"Netflix": "Warner Bros ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək" | Banco.az

"Netflix": "Warner Bros ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək"

Müəllif:Mehin Qasımova,Banco.az

"Warner Bros" ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək".

Banco.az xəbər verir ki, bu sözləri Netflix-in həmsədri Ted Sarandos deyib.

O deyib ki, şirkətin Warner Bros Discovery-ni satın alması kinoteatrlarda daha çox filmin nümayişinə səbəb ola bilər.

İki şirkətin birləşməsi film sənayesi üçün müsbət nəticələr verə bilər. "Netflix" ötən ilin dekabr ayında Warner Bros-un film studiyalarını və rəqəmsal yayım əməliyyatlarını 72 milyard dollara almaq üçün razılaşma imzalayıb. 

"Warner Bros" “Harry Potter” və “Lord of the Rings” kimi məşhur film franşizalarına sahibdir. "Netflix" indiyə qədər filmlərini əsasən məhdud sayda kinoteatrlarda və qısa müddətə nümayiş etdirirdi. Halbuki Sarandos ötən ilin aprelində kinoteatr modelini köhnəlmiş konsepsiya adlandırmışdı.

Şirkətin Warner Bros-u alması ehtimalı Hollivudda narahatlıq yaradıb. Kino şəbəkələri və həmkarlar ittifaqları birləşmənin kinoteatrlarda göstərilən filmlərin sayını azalda biləcəyini bildiriblər.

ABŞ Ədliyyə Nazirliyi də satışın sənayeyə təsirini qiymətləndirmək üçün araşdırmalara başlayıb. "Netflix" isə "Warner Bros" filmlərini ən azı 45 gün yalnız kinoteatrlarda nümayiş etdirməyi planlaşdırdığını açıqlayıb.