"MasterCard": Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur | Banco.az

"MasterCard": Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur

"Azərbaycan "MasterCard" üçün olduqca önəmli bir bazardır. Bu səbəbdən ölkədə nağdsız ödənişləri inkişaf etdirmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycanda "MasterCard" nümayəndəliyinin açılmasının səbəblərindən biri də məhz elə budur". Bunu "MasterCard"ın Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasemin Bedir şirkətin Azərbaycanda nümayəndəliyinin açılmasına həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Y. Bedir nağdsız ödənişlərin inkişafının "MasterCard"ın bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə şirkətlə Azərbaycan hökuməti və kommersiya bankları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların artırılması sahəsində elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, əhatə dairəsinin və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi olduqca vacibdir.

"Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. "MasterCard" olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq", - deyə Y. Bedir bildirib.

O, həmçinin qeyd edib ki, aparılan hesablamalara əsasən, gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərin istifadəsindən yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3%-ni təşkil edə bilər: "Belə bir göstərici hər bir ölkə üçün əhəmiyyətli bir qazancdır".

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə çıxış edən "MasterCard"ın Azərbaycan üzrə meneceri Alper Meriç isə vurğulayıb ki, hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur: "Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, “MasterCard”ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz "Nağdsız Azərbaycan" konsepsiyasına əsaslanacaq".

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan A. Meriç "MasterCard"ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: "Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar".

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et