Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub.
Report-un əldə etdiyi məlumata görə, Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini artırıb və dollar bahalaşıb:
“Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib”.
Nazir müavini qeyd edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 milyard 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb.
ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29% təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3%-ə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7% bəndi çoxdur.
Qeyd edək ki, ötən ilki büdcənin gəlirləri 16 mlrd. 822 mln. manat proqnoza qarşı 17 mlrd. 505,7 mln. manat və ya 104,1% icra edilib.
Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29%-ə bərabər olub.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7 mlrd. 715 mln. manat çox olub.
2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 mlrd. 495 mln. manat proqnoza qarşı 17 mlrd. 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 milyon manat və ya 0,2% azdır.
ÜDM-ə nisbəti ilə götürdükdə, büdcə xərcləri ÜDM-in 29,4%-nə bərabər olub.
Hesabat ilində dövlət büdcəsinin kəsiri 245 mln. 604 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31 mln. 232 min manat, xarici qrantlar 12 mln. 326 min manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186 mln. 819 min manat olub.
Trend-in məlumatına görə “Azərbaycan hökuməti yaxın zamanlarda ölkə iqtisadiyyatının inkişaf tempi ilə bağlı müsbət dəyişikliklər gözləyir”.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Onun sözlərinə görə, dəyişikliklər ölkədə həyata keçirilən islahatların, eləcə də qonşu ölkələrdə vəziyyətin yaxşılaşması fonunda proqnozlaşdırılır.