POS-terminal quraşdırılmadığı halda maliyyə sanksiyaları | Banco.az

POS-terminal quraşdırılmadığı halda maliyyə sanksiyaları

Vergi orqanı tərəfindən keçirilən operativ nəzarəti tədbiri zamanı marketdə həm POS-terminalın quraşdırılmaması, həm də nağd alınmış mala görə nəzarət-kassa aparatının çekinin verilmədiyi aşkar olunub. Belə olan halda, vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal: Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətəndaş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəmək istəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbulundan imtina edir və əvəzində malların dəyərinin nağd qaydada ödənilməsini tələb edir. Vətəndaş həmin malların dəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həmin məbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıya kassa çeki vermir.

Qeyd: Fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozuntu halına təqvim ili ərzində ikinci dəfə yol verilib.

Yuxarıda qeyd olunan halda, fərdi sahibkara POS-terminalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000 manat və alıcıya nəzarət-kassa aparatının çekinin verilməməsinə görə 3.000 manat olmaqla 6.000 manat deyil, hər iki pozuntu halına cəmi 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergiler.az