Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. AMB İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi yenidən 6,5%, yuxarı həddi isə 7,5% müəyyən edilib. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib.
İqtisadçı Xalid Kərimli Banco.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın faiz dəhlizinin yuxarı həddini 6,5 faiz səviyyəsində sabit saxlaması, aşağı həddini isə azaltmasının əsas məqsədi banklararası bazarın daha da genişlənməsini təşviq etməkdir:
"Aşağı hədd o deməkdir ki, bankın əlində artıq vəsait qaldıqda, həmin vəsaiti Mərkəzi Bankda müəyyən faizlə yerləşdirmək imkanı olur. Bank əlavə resurs yerləşdirməkdə çətinlik çəkdikdə vəsaiti bu faizlə Mərkəzi Banka yerləşdirərək gəlir əldə edə bilir.
Mərkəzi Bank aşağı həddi azaltmaqla bankları bir-birinə daha çox kredit verməyə təşviq edir. Bununla da banklararası bazarda aktivliyin artırılması hədəflənir. Digər tərəfdən, bu qərar bankların struktur likvidliyi ilə bağlıdır. Mərkəzi Bankın açıqlamasından belə başa düşülür ki, bankların izafi vəsaitləri son dövrlərdə, xüsusilə ilin sonu ilə müqayisədə 2,2 dəfə artaraq 6,3 milyard manata çatıb. Bu isə bankların əlində yerləşdirilməyən vəsaitlərin həcminin kifayət qədər yüksək olduğunu göstərir.
Bu resursların banklararası bazarda daha aktiv hərəkət etməsi və iqtisadiyyata faydasının artırılması üçün Mərkəzi Bank özündə yerləşdirilən vəsaitlər üzrə faiz dərəcəsini aşağı salıb. Lakin burada söhbət əsas faiz dərəcəsinin azaldılmasından getmir. Əsas faiz dərəcəsi 6,5 faiz səviyyəsində sabit saxlanılıb. Bununla Mərkəzi Bank bazarlara siqnal verir ki, inflyasiya ilə bağlı narahatlıqlar hələ tam aradan qalxmayıb və faiz dərəcələrinin daha da aşağı salınması üçün əlverişli şərait formalaşmayıb".

İqtisadçı qərarın bazara təsirinə gəldikdə isə bildirib ki, məqsəd manat likvidliyinin yüksək olduğu şəraitdə banklararası bazarın daha aktiv işləməsini təmin etməkdir: "Banklararası bazarda aktivliyin artması bankların resurslarla təminatını yaxşılaşdıra bilər. Əlində daha çox vəsait olan bank üçün həmin vəsaiti digər banka kredit kimi vermək Mərkəzi Bankda daha aşağı faizlə yerləşdirməkdən daha əlverişli ola bilər. Bununla da banklararası bazarda vəsaitlərin hərəkətinin sürətlənməsi gözlənilir.
Hesab etmirəm ki, bu qərar kredit faizlərində əhəmiyyətli dəyişiklik yaratsın. Çünki inflyasiya ilə bağlı gözləntilər dəyişməyib, eyni zamanda ölkə iqtisadiyyatı ilə bağlı risklər də əvvəlki kimidir.
Bununla belə, qərarın depozit faizlərinə daha sürətli təsir göstərməsi mümkündür. Depozit faizlərinə müəyyən qədər aşağı istiqamətdə təzyiq yarana bilər. Burada yalnız qərar deyil, bankların izafi likvidliyinin əhəmiyyətli dərəcədə artması da rol oynayacaq. Bankların manat resurslarına tələbatının azalması depozit faizlərinin aşağı düşməsinə səbəb ola bilər.
Depozit faizlərindəki azalma sonradan kredit faizlərinə də ötürülə bilər. Lakin bu prosesin qısamüddətli dövrdə ciddi şəkildə hiss olunacağı gözlənilmir. Hazırkı mərhələdə qərarın depozit faizlərinə təzyiqinin daha güclü olması mümkündür".
Bizi sosial şəbəkələrdən izləyin!!
