Pulları evdə saxlamaq ya banka qoymaq daha sərfəlidir? | Banco.az

Pulları evdə saxlamaq ya banka qoymaq daha sərfəlidir?

Bank əmanətləri sizə öz yığımlarınızı inflyasiyadan qorumağa kömək edir. Bundan əlavə, pullar etibarlı bir məkanda yerləşir. Siz istənilən zaman onları rahat götürə bilərsiniz, həm də onlar daha təhlükəsiz yerdədir, oğrulardan uzaqdır. Oyuncaq pulqabılar daha rahat ola bilər, amma ondakı pullar qiymətdən düşür.

Siz sərbəst qalan pullarınızı ehmalca yastığın altına yığa bilərsiniz. Amma sizin onları bankda yerləşdirmək imkanınız da var. Evdə və bankdakı yığımlarımızı müqayisə edək. Belə təsəvvür edək ki, sizin 10 min manat pulunuz var. Əgər onları evdə saxlasanız, bir il sonra onların məbləği artmayacaq. Banka pul yerləşdirən zaman isə siz təxminən 7-13% gəlir, yəni 700-1300 manat gəlir əldə edə bilərsiniz.

Pulu ev şəraitində saxlamağın mənfi cəhətləri

1. İşləməyən, dövriyyədə olmayan pullar inflyasiyaya məruz qalır. Bu isə o deməkdir ki, qiymətdən düşür. Ölkəmizdə də isə inflyasiyanın hansı səviyyədə olması yəqin ki, sizə məlumdur.
2. Evdəki daxıl (pulları yığdığınız suvenir qab) öz sahibinə faiz və gəlir qazandırmır. 

3. Döşək altında saxlanılan pullar cinayətkarların və digər mənfi niyyətli şəxslərin əməllərindən qorunmur (onları kim istəsə oğurlaya bilər). Həmçinin yanğın, subasma, adi diqqətsizlik və s. hallar da istisna  deyil.

4. Nağd pulların evdə saxlanılması zamanı siz hər hansı bir ani şıltaqlıqların yerinə yetirilməsi, ani istəklərin məmnun edilməsi kimi tamah hislərinə qalib gələ bilmirsiniz. Yəni, əvvəl pulu xərcləyib, sonra peşman olursunuz.

Əmanətlər niyə daha sərfəlidir?

1. Sizin pullarınız hər ay, hər rüb və ya il ərzində faiz şəklində gəlir gətirir və o pullar sizin hesabınıza əlavə olunur.

2. Əldə edilən faizləri depozitin əsas məbləği üzərinə əlavə etmək olar. Bu zaman gəlirləriniz daha çox olacaq (bank terminlərində buna kapitallaşma deyilir).

Ən sərfəli kredit üçün müraciət et

3. Banklarda qarət ehtimalları olduqca azdır. Amma hətta belə bir hal baş verərsə, siz yenə də öz əmanətinizi itirməyəcəksiniz. Belə ki, depozit müqaviləsi imzalanan zaman bank sizin pulları qaytarmaq ilə bağlı öz üzərinə öhdəlik götürür və onların təhlükəsizliyinin təmin edilməsi onun borcudur, əsas vəzifəsidir.

 4. Əgər bank iflas olarsa, dövlət sizin əmanətinizin təhlükəsizliyinin təminatçısıdır. Əmanətlərin sığortalanması sistemi məhz bundan ötrü nəzərdə tutulub. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 min AZN-ə qədər yerləşdirilmiş və faiz dərəcəsi 10%-ə qədər olan əmanətlər sığortalanır. Belə olduğu halda, axı siz niyə 10%-lik gəlirdən imtina edib pulunuzu evdə saxlayırsınız?

5. Əgər hər hansı bir təcili hal yaranarsa, siz əmanətinizi bankdan götürə bilərsiniz və bu zaman faizlərin bir qismini itirəcəksiniz. Amma elə əmanət növləri də var ki, əmanətin bir hissəsini itki olmadan götürmək mümkündür.

6. Əgər sizə kredit rəsmiləşdirmək tələb olunursa, siz əmanətiniz olan bankda daha rahat kredit şərtlərinə arxayın ola bilərsiniz. Həmçinin depozit təminatlı kredit götürmək də mümkündür.

Bütün sadalanan nüanslardan sonra rahatlıqla belə bir nəticəyə gəlmək olar ki, evdə, hər hansı bir suvenirdə və ya seyfdə saxlanılan pul sizi məcbur edir ki, siz puldan ötrü çalışasınız. Banka yerləşdirilmiş pullar isə özü sizə işləyir. Sizin üçün işləyir və sizə gəlir gətirir. Bu gəlir inflyasiyanı xeyli qabaqlayır. Sizə yaxşı depoziti tapmaqda belə yardımçı ola bilərik.

Özünə uyğun depozit seç

Könül Soltanova/Banco.az