Peşəkar olmaq üçün nə etməli? | Banco.az

Peşəkar olmaq üçün nə etməli?

İş dünyasında işlədiyiniz sektordakı fərqi ortaya qoymağın əsas yolu peşəkarlıqdır. Bəs peşəkar olmaq üçün nə etmək lazımdır? Hər şeydən əvvəl, bu anlayışın hansı mənaya gəldiyini öyrənək.

Jurnalistika terminləri lüğətində peşəkarlıq anlayışına aşağıdakı kimi tərif verilir:

Peşəkarlıq – insanın topladığı bilik və təcrübə sayəsində öz işini mütəmadi ola­raq səmərəli və etibarlı şəkildə yerinə yetirmək bacarığıdır.

Ümumiyyətlə, gördüyünüz işin hansı istiqamətdə olmasından asılı olmayaraq, standardlardan kənara çıxmaq lazımdır. Belə ki, iş həyatında fərqliliklərini göstərə bilən və işlərini sistemli bir şəkildə idarə edə bilən insanlar mütləq şəkildə müvəffəqiyyət əldə edirlər. Peşəkar bir insan, həyatını monoton qəbul etməyən, məlumat yönümlü və inkişafa açıq bir insandır.  Gəlin “peşəkar” olmağın əsas şərtləri ilə tanış olaq:

Komfort zonanızı tərk edin

Komfort zona dedikdə, şəxsin özünü etibarda və rahat hiss etdiyi şəxsi sahəsi nəzərdə tutulur. Bu, əslində insanın özünü zehni olaraq məhdudlaşdırmasıdır. Ona görə  ki, komfort zonada nizamlanmış, qəlibləşmiş, daha dəqiq desək, öyrəşilmiş – rahat situasiyalar hökm sürür. Fərd komfort zonada qaldığı müddətcə hər bir yeniliyə risk kimi yanaşır, rahatlığının pozulmasına tərəddüd edir. Lakin peşəkar olmağın ilkin şərti komfort zonadan uzaqlaşmaq – yeniliklərə açıq olmaqdır. Əslində iş dünyasında müvəffəqiyyət qazanan və işində peşəkar olan insanlar öz iradələri ilə apardıqları mübarizədə qalib gələn insanlardır. İş həyatında müəyyən limitlər – sərhədlər çərçivəsində fəaliyyət göstərən, risk almayan insanlar, yeniliyə və inkişafa qarşı qapalı olduqca peşəkarlıqdan uzaqlaşırlar. Peşəkar olmaq yolunda ilkin addım rahatlığı bir kənara qoyub, yeniliklərə doğru addım atmaqdır.

Vaxtınızı düzgün idarə edin

Vaxtın idarə edilməsi iş həyatında olduqca vacibdir. Əslində burada vacib olan, sizin konkret tapşırığın həllinə təxmini nə qədər vaxt sərf edəcəyinizi əvvəlcədən düşünməyinizdir. Gün ərzində görməli olduğunuz işləri müəyyən saatlar üzrə planlamağınız məqsədəuyğun hesab olunur. Günə erkən başlayan, işlərini planlayan və daha sistemli şəkildə fəaliyyət göstərən insanlar, işlərində müəyyən irəliləyişə nail ola bilirlər. Qeyd etmək lazımdır ki, vaxtın idarə edilməsi iş intizamını bərabərində gətirir. Bunun nəticəsidir ki, işlərini müəyyən nizam-intizama əsasən yerinə yetirən insanlar sosial həyatlarına da kifayət qədər vaxt ayıra bilirlər. Nəzərdə saxlamaq lazımdır ki, həyatımız təkcə işimizdən ibarət deyil. Pulla vaxt ala bilməzsiniz, lakin vaxtdan səmərəli istifadə edərək gələcəyinizə investisiya edə bilərsiniz.

Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin

Məlum olduğu kimi, ünsiyyət sosial tələbatdır. Ünsiyyətin elmdə qəbul olunmuş yeganə tərifi yoxdur. Sosial psixologiyada ünsiyyətə belə tərif verilir: “İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.” Peşəkar olmaq üçün də ünsiyyət mühüm əhəmiyyət kəsb edir. Uğurlu ünsiyyət nəticəsində əldə etdikləriniz, sizi daim bir addım daha irəliyə aparacaqdır. Doğru zaman və mühit olduğunda insan özünü daha yaxşı ifadə edir və verilən sualları daha aydın, səlis cavablaya bilir. Uğurlu ünsiyyət üçün aşağıdakılara xüsusi diqqət yetirmək lazımdır:

  • Üslubun aydınlığı və asan başa düşülən anlayışlardan istifadə;
  • Bədən dilinə diqqət;
  • Göz təması;
  • Səs tonunun tənzimlənməsi;
  • Effektiv dinləmənin təmin edilməsi;
  • Sualların dəqiqliklə cavablandırılması;
  • Əmr bildirən, kəskin ifadələrin istifadəsinə yol verilməməsi.

Xüsusilə qeyd etmək lazımdır ki, empatiya uğurlu ünsiyyətin açarıdır. Lakin, eyni metod hər kəs üçün eyni dərəcədə təsirli olmaya bilər.

Ən sərfəli kredit üçün müraciət et

Daim özünüzü inkişaf etdirin

Şəxsi inkişafa xüsusi diqqət yetirən, yenilikləri yaxından izləyən, mütaliələr edən, biliklərini aktuallaşdırmaq üçün seminarlarda, təlimlərdə iştirak edən və sosial mediadan səmərəli şəkildə istifadə edən insanlar işlərində peşəkar olurlar. Daim dəyişməkdə olan dünyada dəyişikliklərlə ayaqlaşmaq peşəkarlıq yolunda atılmış addımlara misal ola bilər.

Emosiya və hisslərinizi nəzarət altında saxlayın

Peşəkar bir iş adamı, tənqidə qarşı açıq olmalıdır. Tənqid olunan zaman öz soyuqqanlılığını qoruyub saxlamaqla hərəkət etməlidir. Hər hansı bir işlə əlaqəli problemi fərdiləşdirmədən həll edən insanlar, işlərində daha uğurlu olur və məhsuldarlıqda ləngimə baş vermədən işlərinə davam edirlər. Yaranmış vəziyyətə obyektiv bir perspektivdən yanaşmaq həmişə daha yaxşı nəticələr verəcəkdir. Kritik anlarda problem həlletmə və böhran idarəetmə bacarıqları peşəkarlıq üçün müəyyənedici amillərdir.

Qətiyyətli olun

Peşəkar olmaq üçün gördüyünüz işdə qarşınıza konkret məqsədlər qoymaq və onlara çatmaq üçün qətiyyətli olmaq lazımdır. Qətiyyətli insan nə istədiyini bilir və məqsədinə çatmaq üçün bütün imkanlardan istifadə edir.

İnamlı olun

İş həyatı insana bir çox məsuliyyət gətirir. İnamlı olmaq, vəzifələri yerinə yetirmək üçün vacib bir qabiliyyətdir.

Strateji düşünün

İşinizi daha yaxşı təhlil etmək üçün strateji düşünməyiniz vacibdir. Peşəkar iş adamı günü tamamlamaq adına, sadəcə vaxta qənaət etmək üçün iş görmür, həmişə gələcəyini düşünərək işini məqsədyönlü şəkildə planlaşdırır.

Son olaraq qeyd etmək lazımdır ki, yaxşı bir universiteti bitirmək və ya yaxşı bir sektorda işləmək peşəkar bir iş adamı olmaq demək deyil. Bu amillər yalnız peşəkarlığa zəmin hazırlayan vasitələrdir. Əhəmiyyətli olan, özünüdərkinlə hərəkət etmək və bu yolda məqsədyönlü tədbirlər görməkdir.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram