Maliyyə Nazirliyi ARPA ilə birgə "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklə bağlı tədbir keçirtdi | Banco.az

Maliyyə Nazirliyi ARPA ilə birgə "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklə bağlı tədbir keçirtdi

14 iyun saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası (ARPA) ilə birgə, İstiqlaliyyət 31C ünvanında yerləşən ARPA-nın ofisində «Mühasibat uçotu haqqında» qanuna edilmiş dəyişikliklərlə bağlı ölkənin aparıcı dövlət müəssisələrinin, audit şirkətlərinin və korporativ sektorun iri nümayəndələrinin və maliyyə sektorunun iştirakı ilə tədbir keçirilmişdir.

Tədbir zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qanunda olan dəyişikliklər barədə ictimaiyyətə ətraflı şərh vermişdir. Tədbirdə maliyyə sahəsində çalışan çox sayda ekspertlər də iştirak edərək aidiyyatı suallar vermis, öz mülahizələrini ictimaiyyətlə bölüşmüşlər.
 
ARPA-nın İcraçı Direktoru Ə.Bayramovun sözlərinə görə, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə fəal əməkdaşlıq edir. Mühasibatlıq sahəsində atılan önəmli addım ARPA-da bu sahədə yeni komitənin təsis edilməsi olmuşdur. Qeyd edilən komitəyə mühasibatlıq sahəsində böyük təcrübəyə malik olan Firudin Sultanov sədrlik edir.

Ən sərfəli kredit üçün müraciət et

Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi, eləcə də Peşakar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olması tələb olunur.  

Həmin Qanun özündə maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq belnəlxalq standartlara keçilməsi,mühasibat uçotunun aparılması ilə əlaqədar uçot qaydalarının qəbul edilməsi ilə bağlı müddəaları əks etdirir.

Eyni zamanda Qanuna peşəkar mühasiblər təbəqəsinin yaradılması ilə əlaqədar müvafiq müddəalar daxil edilmişdir. 

2009-cu ildən fəaliyyət göstərən ARPA müxtəlif yerli sertifikasiya modelləri təsis etmiş və beynəlxalq səviyyəli imtahanların keçirilməsində təcrübə qazanmışdir.