Manatın dizaynı ilə bağlı maraqlı faktlar | Banco.az

Manatın dizaynı ilə bağlı maraqlı faktlar

Müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Respublikasının milli valyutası – manat tədavülə buraxılmışdır (rublla bərabər). Üzərində Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500 və 1000 manatlıq əskinasların dizaynı xalçaçı-rəssam Eldar Mikayılzadəyə məxsusdur. Manatın dizaynının hazırlanmasında xalça motivlərindən, dahi şəxsiyyətlərin portretlərindən istifadə edilmişdir. 

Eldar Mikayılzadə: “Dövlətin yaranması üçün üç amil vacibdir. Dil, ərazi, iqtisadiyyat. Vaxtilə bizim iqtisadiyyatımıza valyuta gətirən xalça olub. Xalçaçılıq təkcə mədəniyyətin deyil, həm də iqtisadiyyatın mühüm sahəsidir”.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. 1994-cü ildə manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu və bununla da Azərbaycan rubl zonasından çıxdı. 1994-cü ildə “Şirvanşahlar” kompleksinin təsvir olunduğu 10.000 manatlıq əskinaslar Almaniyada “Giesecke & Devrient”, 1996-cı ildə isə 50.000  və 2001-ci ildə isə 1000 manatlıq əskinaslar İngiltərənin “De La Rue” şirkətləri tərəfindən çap edilmişdir.

Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) çərçivəsində Mərkəzi Bank tərəfindən 2006-cı ildən etibarən tədavülə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslar, 1, 3, 5, 10, 20, və 50 qəpiklikdən ibarət yeni nəsil metal pul nişanları buraxılmışdır. Yeni dizayn konsepsiyasının əsas şərtləri “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanmışdır. Yeni valyuta dizaynları Avstriyanın “OeBS” şirkətinin dizayneri Robert Kalinanın eskizləri əsasında hazırlanmışdır. Robert Kalina həmçinin Avro əskinaslarının dizayn müsabiqəsinin qalibidir. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bank  manatın məzənnəsinin volatilliyinin qarşısının  almaq məqsədilə 2008-ci ildən etibarən manatın dəyəri valyuta səbətinə nəzərən sabit saxlanılması haqqında konsepsiya qəbul edilmişdir. Bu isə öz növbəsində manatın dəyərsizləşməsinin qarşısını alan əsas amillərdən biridir.

Ən sərfəli krediti almaq üçün müraciət et