Mühasiblər haqqında 6 mif | Banco.az

Mühasiblər haqqında 6 mif

Mühasib sənətinə bütün dövrlərdə xalqların ehtiyacı olub. Hesabatlar və rəqəmlər üzrə mütəxəssis olmadan hətta ən kiçik firma belə keçinə bilməz. Mühasib gəlirlərin və xərclərin uçotunu aparır, maliyyə axınlarını nizamlayır. Əgər şirkətdə yaxşı mühasib varsa, rəhbərlik və işçilər sakitcə işləyə, yaşaya və yata bilərlər, çünki müəssisədə maliyyə problemi olmayacaq, üstəlik vergi müfəttişləri may böcəyi görmüş ördək kimi üç gündən bir damınıza qonmayacaq. 

Mühasiblik əli-ayağı təmiz, ofis işi olsa da, kənardan göründüyü kimi asan da deyil. Müvafiq diplomu olanların heç də hamısı, mühasib piroqundan dadandan sonra, onun şirin olduğu nəticəsinə gəlib bu sahədə işləməyiblər. Həqiqi mühasib olmaq üçün xüsusi istedad, polad xarakter lazımdır.

Bütün sənət sahibləri barədə olduğu kimi «hesab-kitab» aparanlar haqda da cəmiyyətdə düzgün olmayan miflər dolaşır. Onlara nəzər salaq.

I MİF. Hesablama ilə məşğul olan digər peşə sahibləri kimi mühasiblər də riyaziyyatı dərindən mənimsəməlidirlər. Qalan bütün keyfiyyətlər zaman keçdikcə təcrübə ilə yerinə oturacaq.

ƏSLİNDƏ, bu, yanlış yanaşmadır. Mühasib ilk növbədə, səbrli, oturmağı bacaran, dəqiq, dürüst olmalıdır. «Yüz ölç, bir biç» məsəlini atalar məhz mühasib barədə söyləyiblər. Ən kiçik səhv belə bütün hesabatın baş-ayaq alınmasına, nəhəng bir işin yenidən görülməsinə səbəb ola bilər. Ən dəhşətlisi odur ki, mühasibin istənilən səhvi ona baha başa gəlir. Bir rəqəmdə, hərfdə və yaxud vergüldə yanılmağın bədəli ağır olur. Bu zaman vergi müfəttişləri və digər nəzarətedici orqanlar tərfindən cərimə sanksiyaları öz-özünə təmin olunur. Bir nəfərin səhvindən bütün müəssisə zərər görməli olur. Bu cür məsuliyyətin altına girməyi bacarmaq lazımdır. Əla mühasib olmaq üçün lazım olan keyfiyyətləri belə sıralamaq olar:

  1. Riyazi qabiliyyət. Qeyd etdiyimiz kimi onsuz keçinmək mümkün olmadığı kimi təkcə onun mövcudluğu da yetərli deyil. 
  2. Analitik təfəkkür. Mühasib ən azı iki addım qabağı görməli, bilməlidir ki, həyata keçirilən fəaliyyət hansı nəticələrə səbəb olacaq. Axı, o, hansısa səviyyədə şirkətin vəsaitinin bölüşdürülməsinə və sərmayə kimi qoyulmasına məsuliyyət daşıyır.
  3. Müstəqil qərar vermək qabiliyyəti. Ölkəmizdə istənilən qanunu çox təəssüf ki, müxtəlif cür yozmaq, izah etmək mümkündür. Bu cür qarmaqarışıq vəziyyətdə şəraitdən baş çıxarmaq və düzgün yolu seçmək asan deyil. Tez-tez rast gəlinən haldır ki, müəssisə rəhbərləri, işadamları da çaşbaş qalır, sonda qərar qəbul etmək üçün mühasibin rəyini əsas götürürlər. Onu da qeyd edək ki, zaman mühasibin doğru qərar verdiyini təsdiqləsə, tərif tərif dalınca gəlir, yox əgər… Allah ondan saxlasın!

I MİF. Mühasiblik həmişə yüksək məvacibi təmin olunmuş sənətdir. Xüsusilə, indi, bu sənətə böyük tələb olduğu şəraitdə hətta universiteti yenicə bitirmiş gənc mütəxəssisi belə əla iş və yüksək maaş gözləyir.

ƏSLİNDƏ. Mühasib ixtisası doğrudan da, favoritdir. İndi bu bazarda kifayət qədər təklif var. Ancaq yaxşı mühasib olmaq üçün yaxşı da təcrübə keçmək, çox səhvlər eləyib, sonra onları düzəltmək üçün illər vermək tələb olunur. Diplomunun mürəkkəbi qurumamış gənc mütəxəssis yaxşı işi tezliklə tapmayacağına və aşağı əməkhaqqına hazır olmalıdır. İşəgötürənlər yaxşı təcrübəsi, əlində zəngin «CV»si olan mühasibləri işə götürməyə üstünlük verirlər, çünki bu sahə böyük məsuliyyət tələb edir.

Əməkhaqqına gəlincə, onun məbləği müəssisənin maliyyə vəziyyətindən, mühasibin təcrübə və bacarığından, yerinə yetirəcəyi işin həcmindən asılıdır. Mühasiblərin yüksək əməkhaqqı alması barədə cəmiyyətdə yaradılan mif həqiqətə uyğun deyil. Yalnız böyük şirkətlərin mühasibləri sonu 3 sıfırla müşayiət olunan, yüksək əməkhaqqı alırlar. Ancaq onların məvacibləri kimi məsuliyyətləri də böyük olur.

Ən sərfəli kredit üçün müraciət et

 

IV Mif. Mühasib sənəti statikdir. Bu sənətdə demək olar ki, heç nə dəyişmir, adamı ətalət basır. Təhsil müddətində aldığın biliklər artıqlaması ilə kifayətdir, ixtisasartırmaya ehtiyac yoxdur.

ƏSLİNDƏ. Bəlkə də kənardan belə görünür ki, mühasib həmişə eyni işlə – balans tutmaqla, debet-kredet müxabirləşməsi ilə məşğul olur, necə deyərlər, Nikolaydan qalma mühasibatlıq normaları ilə işləyir. Məsələyə bu cür yanaşanlar yanılırlar. Doğrudur, mühasibat uçotunun prinsip və normaları dəyişməyə bilər, obrazlı desək, əgər mexanizm saaat kimi işləyirsə, velosiped icad etməyə nə ehtiyac? Ancaq qanunlar, o cümlədən vergi ilə bağlı qanunvericilik aktları, yalan olmasın, bəlkə də hər gün «təkmilləşdirilir». Mühasib qanunvericilikdəki yenilikləri

diqqətlə izləməyə borcludur. Mühasiblər istəməsələr belə, öz üzərlərində işləməli, ixtisaslarını artırmalı, bunun üçün müntəzəm ixtisaslaşmış qəzet və jurnallar oxumalı, treninq və seminarlarda iştirak etməlidirlər. Bunlarsız indiki dövrdə yaxşı mühasib olmaq mümkün deyil. Bir şeyi də unutmaq olmaz ki, indi bütün mühasibatlıq kompyuteləşdirilib, hesabatlar elektronlaşdırılıb. Bu sahədə istifadə olunan proqramları mənimsəmək o qədər də asan deyil, təkcə 1C proqramının öyrənilməsinə ən azı 1 ay lazımdır. Nəzərə alaq ki, indi 1C o qədər də yeni, mütərəqqi proqram sayılmır. Mühasib işinin darıxdırıcılığı isə yalnız onun oturaq iş olması, yüksək diqqət tələb etməsi, sənədlərin dəfələrlə yoxlanılması ilə izah oluna bilər. Ancaq bizim «haqq-hesab ustaları»nın işin çoxluğundan və hər gün nə isə öyrənməyin vacibliyindən darıxmağa vaxtları qalmır.

IIIMİF. Bütün mühasiblər eynəkli quru adamlardır. Bu hissiyatsız, ürəyidaş adamları rəqəmlərdən başqa heç nə maraqlandırmır.

ƏSLİNDƏ, bu fikir həqiqətə uyğun deyil. Mühasibi hissiyyatsız adlandıranlar yəqin ki, bu işin spesifikliyinə işarə vururlar. Əksər adamlar güman edirlər ki, mühasiblər rəqəmlərin içində itib-batdıqlarından ətraf aləmdə baş verənlərdən, mədəni-ictimai həyatdan təcrid olunublar. Bunun da səbəbləri var: işin həddən artıq məsuliyyət tələb etməsi, insanın bütün enerjisini alması,

diqqətlilik və sair. Ancaq ofisdən kənarda mühasiblər də başqa normal adamlar kimi yeyib-içməyi, deyib-gülməyi, alış-verişi çox sevirlər. Ölkəmizdə o qədər şair təbiətli, romantik mühasibələr var ki…

V MİF. Karyera baxımından mühasib sənətinin ağzı dalana dirənib. Mühasib uzaqbaşı adının qarşısına «baş» sözü, əməkhaqqına isə müəyyən qədər əlavə artırda bilər.

ƏSLİNDƏ, bu mifdə müəyyən qədər həqiqət var. Bir müəssisəyə illərini verən çalışqan mühasib ya baş mühasib ola bilər, ya da maliyyə direktoru. İkinci vəzifə üçün isə əlavə təhsil almaq lazımdır.

VI MİF. Mühasiblik qadın peşəsidir. Mühasib işləyən bütün kişilər başqa sənətin sahibləridir, məcburən bu işlə məşğul olurlar.
ƏSLİNDƏ, mühasib işləyənlər arasında qadınların üstünlük təşkil etməsi doğrudur. Bəlkə də bu işin xarakteri ilə bağlıdır. Qadınlar oturaq işi sevirlər, səbrlidirlər. Ancaq bu işlə məşğul olan kişilərin başqa ixtisasın sahibi olmaları barədə deyilənlər doğru deyil. Mühasiblik artıq qadın işi olmaqdan çoxdan çıxıb, indi ölkəmizdə ən peşəkar mühasiblər sırasında güclü cinsin nümayəndələri layiqli yer tuturlar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et