Neft hasilatı azalır: Mənfi təsirini necə kompensasiya edək? | Banco.az

Neft hasilatı azalır: Mənfi təsirini necə kompensasiya edək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub.Energetika Nazirliyindən verilən məlumata görə, hasilatın 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.

 “OPEC plus” əməkdaşlığı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. Bu o deməkdir ki,  Azərbaycan noyabr ayında “OPEC+” çərçivəsində kvotasından 192 min barel geridə qalıb. Onu da əlavə etmək lazımdır ki, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Bu, öncəki artım tempi üzrə proqnoz göstəricisindən təxminən 13 min barel azdır.

Vəziyyət barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, hasilatın azaltmasına səbəb mövcud yataqlarda məhsuldarlığın azalması və yeni yataqların kəşf olunmamasıdır:

“Azərbaycanda 2010-2011 ci  illərdə neft hasilatı pik həddə çatdı, ondan sonra azalmağa başlayıb. Cari  ilin 10 ayı ərzində Azərbaycanda  22 milyon 268  min ton neft ixrac edilsə də 2022-ci ildə bu rəqəm 22milyon 682 ton olub. Yəni 414 min ton az neft ixrac edilib. Azalma təbii sürətdə baş verir. Bu da başa düşüləndir.  Proqnozlara əsasən, 2050-ci  ilə qədər daha az neft yığılacaq. Əgər yeni yataqlar kəşf olunmasa, neft gəlirləri həddən artıq azalacaq”.

İqtisadçı bildirir ki, qaz hasilatının artması nisbətən neft hasilatından gələn gəlirlərin azalmasını kompensasiya edə bilir:

Əvvəllər qaz ixracından gəlirimiz çox aşağı idi. Statistikaya əsasən, 2022-ci  ildə 10 ayında 14,6 milyard dollar qazdan gəlirimiz olub. Cari ilin  10 ayında isə 12,3 milyard dollar mənfəət əldə etmişik. Bildirim ki, azalan neft gəlirlərini  qaz hasilatında artımlar kompensasiya edir. Onu da qeyd edim ki, hökümətin növbəti addım kimi elektrik enerjisinin ixracını daha da artırmaq  barədə planları var”.

Ən sərfəli kredit üçün müraciət et

Bəs neft hasilatının azalması ölkənin valyuta ehtiyatlarının artım dinamikasına necə təsir edir?

“Cari ildə 2022-ci ilə nəzərən qaz ixracımız 23 milyard kubmetr olsa da, ötən il bu rəqəm 18.4 milyard  kubmetr  idi. 2022-ci ildə 18.4 milyard kubmetr qarşısında 14.65 milyard  dollar qazanılmışdısa bu il  22, 9  milyardın qabağında 12,3 milyard dollar pul qazanmışıq. Yəni ixracımız kəskin artıb, amma gələn pulun həcmi azalıb. Qiymətlər aşağı düşdükcə bunun təsirləri də əhəmiyyətli dərəcədə olub. Amma tədiyyə balansı profisitdidir. Düzdür, ixracdan daha çox gəlir gələ bilərdi, amma az gəlib. Vəziyyət təhlükəli sayılacaq həddə deyil. Hazırda bu məsələlər hökumətin diqqətindədir. Hesab edirəm ki, hökümət  Neft Fondundan  ehtiyatlı şəkildə xərcləməlidir ki, gələcək nəsillərə çatsın, maliyyə stabilliyi üçün  əsas olsun.  Bununla yanaşı hökümət qeyri-neft ixracını artırmaq yolları haqqında daha çox fikirləşməlidir. 2010-cü ildən bu prioritet seçilsə də bu sahədə artım dinamikası çox aşağıdır”.

Ekspertlərin qənaətinə görə, neft hasilatının azalma tempi 2024-cü ildə bir qədər səngisə də, daha sonra azalma davam edəcək.

Bu barədə enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, azalmaya daha bir səbəb nefti kommersiya baxımından hasil etməyin istehsalçılar və   şirkətlər üçün qeyri-rentabellii sayılmasıdır:

“Faktiki olaraq bir şeyin istehsalı, onun istehsalçısı üçün istehsal xərcləri satış qiymətlərindən aşağı olan səviyyəyə qədər davam edəcək. Müddətini indidən demək çətin olsa da, proses 2045-2060-ci illərdə reallaşa bilər.  Azərbaycanda neft aşağı düşsə də qaz hasilatı artır. Biz onun ixracının artmasında maraqlıyıq. Hökümətin proqnozları da bu istiqamətdədir. Təqribən 10 milyard dollar ətrafında  mənfəət proqnozu var. Məsələ odur ki, neft-qazdan gələn gəlirlər hesabına biz 2010-cu ildə sıçrayış edib müxtəlif layihələrə eninə-boyuna xərcləyə bilirdiksə, 2030-da bu bizə yetərli olmayacaq. Nəticə etibarilə qeyri-neftdən gələn gəlirlərimizi artırmalıyıq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib  ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 223,89 milyon ABŞ dolları olub. Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixracın 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.