Nağdsız cəmiyyətə doğru sürətli keçid və yeni maliyyə riskləri – ekspert açıqladı | Banco.az

Nağdsız cəmiyyətə doğru sürətli keçid və yeni maliyyə riskləri – ekspert açıqladı

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Dünyanın bir çox ölkəsində nağd puldan istifadə azalır, gündəlik ödənişlər getdikcə daha çox bank kartları, mobil tətbiqlər və rəqəmsal ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Bu dəyişiklik təkcə ödəniş vərdişlərini deyil, həm də iqtisadi münasibətləri, biznes fəaliyyətini və insanların maliyyə davranışlarını dəyişir. Nağdsız ödənişlər əməliyyatların sürətlənməsinə, maliyyə əməliyyatlarının izlənməsinə və kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına imkan yaratsa da, rəqəmsal imkanları məhdud olan insanların maliyyə xidmətlərinə çıxışı, şəxsi məlumatların təhlükəsizliyi və texniki nasazlıqlardan asılılıq kimi məsələləri də gündəmə gətirir. Dünyada nağdsız cəmiyyətə keçid iqtisadiyyat üçün hansı əsas dəyişiklikləri yaradır?

Nağd puldan tam imtina etmək realdırmı, yoxsa ən inkişaf etmiş rəqəmsal iqtisadiyyatlarda belə nağd pulun saxlanılması vacibdir?

İqtisadşı Fuad İbrahimov Banco.az-a bildirir ki, bu gün bütün dünyada iqtisadiyyatlar nağdsız ödəniş sistemlərinə, ümumiyyətlə, nağdsız ödəniş mühitinə fokuslanıb.

“Bu, iqtisadiyyatın sağlamlığı, şəffaflığı və vergi ödəyiciləri sistemi baxımından ən vacib məqamlardan biridir. Bu gün kölgə iqtisadiyyatı ilə mübarizədə nağdsız ödəniş metodu ən təsirli addımıdır.

Azərbaycanda da bu təşviq olunur və insanlar mərhələli şəkildə buna keçirlər. İlk növbədə, qeyd edək ki, hər bir vətəndaşın özünün də bunda marağı olmalıdır, çünki bu, onun üçün əlverişlidir. Əslində, məsələni dərindən təhlil etsələr, bunun faydasını görərlər. Məsələn, hər hansı bir alış-veriş zamanı malın qiyməti 1 manat 99 qəpik göstərilirsə, marketdə və ya ticarət dövriyyəsində nəsə alarkən sizə mütləq şəkildə həmin 5 qəpik, 3 qəpik və ya 1 qəpik qaytarılmır. Əvəzində, ola bilər ki, sizə başqa bir məhsul versinlər, amma hazırda həmin dəyərdə elə bir məhsul da yoxdur. Əvvəllər kibritlər vardı, amma onların da qiyməti artıq əvvəlki kimi deyil.

Bu baxımdan, vətəndaş ilin sonunda öz cüzdanının statistikasını aparsa, görər ki, nağdsız ödənişlər zamanı müəyyən qədər pul özündə qalmış olur”.

O deyir ki, nağdsız ödənişlərin kifayət qədər müsbət tərəfləri var: “İlk növbədə, təhlükəsizlik və çeviklik baxımından nağdsız ödənişlər daha üstündür. Ancaq müasir dövrdə bunun təhlükəli məqamları da var: bunlar kibercinayətkarlıq və dələduzluqdur. Bu gün dünyada belə hallar baş alıb gedir. Bununla mübarizədə dövlət orqanları da iştirak edir. Azərbaycanda, məsələn, Daxili İşlər Nazirliyi tərəfindən çox təsirli addımlar atılır.

Amma burada vətəndaşın da məsuliyyəti var. Hətta əsas məsuliyyətlərdən biri məhz vətəndaşın üzərinə düşür. Elə faktlar var ki, vətəndaşın sadəlövhlüyü nəticəsində onun pul kisəsindən, kartından pul çəkilir.

Bəzən belə hallarda ziyalı insanlarda aldanır. Bu zaman düşünün ki, ali təhsilli bir insan belə yanaşırsa, digər vətəndaşlarımıza bunu necə izah edək? Belə məsələlərdə diqqətli olmaq lazımdır.

Bu prosesdə maarifləndirmə və məlumatlandırma istiqamətində, əlbəttə ki, böyük işlər görülməlidir. Kibertəhlükəsizliklə bağlı kifayət qədər maarifləndirici reklamlar olmalıdır ki, vətəndaşlar məlumatlı olsunlar və qaydalara riayət etsinlər. Belə məsələlərdə sadəlövhlük yolverilməzdir. Bu cür hallar məhz sadəlövhlük nəticəsində baş verir”.

İqtisadçı bildirir ki, nağdsız cəmiyyətə keçidin mümkün olub-olmamasına gəldikdə isə biz bu istiqamətdə sürətlə irəliləyirik: “Zaman gələcək ki, yalnız elektron QR-kodlar və barkodlar vasitəsilə cüzdanımızda nə qədər vəsait olduğu müəyyənləşdiriləcək və biz həmin vəsaitlə ödənişlər edə biləcəyik.

Bu məsələdə, məsələn, Çin çox sürətlə inkişaf edir. Sonuncu səfərim zamanı da bunun şahidi oldum. On il, on beş il əvvəlki vəziyyətlə müqayisədə yerlə göy qədər fərq var. Hətta bilirsiniz, indi bu bir qədər kobud səslənə bilər, küçədə pul istəyən insanların, kobud desək, dilənçilərin belə sinəsində QR-kod olur ki, insanlar onlara yardım edə bilsinlər. İmkanı olan hər kəs həmin QR-kod vasitəsilə istədiyi məbləğdə yardım göstərə bilir. Çində nağdsız ödənişlərə və nağdsız dövriyyə mühitinə doğru çox sürətli bir hərəkət var.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, banklar və ümumilikdə maliyyə sistemimiz bu istiqamətdə durmadan çalışmalıdır. İstənilən kibertəxribat onilliklər ərzində görülən təbliğat işlərini alt-üst edə bilər.

Yəqin ki, yaxın vaxtlarda maliyyə sistemlərində, M1 sistemində və digər bu kimi sistemlərdə yaranan problemləri xatırlayırsınız. Texniki nasazlıq nəticəsində vətəndaşlar kartlarındakı pulun azaldığını və ya sıfırlandığını görmüşdülər. Düzdür, bu, texniki problem idi və aradan qaldırıldı. Belə hallarda vətəndaşlara operativ şəkildə SMS-lər göndərilməli, narahat olmamaları və problemin qısa müddətdə aradan qaldırılacağı bildirilməlidir.

Çünki bu, çox həssas məsələdir. Vətəndaşların əksəriyyətinin bu sahədə geniş biliyi olmadığı üçün onlar belə riskləri dərhal ciddi qəbul edə və yenidən nağd ödəniş mühitinə qayıda bilərlər”.

Onun sözlərinə görə kartdan-karta köçürmələrin məhdudlaşdırılması, müəyyən dövrlərdə limitlərin tətbiq olunması ilə bağlı məsələlər də gündəmə gəlir: “Müəyyən limitlər müəyyənləşdirilir, 20 min manatı keçdikdə kartın dayandırılacağı ilə bağlı məsələlər ortaya çıxır. Belə məsələlər maarifləndirmə yolu ilə izah edilməlidir. Vətəndaş bilməlidir ki, vergisini düzgün şəkildə ödəməlidir.

Cəza metodları ilə nağdsız dünyaya, nağdsız ödəniş mühitinə keçmək çətin olacaq. Çünki bu, çox həssas sahədir. Vətəndaşlar kifayət qədər maariflənmədiyi halda belə riskli addımlar atmaq olmaz. Çünki aidiyyəti şəxslər və mütəxəssislər illər ərzində apardıqları maarifləndirmə işləri ilə bu mühiti indiki vəziyyətə gətirib çıxarıblar. Bu mühiti qorumaq lazımdır”.

"Nağdsız ödənişlər iqtisadiyyatın sağlamlığı, vətəndaşın öz təhlükəsizliyi və sonda onun cüzdanında qənaət deməkdir. Bu istiqamətdə irəliləyirik və Azərbaycanın da müasir dövrün tələblərinə uyğun kifayət qədər texniki təminatı və təchizatı var. Təhlükəsizlik baxımından da kifayət qədər işlər görülür. Düşünürəm ki, Azərbaycanın bu sistemə keçidi digər dövlətlərdən geri qalmır. Biz müasir dövrün tələblərinə uyğun texniki təminatla bu istiqamətdə sürətlə irəliləyirik.

Sonda bir daha qeyd edim ki, dünya sürətlə bu istiqamətdə gedir. Müəyyən bir dövrdən sonra nominal pul vahidlərinin dövriyyədən çıxmasının şahidi olacağıq” – deyə F.İbrahimov əlavə edib.