​"Moody's"in Azərbaycan iqtisadiyyatı ilə bağlı məruzəsi dərc edilib | Banco.az

​"Moody's"in Azərbaycan iqtisadiyyatı ilə bağlı məruzəsi dərc edilib

Frankfurtda Azərbaycan iqtisadiyyatı ilə bağlı "Moody's" beynəlxalq reytinq agentliyinin növbəti məruzəsi dərc edilib. Məruzədə deyilib ki, Azərbaycanın xarici və yerli valyutada dövlət istiqrazları üzrə suveren reytinqinin "Baa3", proqnozu isə "stabil" kimi təsdiq olunmasında Azərbaycanın xarici valyuta ehtiyatlarının iqtisadiyyatda hər hansı mənfi təsirin qarşısını almaqda "bufer" effekti yaratması əsas rol oynayıb.

Banco.az "Report"a istinadən xəbər verir ki,  agentlik hesab edir ki, kəskin azalan neft qiymətlərinin neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatında "şok" təsiri və təzyiqlər yaratsa da 2015-ci ilin ikinci rübün sonunda 42 mlrd. dollar təşkil edən valyuta ehtiyatları bu təzyiqləri aradan qaldırmaq üçün Azərbaycana müəyyən qədər vaxt verib.

"Moody's" analitiki Sebastyan Bekker qeyd edib ki, "Azərbaycanın yüksək valyuta ehtiyatları hökumətə aşağı neft qiymətləri dövründə büdcə kəsirlərini örtməkdə, zəif iqtisadi artımın və azalan büdcə gəlirlərinin öhdəsindən gəlməyə imkan verəcək".

"Son 10 ildə yüksək neft gəlirləri Azərbaycana xarici borclarının aşağı səviyyədə tutmağa və Azərbaycan Mərkəzi Bankı ilə Dövlət Neft Fondunda yüksək miqdarda valyuta ehtiyatı toplamağa şərait yaradıb. Buna baxmayaraq, neft gəlirlərindən asılı olan Azərbaycan gələcəkdə neftin qiymətlərinin azalmasına qarşı həssas qalmaqda davam edir. Hökumət neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməyə davam etməlidir", - deyə Bekker vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılmasından sonra İran neftinin dünya bazarlarına daxil olmasını neft qiymətlərini 2016-cı ildə bir qədər də enə biləcəyini qeyd edib. "Bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, qonşu İranla ticarət münasibətlərinin bərpası yaranan çətinlikləri kompensasiya etməyə kömək edəcəkdir", - "Moody's" ekspertləri hesab edir.