Mənfi qiymət nədir və şirkətlər niyə nefti mənfi qiymətə satırlar? | Banco.az

Mənfi qiymət nədir və şirkətlər niyə nefti mənfi qiymətə satırlar?

Dünən fyuçers bazarında mayda satışı nəzərdə tutulan WTI neftinin 1 barelinin qiyməti 20-40 dollar arasında dalğalanma nümayiş etdirərək tarixdə ən minimal səviyyəsinə - 40.32 dollara çatdı.

İqtisadçı-ekspert Qalib Toğrul deyib ki, heç bir analitik, heç bir iqtisadçı belə bir vəziyyəti proqnozlaşdırmamışdı.

“Bu barədə heç bir iqtisadi ədəbiyyatda yazılmamışdı. Artıq şəkk-şübhə yoxdur ki, bu hadisə iqtisadi və siyasi dərsliklərə salınacaq. Dünənki çöküşün qarşısında sağlam məntiqin aciz qalmasını, bunun bir anomaliya olmasını qeyd edəndə yuxarıdakıları nəzərdə tuturdum. İndi isə neft bazarının çöküşü ilə bağlı mənə ünvanlanan bəzi suallara cavab verməyə çalışacam. Məsələnin mahiyyətinin anlamaq üçün bəzi məsələləri dəqqləşdirmək vacibdir. Çöküş Nyu-York Əmtəə birjasının fyuçers bazarında baş verib. Və qiyməti sürətlə düşən - WTI nefti üzrə may ayının fyuçersləridir. Düzdür, Brentin və Urals-ın da qiymətləri düşüb, ancaq WTI qədər yox.

Fyuçers nədir?

Fyuçers elə müqavilə bir formasıdır ki, konkret əmtəə (indiki halda neft) gələcəkdə hansısa konkret tarixə, ancaq bu günə fiksə olunmuş (müəyyənləşdirilmiş) qiymətə satılır. Birja fyuçers müqaviləsi öhdəliklərinin icrasına qarant verir və bunun müqabilində tərəflərdən təminat məqsədilə əvvəlcədən müəyyən faiz tutur.
Bu maliyyə alətinin (fyuçers) əsas xüsusiyyəti odur ki, satıcı nefti alıcıya çatdırmalı, alıcı nefti fiziki şəkildə qəbul etməlidir. Sadə şəkildə desək, satıcının nefti, alıcının isə onun fiziki şəkildə saxlanması üçün yeri olmalıdır. Dünənki, dibdən də o tərəfə vuran qiymət WTI neftinin 2020-ci ilin may ayında satışı nəzərdə tutulan fyuçerclərinin qiymətidir. Bunu unutmayaq. Müqayisə üçün deyim ki, WTI neftinin iyun ayı üzrə 1 barelinin fyuçers qiyməti təxminən 14% (21,5$-a) düşüb.

İndi təsəvvür edin ki, bütün nefti rezervuarları dolub və ya dolmağa yaxındır. Üstəlik, neft daşıyan tankerlər belə yükünü boşaltmağa yer tapmırlar, artıq tankerlər də hərəkət edən neft rezervuarlarına çevrilib. Belə bir vəziyyətdə əllərində fyuçers olanlar ya nefti fiziki şəkildə qəbul edib rezervuarlara doldurmalıdır (indiki halda bu, mümkün deyil), ya da fyuçersi satıb, ondan canlarını qurtarmalıdır. Təbii ki, qeyd olunan şərtlər çərçivəsində nefti almağa həvəsli alıcı tapmaq dəryada balıq sevdasına bənzəyir, əllərində fyuçers olanlar isə mayda fiziki şəkildə qəbul edəcəkləri nefti harada saxlayacaqlarını düşünərək təşviş içindədirlər. Dünən may ayı fyuçerslərinin satılması ilə bağlı son gün olduğundan tarixdəki qara bazar günlərindən biri bax beləcə yaşandı”.

Ən sərfəli kredit üçün müraciət et

Mənfi qiymətlər nədir və niyə neft hasilatçıları və ya əllərində fyuçers olanlar onu qeyd olunan qiymətə satırlar, yəni satdıqları hər barel neftin üzərində pul da verirlər?

Qalib Toğrul qeyd edib ki, əksər heft hasilatçıları üçün nefti istənilən qiymətə (hətta mənfi qiymətə belə) satmaq hasilatı dayandırmaqdan, neft buruqlarını müvəqqəti dondurmaqdan daha sərfəlidir: “Belə situasiyada satıcı öz alternativ xərclərini hesablayır. Əgər neft satanın xərcləri neftin mənfi qiymətləri halında itirdiyi vəsaitdən çoxdursa, o zaman malını alıcıya əlavə vəsait ödəməklə satmağa razılaşır. Neftini boşaltmağa yeri olan üçün isə bu, təbii ki, sərfəli əməliyyatdır. Məncə, suala cavab verdim. Belə bir vaxtda neftin qiyməti ilə bağlı proqnoz vermək ən riskli işdir. Neftin qiyməti qlobal pandemiyanın müddətindən, post-pandemiya dövründə iqtisadiyyatın bərpa sürətindən, iqtisadi aktivliyin dirçəlişindən, hasilatın həcmindən, siyasətçilərin qərarlarından, xülasə, türklər demiş, bir sürü şeydən asılıdır”.

fed.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et