Rəhman Quliyev: “Ölkəyə gələn bir turist canlı reklamdır” | Banco.az

Rəhman Quliyev: “Ölkəyə gələn bir turist canlı reklamdır”

Artıq yeni ilə sayılı az qalıb. Bu isə o deməkdir ki, ölkəmizə yaxın günlərdə böyük turist axını gələcək. Bəs görəsən ölkəmizə gələn qonaqları qarşılayıb-yola sala biləcəyikmi? Bu ərəfədə turistlərə hansı yeniliklər təqdim olunacaq?

Banco.az xəbər verir ki, bu mövzuda "Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyevlə söhbətləşdik. O bildirdi ki, son illər ərzində ölkənin turizm potensialı ilbəil inkişaf edir: “Əgər müqayisəli təhlil aparsaq həqiqətən də nəticələr arasında fərqləri görə bilərik. Görülən işlər göz qabağındadır. Ümumi statistikaya nəzər salsaq görərik ki, 2010-cu ildən etibarən ölkəyə gələn turist axınında artım tendensiyası müşahidə olunur. Son 3 ildə isə bu inkişaf tendensiyası daha da sürətlənib. Ölkəyə gələn turistlərin qarşılanması, göstərilən xidmət, xüsusi diqqət mərkəzindədir. Bu məsələlər dövlət başçısının şəxsən nəzarəti altındadır. Aidiyyəti qurumlar öz üzərinə düşən vəzifələri qətiyyətlə yerinə yetirir. Ölkəyə gələn hər bir turistə individual yanaşma mövcuddur”.

Həmsöhbətim turizm sahəsində olan problemlərdən də söz açdı: “Ümumiyyətlə, problemsiz iş yoxdur. İşin sayı artdıqca problemlər də artır. Hazırda turizm sektorunda ən böyük problemlərdən biri də yerləşdirmə məsələsidir. Əgər bu gün ölkəyə gələn turistləri yerləşdirmədə çətinlik yaşanırsa bu, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Yəni bütün bunlar turizm sahəsinin inkişafından xəbər verir. Əgər ölkəyə turist axını artırsa deməli, tələbat yüksəkdir. Bu, sözügedən sektorda inkişafdan xəbər verir. Əsas məsələ qarşıda duran maneələrin aradan götürülməsidir. Bu mənada tələbata uyğun otel və mehmanxanaların tikilməsi qarşıda duran əsas vəzifələrdəndir. Otel və mehmanxanaların sayı bu gün bizi müəyyən mənada qane edə bilər. Amma bir neçə il sonra bu problem daha da dərinləşəcək”.

R.Quliyev söylədi ki, görülən işlərlə qane olmamalıyıq: “Ona görə də indidən bu sahədə işlərə başlamaq lazımdır. Dünya təcrübəsində belə hallar çox olur. 20 il bundan əvvəl Bodruma gedəndə hər şey indiki qədər gözəl deyildi. Həmin vaxt orada otel tipli yerləşdirmə məntəqələrinin sayı çox az idi. Amma indi orada olan otellərin sayı hesabı yoxdur. Bu qarşıya qoyulan hədəf idi. Onlar qısa müddət ərzində bu hədəfə nail oldular. Həmin vaxt bizə bu haqda deyəndə heç də inandırıcı gəlmirdi. Amma indi nəticələr göz qabağındadır. Bunu deməkdə məqsədim odur ki, düzgün strateji hədəflər qarşıya qoymaqla biz də məqsədlərimizə nail ola bilərik. Düzdür, bir neçə il əvvələ qədər Qəbələdə cəmi bir neçə otelə rast gəlmək olurdu. Amma indi irili-xırdalı onlarla otel və mehmanxana tikilib. Amma istənilən halda görülən işlərlə qane olmaq olmaz. Növbəti illər ərzində bu artım tendensiyası davam etdirilməlidir. Ekonom büdcəli otellərin inşasına şərait yaradılmalıdır. İki, üç ulduzlu otellərə böyük ehtiyac var. Təkcə yuxarı kateqoriyalı otellərlə kifayətlənmək olmaz. Çünki buna büdcəsi çatmayan turistlər də var. Əgər onları nəzərə almasaq həmin turistləri itirərik. Belə olan təqdirdə Azərbaycan turistlərin yaddaşında bahalı ölkə kimi qalacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Müsahibim deyir ki, sahibkarlar və iş adamlarına münbit şərait yaratmaq lazımdır ki, onlar bu sahədə işlərini sürətləndirsinlər: “Biz bütün təbəqədən olan turistləri nəzərə almalıyıq. Hər bir turist bizim canlı reklamımızdır. Biz onları ölkələrinə narazı qaytara bilmərik. Turizm elə sektordur ki, burada bütün sahələr bir-biri ilə bağlı şəkildədir. Ölkəyə gələn turist taksi şoferindən tutmuş, satıcılara qədər hər kəsin potensial müştərisidir. Bizim əsas hədəfimiz regionlarda sosial inkişafa nail olmaqdır. Xidmət sektorundan müəyyən işlər görülsə də, çatışmayan cəhətlərimiz də var.   Turizm Assosiasiyası bu məsələyə xüsusi diqqət yetirir. Mütəxəssislərin yetişdirilməsi və onların təlimatlandırılması üçün lazımi addımlar atılır. Biz hər birimiz turizm sahəsinin inkişafına öz töhfəmizi verməliyik”.

Sonda həmsöhbətim bəzi məqamlara da toxundu: “Yeni il dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd olunur. Bu ərəfədə ölkəyə gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Biz də öz növbəmizdə regionlarda yerləşən otellərlə müxtəlif çeşiddə yeni il proqramları hazırlanıb. Məqsədimiz turistlər üçün bayramı yaddaqalan etməkdir. Çalışırıq ki, qiymətlər hər bir turistin büdcəsinə uyğun olsun. Çalışırıq ki, əvvəllər gedilməyən regionlara da marşrutlar təşkil edək. Dekabrın 20-nə qədər edilən rezervasiyalara əsasən deyə bilərəm ki, yerləşdirmə ilə bağlı heç bir problemimiz olmayacaq. İstənilən halda ölkəyə gələn qonaqlarımızı yüksək səviyyədə qarşılayıb yola salacağımızdan əminəm”.

Şəbnəm Mehdizadə , banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et