QKDK-nın nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə oldu | Banco.az

QKDK-nın nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə oldu

18 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlanmışdır.

Səfərin məqsədi Çinin qiymətli kağızlar bazarı ilə yaxından tanış olmaq, bu ölkənin müvafiq qurumları ilə məlumat mübadiləsinin artırılmasını təmin etmək və əməkdaşlıq çərçivəsini genişləndirməkdən ibarətdir.

Səfər çərçivəsində QKDK sədri Rüfət Aslanlı ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan arasında görüş baş tutmuşdur. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daim inkişaf etdiyi, maliyyə sektorunun əsas sahəsi olan qiymətli kağızlar sferasının qarşılıqlı əməkdaşlığa töhfəsini verdiyi diqqətə çatdırılmışdır. R.Aslanlı Azərbaycanda beynəlxalq standartlara uyğun, beynəlxalq kapital bazarlarına inteqrasiya olunmuş qiymətli kağızlar bazarının formalaşdığını və bu sahədə aparılan islahatlar sayəsində son illərdə uğurlu nəticələr əldə olunduğunu bildirmişdir. Komitə sədri Çinlə ikitərəfli əlaqələrin gücləndirilməsi, maliyyə bazarlarına səmərəli nəzarət sisteminin təşkili və bu bazarlara dair effektiv məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulamışdır.  

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sədri Siao Qan arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.  

Bu Memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla, əməkdaşlıq üçün çərçivəni, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.

Səfər çərçivəsində Çinin aparıcı fond birjasının rəhbərliyi ilə görüş keçirilmiş və qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə dair müzakirələr aparılmışdır. 

5