Mərkəzi Bank qeyri-mənfəət təşkilatıdır. Yəni, fəaliyyətinin əsas məqsədi xərclər yaratmaq və ya gəlir əldə etmək deyil. Mərkəzi Bank büdcədən maliyyələşmədiyindən əməliyyatlardan əldə etdiyi gəlir ozunu maliyyələşməsinə - işçi heyətinin saxlanmasına və digər cari xərclərinə yönəldilir. Qurumun gəliləri isə qiymətli kağızların satışından, bankların yenidən maliyyələşdirilməsindən əldə etdiyi faiz gəlirlərindən, valyuta ehtiyatlarının digər xarici ölkələrdə maliyyə institutlarında yerləşdirilməsindən əldə etdiyi gəlirlərdən formalaşır.
Yenidənmaliyyələşmə üçün vəsaitlər 3 dəfə azaldı
Bu il yanvarın 1-nə olan məlumata görə, Mərkəzi Bankın likvidliyinin qorunması üzrə yenidənmaliyyələşdirmə əməliyyatları ücün 2 milyard 44 milyon manat vəsait ayrılıb. Bu məbləğ 2015-ci illin yekunu ilə müqayisədə təqribən 3 dəfə azdır.Yenidənmaliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi isə 2016-cı ilin yekununda 15% təşkil edib.
İlin sonunda bazara notlar çıxdı
Mərkəzi Bankın emissiya etdiyi qiymətli kağızlar – notlar üzrə aparılan əməliyyatların həcmi 2016-cı ilin yekununda 109 milyon 600 min manat olub və onun faiz dərəcəsi 14.99%-dir. Qeyd edək ki, 2014-cü ildən 2016-cı ilin noyabr ayına qədər notlarla əməliyyat ümumiyyətlə həyata keçirilməyib. Lakin 2016-cı ilin noyabrından başlayaraq notlarla əməliyyatlara start verilib. İki ay ərzində notlar üzrə dövriyyə 221 milyon manat təşkil edib və faiz dərəcəsi 14.99% olub.
Lombard əməliyyatları aparılmayıb
Lombard əməliyyatları axırıncı dəfə 2005-cı ildə həyata keçirilib və onun həcmi 1 milyon manat və faiz dərəcəsi 12% olub.
Buradan da aydındır ki, həm 2015-ci il üzrə, həm də 2016-cı il üzrə lombard əməliyyatları aparılmayıb.
Overnayt əməliyyatları yoxdur
MB-ın likvidliyinin qorunması üçün həyata keçirilən overnayt əməliyyatları 2005-cı il də daxil olmaqla bu yana müşahidə olunmayıb. Lakin sonuncu dəfə faiz dərəcəsi 2009-cu ildə verilib və bu 5% təşkil edib.
2 ildir, bu əməliyyatlar dayanıb
1 günlük Repo - MB-ın qiymətli kağızları satması prosesi əməliyyatları 2014-cü ilin aprel ayından bu yana həyata keçirilməyib. Buna baxmayaraq, statistikada 2016-cı il üzrə faiz dərəcələri öz əksini tapıb. 2016-cı ilin son 4 ayı üzrə faiz dərəcəsi 12% olaraq qalıb. 3 günlük və 7 günlük Repo əməliyyatları da 2016-cı ildə qeydə alınmayıb.
Əks-Repo 10 ildir ki, keçirilmir
1 günlük əks-Repo- MB-ın qiymətli kağızları geri alması prosesi axırıcı dəfə 2006-cı ildə 9 milyon manat həcmində həyata keçirilib və o vaxtdan bəri 1 günlük əks-repo əməliyyatları da aparılmayıb. Lakin 2016-cı il üzrə faiz dərəcələri statistikada göstərilib və ilin yekununda 18% olub. 3 günlük və 7 günlük əks-repo əməliyyatları isə 2005-ci ildən bəri ümumiyyətlə qeydə alınmayıb.
©Report