Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin büdcə layihəsində Azərbaycanda 34 milyon 830,3 min ton neft, 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılıb.
Banco.az xəbər verir ki, 2023-cü ildə ölkədə neft hasilatının 35 milyon 752,7 min ton, 2024-cü ildə 35 milyon 672 min ton, 2025-ci ildə 34 milyon 707,6 min ton səviyyəsində olacağı düşünülməkdədir.
İllər üzrə göstəricilərə nəzər salsaq azalmaya doğru gedən kəskin fərqi aydın görə bilərik.
Uzun müddətdir ki, ekspertlər neft hasilatının azalması səbəbləri barədə danışır, problemin yataqlardakı ehtiyatlarının tükənməyə başlaması, quyuların köhnəlməsi və yeni kəşfiyyat işlərinin aparılmadığını vurğulayırlar.
Azərbaycanda əsas neft kütləsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılır.
Statistikaya əsasən, 2022-ci ilin yanvar-sentyabrında AÇG-dən 15 milyon ton neft hasil olunub ki, bu da 2021-ci illə müqayisədə 17 milyon tondan 9,5 faiz azdır. Amma burada nikbin məqam da var.
Hasilat azalsa da, dünyada neft qiymətlərində müşahidə edilən artım səbəbindən ölkəyə gəlir axını çoxalıb.
Dövlət Neft Fondunun məlumatına əsasən, AÇG yatağından hasil olunan neftin satışından 2022-ci ilin yanvar-sentyabr aylarında Fonda 7 milyard 528 milyon dollar gəlir daxil olub.
Müqayisə üçün bildirək ki, bu ötən ilin eyni dövründə iki dəfə az idi. Belə ki, 2021-ci ilə Fonda neftdən 3milyard 966,8 milyon dollar gəlir gəlmişdi. Həmin ildə “Azeri Light”ın dünya bazarında ortaq qiyməti 68,27 dollar olmuşdu.
Mövzunu Banco.az üçün davam etdirən iqtisadçı Elçin Rəşid deyir ki, ölkə iqtisadiyyatının neftdən asılılığı digər sahələrin rəqabət qabiliyyətliliyinə təsir edir:
“Azərbaycan iqtisadiyyatı növbəti illərdə də Neft Fonduna olan transferlərin həcmindən asılı görünür.
Neftdən gələn gəlirlər Neft Fonduna transfer olunur. Amma qarşıdakı illərdə dünyada neftə olan tələbat və Azərbaycanın neft hasilatı imkanları aşağı düşdükcə bu fondun gəlirlərinə də təsir edəcəkdir. 2024-cü ilin büdcəsi də hazırlanarkən müşahidə etdik ki, Fonda gələn gəlirlər oradan iqtisadiyyata yönələn transferlərdən azdır. Ölkə iqtisadiyyatının neftdən olan asılılığını azaltmaq lazımdır. Gələcəkdə o Fonddan daha qənaətlə istifadə etmək mümkün olacaq.
Ümumiyyətlə, ölkə iqtisadiyyatını istər könüllü surətdə, istərsə də çətin yolla neftdən asılığını qurtarmaq lazımdır. Yaxşı olardı ki, bu işlər təhlillər apararaq iqtisadiyyatın böyümə perspektivləri qarşıya qoymaqla düzgün iqtisadi siyasət aparmaqla görülsün. Əksinə bu baş verərsə iqtisadiyyat üçün ağrılı olmaqla bərabər əhalinin sosial rifahına ciddi təsir göstərə bilər”.
Neft hasilatının azalması fonunda Azərbaycanda Dövlət Neft Fondundan büdcə vasitəsilə xərcləmələrin azaldılması nəzərdə tutulur. 2023-cü il və növbəti 3 ilin büdcə proqnozuna əsasən Fonddan büdcəyə daxilolmaların 2023-cü ildə 11 280,0 milyon manata, 2024-cü ildə 11 027,0 milyon manata, 2025-ci ildə 10 978,0 milyon manat, 2026-cı ildə isə 10 766,0 milyon manata kimi azaldılması proqnozlaşdırılıb. Beləliklə də 2023-cü illə müqayisədə 2026-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 4,5 faiz və ya 514 milyon manat azaldılacaq.
İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün hökümət enerji ixracı sahəsində də yeni yollar axtarır.
Bu ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat saat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.Energetika Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib.
Nazirliyin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 179,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da illik müqayisədə 71,2% çoxdur. Belə ki, ötən ilin 9 ayında elektrik enerjisinin idxalı 104,9 mln. kVt-saat təşkil edib.
Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt-saat, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt-saat olub.
2021-ci il ərzində elektrik enerjisinin ixracı 1673,4 mln. kV/st olmaqla, 2020-ciillə (1150,7 mln. kVt/st) müqayisədə 522,7 mln. kVt/st, idxalı isə 151,6 mln. kVt/st olmaqla, 2020-ci illə (136,5 mln. kVt/st) müqayisədə 15,1 mln. kVt/st artıb. İxrac olunan 1673,3 mln. kVt/st elektrik enerjisinin 257,5 mln. kVt/st İranın, 720,6 mln. kVt/st Türkiyənin, 95,2 mln. kVt/st Rusiyanın, 600,1 mln. kVt/st Gürcüstanın
payına düşür. İdxal olunan 151,6 mln. kVt/st elektrik enerjisinin 31,9 mln. kVt/st İranın,
95,1 mln. kVt/st Rusiyanın, 24,6 mln. kVt/st Gürcüstanın payına düşüb.