Mühasiblik çox hörmətli və köklü bir peşədir. Mühasiblər istənilən şirkət üçün vacib rol oynayan işçilərdir. Canlı "Hesablama maşını" adlandırılan bu insanlar daima rəqəmlərlə işləyir.
Hal-hazırda bütün banklarda mühasib vəzifəsi mövcuddur. Eyni zamanda tez-tez banklar mühasib vakansiyaları da elan edir.
Mühasiblər - mühasibat uçotu işini təşkil etməli, inzibati xərclərin, əsas vəsaitlərin, əmək haqqı xərclərinin uçotunu aparmalı, Vergilər Nazirliyi və DSMF üzrə hesabatları hazırlanmalıdır. Mühasib bankın bütün maddi qiymətlərinin qorunması və düzgün uçota alınmasına məsuliyyət daşıyan şəxsdir. O hesabatları vaxtında və dürüst hazırlayıb təqdim etməlidir.
Bütün bunları nəzərə aldıqda mühasibin üzərində olan çətinliyi anlamaq heçdə çətin olmaz. Belə ki, mühasibat qeydlərində səhv etmə qayğısı, vergi məsələlərində səhv əməliyyat edərək banka maliyyə yönümlü zərər vermə narahatçılığı, üst rəhbərliyə vaxtında hesabat verə bilməmənin qayğısı, aparılan hesabatlarda mənfi nəticələrə məntiqli açıqlamaqlar gətirə bilməməyin narahatçılığı və bənzəri səbəblərə görə mühasiblər stress içində çalışırlar.
Mühasiblər Ali təhsilli (İqtisadiyyat və ya riyaziyyat yönümlü), Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklərə sahib olan işçilərdir. Bu peşənin sahibləri 700-2500 AZN arasında əmək haqqı alırlar. Təbii ki, bu əməkhaqqı iş yerindən, səriştə və təcrübədən asılı olaraq dəyişir.
Məsuliyyət və dəqiqlik bu işin başında gəlir. Daima rəqəmlərlə işləmək, xərcləri hesablamaq bu insanların xarakter və görünüşlərinə də təsir edir.
Mühasiblər iş həyatlarında olduqca düzgün və təmiz görünməlidirlər. Ümumiyyətcə düzgün geyim işə olan diqqətin göstəricisidir. Məsuliyyətli bir işdə isə bu daha çox vacibdir.
Mühasiblər xəsis olurmu?
Adətən karyerasını uzun illər mühasib kimi davam etdirən şəxslər şəxsi həyatlarında da məsuliyyət və diqqəti üstün tuturlar. Hər şeydən əvvəl bu insanlar şirkətlərin maliyyə göstəricilərinin təhlili zamanı göstərdikləri səyi, eyni zamanda öz evlərinin xərclərində də göstərirlər.
Yəni işgüzar davranışları onların şəxsi keyfiyyətlərinə və həyatlarına da təsir edir və qənaətcillikbir növ vərdişə çevrilir . Necə ki, həkimlər şəxsi həyatlarında çox təmiz olurlar və gigiyenik qaydalara hamıdan çox diqqət yetirirlər, mühasiblərdə də bu hallar yaşanır. Bu hamıya aid ola bilməz təbii ki. Amma uzun müddət işləmək və işə bağlılıq bu insanların əsil qənaətçi insan olmalarına gətirib çıxarır. Bu bəzən həddini keçərək xəsisliyə çevrilir
Amma hər halda çalışmaq lazımdır ki, işdəki mühit şəxsi həyatınıza sirayət etməsin.
Bütün mühasiblərə, səhvlərdən və fırıldaqlardan uzaq olmaq arzusu ilə...
Günel Abduraxmanova/ Banco.az