Banco.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin birinci rübü ərzində qiymətli kağızlar bazarında əməliyyatların həcmi 22 faiz artaraq 4,9 milyard manat təşkil etmişdir ki, bu da ölkə ÜDM-nin 42,4 faizinə, qeyri-neft ÜDM-nin isə 62,1 faizinə bərabərdir.
Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz, həcmi isə 14 faiz artaraq 645,8 milyon manat təşkil etmişdir.
Maliyyə sektorunda likvidliyin daralması investisiyaların səhm qiymətli kağızlarından daha likvid korporativ qiymətli kağızlara axını nəticəsində səhm bazarında əməliyyatların sayının artmasına baxmayaraq əməliyyatların həcmi 77 faiz azalaraq 53 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi ilə yanaşı ABŞ dolları ilə nominasiya olunmuş borc qiymətli kağızlara tələbin artması korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin etmiş, nəticədə korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz artaraq 593 milyon manat təşkil etmişdir. İnvestorların daha likvid alətlərə marağının artması nəticəsində korporativ istiqrazların təkrar bazar ticarəti 99 faiz artaraq 578,7 milyon manat təşkil etmişdir.
Rüb ərzində dövlət qiymətli kağızlar bazarında əqdlərin sayının artmasına baxmayaraq əməliyyatların həcmi ötən il ilə müqayisədə 98 faiz azalaraq 61 milyon manat təşkil etmişdir. Dövr ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən not yerləşdirilməsi və notlarla repo əməliyyatı baş tutmamış, həmçinin Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyası həyata keçirilməmişdir. Lakin dövlət istiqrazlarının təkrar bazarı hesabat dövrü ərzində 2,7 dəfə artaraq 14,9 milyon manat, dövlət istiqrazları ilə banklararası repo əməliyyatları 8 dəfə artaraq 16 milyon manat, korporativ istiqrazlar ilə repo əməliyyatları isə 2,9 dəfə artaraq 30 milyon manat təşkil etmişdir.
Dövr ərzində Bakı Fond Birjasının törəmə qiymətli kağızlar platformasında ümumi məbləği 69,7 milyon manat olan əmtəə əsaslı və ümumi dəyəri 4,1 milyard manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları həyata keçirilmiş, törəmə qiymətli kağızlar bazarının ümumi həcmi 4,2 milyard manat təşkil etmişdir.