"Mərkəzi Bank riskli addım atdı" | Banco.az

"Mərkəzi Bank riskli addım atdı"

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın marja ilə bağlı qəbul etdiyi qərar barəsində fikirlərini bölüşüb.

Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv etdi. Bu o deməkdir ki, nəzəri cəhətdən banklar dolları istədikləri qiymətə alıb-satacaqlar. Marja son aylar valyuta bazarında tıxaca çevrilmişdi və qara bazarının çiçəkləməsinə az töhfə vermirdi. 

Azərbaycanın bank sektorunda marja demək olar ki, heç vaxt işləməyib. İşləyəndə isə dollar qıtlığı səbəbindən problemlər yaradıb. Neftin baha olduğu dövrdə ölkəyə böyük həcmdə valyuta gələndə, dollar 78 qəpik olanda da marja işləməyib. Bahalı neft dövründə banklar çox kiçik gəlir tətbiq etməklə dollar alqı-satqısı edirdilər. Həmin dövrdə marja daha aşağı həddə (2%) idi. Sonradan devalvalvasiya dövründə marja 4%-ə qaldırıldı. bundan sonra marja işə düşməyə başlayanda bazarda dollar qıtlığı yarandı və marja bankların dollar satışına marağını azaltdı. Nəticədə rəsmi satışda tapılmayan dollarlar qara bazarda üzə çıxdı. 

Ən sərfəli kredit üçün müraciət et

İndi marja ləğv edildi. Mərkəzi Bank 4.2 milyard dollara arxayınlaşıb marjanı artırmadan onu birbaşa ləğv etdi. Marjanın ləğvinin yeganə üstünlüyü qara bazarın aradan qaldırılması olacaq. Bu da dollar bolluğu fonunda, yəni tələbin tam ödənilməsi zamanı baş verə bilər. Dollar qıtlığı yaranacağı təqdirdə (kapital axınını sürətlənərsə, neft kəskin ucuzlaşarsa və s.) isə manatın kəskin ucuzlaşmasını sürətləndirə bilər. Mərkəzi Bank marjanı artırmadan onu birdəfəlik ləğv etməsi riskli addımdır. Bu addım özünü dollar bolluğu şəraitində doğruldur. Əks halda kəskin devalvasiya və vəziyyətin nəzarətdən çıxması qaçılmaz ola bilər. Ümid edək ki, Mərkəzi Bank gələcəkdə marjanı bərpa etmək məcburiyyətində qalmayacaq.