edirik.

Sosial mediadakı aktivliyinizdən söz düşmüşkən istərdik ki, “Səndən 1 Dənədir” layihəsindən, daha doğrusu BirKart-dan danışaq. İdeya necə formalaşmışdı və hədəflər nə idi?

Səndən 1 Dənədir layihəsi kifayət qədər uğurlu oldu. Statistika üçün qeyd edim ki, 3 günə 100,000-dən çox sertifikat generasiya olundu. 2-3 gün ərzində hərkəsin facebook taymlaynı bu sertifikatlarla belə deyək “dolmuşdu”. Nəzərə alsaq ki, bu hər hansı sosial-ictimai xarakter daşıyan kampaniya deyildi, sırf bir marka reklamı idi, kampaniya çox uğurlu oldu.

İdeyaya gəldikdə isə, hələ keçən il BirKart layihəsinin formalaşdığı bir dövrdə belə qərara gəldik ki, tizer kampaniyası keçirək və kampaniyanı ənənəvi offlayn media ilə yanaşı onlayn mediada da edək. Sırf bu layihə  üçün xüsusi sayt və sosial media kanalları hazırlandı. Əsas məqsəd hər bir şəxsin unikallığını vurğulamaq və öz növbəsində unikal kart olan BirKartın bazara girişi üçün zəmin hazırlamaq idi. İnanıram ki, məqsədimizə çatdıq.

Ən sərfəli kredit üçün müraciət et

Bilirik ki, “Səndən 1 Dənədir”in facebook istifadəçilərinə verdiyi sertifikatlar hər kəs tərəfindən xüsusi maraq gördü. Sizə gələn rəylər hansı yöndə idi?

Reaksiyası çox yaxşı oldu və hətta rəqiblərimiz də bizim sertifikatlarları paylaşdı. Feysbukda brend səhifələr də daxil olmaqla, bir neçə şirkət hətta bu sertifikatları reklamlarında da istifadə etdi. Bu da son nəticədə BirKart məhsulunun bazara uğurla daxil olmasına şərait yaratdı.

Belə bir sosial media layihəsindən sonra, Kapital Bank facebook-da etdiyi bir paylaşımla yenidən nəzərləri özünə topladı. Söhbət təbii ki, “Game of Thrones” serialından ilhamlanmış paylaşımdan gedir. Postun hazırlanmasındakı əsas məqsəd nə idi və necə oldu ki, belə bir paylaşım etmək qərarına gəldiniz?

…(gülür) Əvvəla onu qeyd edim ki, biz sosial media kanallarımızın idarə olunmasına çox ciddi fikir veririk. Bütün postlar əvvəlcədən planlaşdırılır, üzərində işlənilir və hətta bəzi postlarımızı günlərlə müzakirə edirik. Daha əvvəl “Bankirlə Müsahibə” layihəsi edərək bu sahədə bir yenilik etmişdik. Müştərilərimizin onları maraqlandıran sualları birbaşa ünvanına vermək imkanı yaradılmışdı. Çox müsbət nəticələr əldə etmişdik.

Game of Thrones postları bizim bazar üçün real-time marketing nümunəsi idi və əgər araşdırsaq dünyada bir çox brendlər məhz bu serialdan ilhamlanmş marketinq addımları atıblar. Birmənalı qarşılanmasa da,bu paylaşımlar sadəcə olaraq günün nəbzini tutmaq üçün atılmış bir addım idi.

Paylaşım heç də hər kəs tərəfindən  birmənalı qarşılanmadı. Bunun səbəbini nə də görürsünüz?

Böyük şirkətlərin işi hər zaman göz qabağında olduğu üçün təbii ki, tənqid edənlər mütləq olacaq. Amma Sizə deyim ki, biz postu paylaşanların yazdıqlarını oxuduq və demək olar əksəriyyəti çox müsbət rəylər yazmışdılar. Hətta bir çox bunu Azərbaycanda sosial media idarəolunmasına nümunə olduğunu deyirdi.

Məlumat üçün onu da deyim ki, postu təxminən 200 nəfər paylaşdı və 500 nəfər şərh etdi, bir sözlə “engagement” çox yüksək oldu. Reklamsız və büdcəsiz. 

Düşünürük ki, Kapital Bank zamanın nəbzini tutan bir bankdır. Bunu necə bacarırsınız və Sizə görə sosial mediada bankın yeri necə olmalıdır?

Medianın 3 əsas vəzifəsi var: maarifləndirmək, məlumatlandırmaq və əyləndirmək. Nəzərə alsaq ki, sosial media da bir media vasitəsidir o zaman bu 3 vəzifəni doğru yerinə yetirən şirkətlər uğur qazanacaq. Bura sosial şəbəkələrin əsas funksiyalarından olan ikitərəfli kommunikasiya da əlavə etsək kompleks bir həll vermiş olarıq. Biz də Kapital Bank olaraq çalışırıq ki, trendləri izləyək, müştərilərimizlə söhbət edək, onları dinləyək və eyni zamanda onları məlumatlandıraq.