Uşaq qidaları niyə bahadır? – AÇIQLAMA | Banco.az

Uşaq qidaları niyə bahadır? – AÇIQLAMA

Müəllif: Gülnar Əhmədli, Banco.az

Körpələrin sağlam qidalanması valideynlərin ən böyük prioritetlərindən biridir. Bu səbəbdən onlar uşaq qidalarının seçimində keyfiyyətə üstünlük versələr də, son illərdə bu məhsulların qiymətləri nəzərəçarpacaq dərəcədə bahalaşıb. Xüsusilə idxal olunan körpə südləri, pürelər və digər uşaq qidaları ailə büdcəsinə əlavə yük yaradır. Bəs Azərbaycanda uşaq qidalarının yerli istehsalı niyə yoxdur?

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a bildirib ki, Azərbaycanda satılan uşaq qidalarının böyük hissəsi xaricdən gətirilir:

"Məhsulun qiymətinə daşınma, sığorta, gömrük, logistika, distribütor və s. xərclər əlavə olunur. Həmçinin, məhsullar əsasən avro və ya dollarla alındığı üçün məzənnə və qlobal qiymət dəyişiklikləri də son qiymətə təsir edir, buna görə də bahadır. Uşaq qidalarının ölkə daxilində istehsalına gəlincə, bu qidalar adi qida məhsulları kimi deyil, daha sərt təhlükəsizlik standartları ilə istehsal olunur. O cümlədən, istehsal üçün yüksək texnologiyalı avadanlıqlara və ciddi keyfiyyət nəzarətinə ehtiyac var".

İqtisadçının sözlərinə görə, steril istehsal, laboratoriya yoxlamaları, sertifikatlaşdırma və s. bunlar xərcləri artırır: "Azərbaycanda uşaq qidasının bazar həcmi isə böyük deyil. Kiçik bazarda yüksək xərc tələb edən istehsal zavodu qurmaq düşünürəm ki, investorlara o qədər də cəlbedici görünmür. Həmçinin, illər ərzində bazarda beynəlxalq markalar üstünlük təşkil edib, bu səbəbdən yerli markalara istənilən səviyyədə maraq olmayacağı düşünülə bilər.

Çünki, uşaq qidasında valideynləri qiymətdən daha çox təhlükəsizlik və etibar maraqlandırır. Bu sahədə mühüm məsələlərdən biri məhz, etimad qazanmaqdır. Buna görə yerli marka ilk növbədə etibar yaratmağa investisiya etməlidir. Beynəlxalq standartlara (məsələn, ISO, HACCP və digər qida təhlükəsizliyi standartlarına) uyğun istehsal və şəffaf laboratoriya yoxlamalarının olması mütləqdir. Digər tərəfdən də, yerli məhsul idxal məhsullarından ən azı 20% daha sərfəli olarsa, çox ailə onu sınamağa hazır ola bilər deyə düşünürəm".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram