Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Dünya birjalarında qızılın qiyməti növbəti dəfə rekord vurub. ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini sabit saxlamaq barədə qərarından sonra "Comex" birjasındakı hərracların gedişində ilk dəfə olaraq qızılın bir unsiyasının qiyməti 2500 dolları keçərək əvvəlcə 2501 dollar, daha sonra 2502 dollar olub.
İqtisadçı Xalid Kərimli qızılın qiymətindəki baş verən dəyişmələrə münasibət bildirib. İqtisadçı deyir ki, bir çox beynəlxaq maliyyə şirkətlərinin, investisiya banklarının proqnozlarına görə, qızılın qiyməti üç min dollara qədər yüksələ bilər.
İqtisadçı onu vurğulayıb ki, qızılı qidalandıran, bahalaşdıran əsas məqam dünyada qeyri-müəyyənliyin, risklərin artması, eyni zamanda Rusiya ilə Qərb, Çinlə Qərb və Yaxın Şərqdə gərginlikdir:
“Hazırda vətəndaşlar hansısa valyutaya investisiyadan daha çox yönəlirlər. Qızılın valyutası yoxdur.
Qızıl sonradan valyutaya çevrilə bilərlər. Bu aspektdən yanaşanda qızılın artacağına dair proqnozlar özünü doğrulda bilər.
Heç kim bazarda risklərlə bağlı əminlik yarada bilməz. Ehtimalların və proqnozların nəticəsi tərsinə də ola bilər. Gərginlik aşağı düşəndən sonra qızılın qiyməti də kəskin aşağı düşə bilər. Yəni, Mərkəzi banklar sürətlə faiz dərəcələrini endirməyə bilər. Amma bu, qızılın qiymətinə təsir edəcək.
Ümumiyyətlə, bütün verilən proqnozlar mülahizələrə əsaslanır. İnvestisiya etməyə hazırlaşanlar bilməlidirlər ki, bu istiqamət iki başlıdır. Yəni həm qazanc, həm də itki ola bilər”.
Xalid Kərimli qeyd edib ki, hazırda qızılın qiyməti dollar ifadəsində ən yüksək həddədir.
Ekspert onu da xatırladıb ki, gərginlik artacağı təqdirdə qiymətlərdə də dəyişiklik ola bilər, ona görə də ehtiyyatlı hərəkət etmək lazımdır.