Dünyanın ikinci ən varlı ölkəsi yeddi ayda 9,8 milyon turist qəbul edib | Banco.az

Dünyanın ikinci ən varlı ölkəsi yeddi ayda 9,8 milyon turist qəbul edib

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ikinci ən varlı ölkəsi olan Sinqapur ilin ilk yeddi ayında 9,8 milyon beynəlxalq turist qəbul edib.

Banco.az xəbər verir ki, Sinqapur Turizm Şurasının (STB) məlumatına görə, ölkə iyul ayında 1,63 milyon beynəlxalq ziyarətçi qəbul edib. Bu, 2026-cı ildə indiyədək qeydə alınan ən yüksək aylıq göstərici olsa da, ötən ilin iyul ayı ilə müqayisədə 2,9 faiz azdır.

Çin 1,96 milyon ziyarətçi ilə Sinqapurun ən böyük turizm bazarı olaraq qalır. Çindən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıb.

Sinqapurun ikinci ən böyük turizm bazarı olan İndoneziyadan gələn ziyarətçilərin sayında isə 10,9 faiz azalma qeydə alınıb. Belə ki, bu ölkədən Sinqapura 1,34 milyon turist səfər edib. Hindistandan gələn turistlərin sayında da 5,5 faiz azalma olub və bu bazardan 692 min ziyarətçi gəlib.

Adambaşına düşən ÜDM göstəricisinə görə dünyanın ən zəngin ölkələrindən biri olan Sinqapur üçün turizm axınındakı bu zəifləmə xüsusi əhəmiyyət daşıyır. Buna baxmayaraq, hökumət turizm sektoruna investisiyaları artırmağa hazırlaşır.

“The Straits Times”ın məlumatına görə, Sinqapur 2026-cı ilə qədər 17-18 milyon beynəlxalq turist cəlb etməyi hədəfləyir. Bu məqsədlə ölkə turistlərin yalnız şəhər mərkəzində deyil, digər ərazilərdə də vaxt keçirməsinə və daha çox xərcləməsinə çalışır.

Turistlərin şəhər mərkəzindən kənar əraziləri kəşf etməsini təşviq etmək üçün yeni təşəbbüslər də həyata keçirilir. Avqust-oktyabr aylarında keçirilən kampaniya çərçivəsində Grab-ın Sinqapur Grab Səyahət Kartına qeydiyyatdan keçən turistlər şəhər nəqliyyatında istifadə etmək üçün iki səyahət vauçeri əldə edəcəklər.

Vauçerlərdən biri Katong-Joo Chiat, Tiong Bahru, Mandai və Sentosa kimi turizm bölgələrinə gediş-dönüş səfərlərində 20 faiz endirim təqdim edir. Hər turist bu vauçerdən iki dəfə istifadə edə bilər.

Ölkə rəhbərliyinin  əsas məqsədi yalnız daha çox turist cəlb etmək deyil, həm də onları şəhərin müxtəlif ərazilərinə yönləndirməklə ölkədə daha çox xərcləməyə və daha uzun müddət qalmağa təşviq etməkdir.