“Ölkələrə girişdə 14 günlük karantin müddəti tətbiq edilməməlidir” | Banco.az

“Ölkələrə girişdə 14 günlük karantin müddəti tətbiq edilməməlidir”

Tamara Mustafayeva, Banco.az

Pandemiyanın ən çox təsir göstərdiyi sektorlardan biri də heç şübhəsiz ki, havaçılıq sənayesidir. Odur ki, IATA CEO-su məsələ ilə bağlı ciddi açıqlamalar edib.

Interview: Alexandre de Juniac, Director General and CEO, IATA ...

Dünya miqyasında 4.5 milyon insanın yoluxduğu koronavirus pandemiyası bəzi sektorlara digərlərindən daha çox təsir göstərib. Turizmlə yanaşı havaçılıq sənayesi də pandemiyadan ən çox zərər çəkən sektorların başında yer gəlir.

Belə ki, tanınmış sahibkar Uarren Buffett sözügedən sənayenin yaxın zamanda əvvəlki vəziyyətinə qayıtmayacağını düşünərək havaçılıq sənayesi ilə bağlı səhmlərinin hamısını satdığını açıqlayıb. Pandemiya səbəbilə hava nəqliyyatının 2023-cü ilə qədər əvvəlki səviyyəyə geri dönə bilməyəcəyini proqnozlaşdıran IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) da müntəzəm olaraq hökumətləri bu sektoru daha çox dəstəkləməyə çağırır.

Banco.az xəbər verir ki, dünən CNBC kanalına müsahibə verən şirkətin CEO-su Alexandre de Juniac da sözügedən dəstək çağırışlarına istinad edərək ölkə hökumətlərindən sektoru yenidən canlandırmaq üçün mərhələli tədbirlər görülməsini istədiklərini söyləyib.

“İlin ikinci rübünün sonunadək daxili bazarı yenidən açmağı və artırmağı, üçüncü rübə qədər isə Avropa, Şimali Amerika və ya Asiya-Sakit Okean kimi regional yaxud qitə bazarlarının açılmasını, nəhayət payız aylarında qitələrarası bazarların açılmasını planlaşdırırıq. Yay ayları ərzində Avropada daxili uçuşların sərfəli qiymət təklifi və yüksək təhlükəsizlik tədbirləri sayəsində yenidən canlanacağını ümid edirik.”

Bununla yanaşı pandemiyanın elan olunmasından bəri Avropa və Amerikada hava nəqliyyatına olan tələbin 90% azaldığı qeyd edilib. Eyni zamanda karantin müddətinin və səyahət məhdudiyyətlərinin uzadılması halında sektorun yenidən əvvəlki vəziyyətinə qayıtmasının çox uzun vaxt tələb edəcəyini də vurğulayıb.

CEO həmçinin bildirib ki, səyahətlər yenidən bərpa olunduğu zaman ölkəyə daxil olarkən tətbiq edilməsi nəzərdə tutulan 14 günlük məcburi karantin müddətinin sektora çox böyük mənfi təsirləri olacaq.

Ən sərfəli kredit üçün müraciət et

IATA CEO-su hökumətlərin nəzərdə tutduğu 14 günlük karantin müddətini dəstəkləmədiklərini bildirərək, “Hökumətlərlə müzakirə etdiyimiz sağlamlıq və sanitar təhlükəsizlik qaydalarının tətbiq edilməsi şərtilə, sözügedən karantin müddətinə ehtiyac olmadığını düşünürük. Bu, Avropanın əksər ölkələrində iqtisadiyyatın əsaslarından olan turizm sektoru üçün olduqca riskli addım olar”, deyə əlavə edib.

Xatırladaq ki, Avstraliya, Yeni Zelandiya, Çin, İspaniya və İngiltərə də daxil olmaqla bir çox ölkə beynəlxalq miqyasda səyahət edənlərin ölkələrə daxil olarkən iki həftə karantində qalmasını tələb edir. Hətta Hon-konq hökuməti ölkəyə daxil olanların karantin yerindən ayrılmamalarını təmin etmək üçün onlara nəzarət qolbaqları paylayır.

Belə qaydalar insanları səyahət etmə fikrindən yayındıracağı üçün CEO havayolları və hava limanlarının ciddi sağlamlıq və sanitar nəzarət qaydalarına əməl etdiyi təqdirdə karantin müddətinin zəruri olmadığına dair fikrində təkid edir.

Həmçinin oxu: Bu aviaşirkət uçuşdan əvvəl koronavirus testi edən ilk şirkət oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et