"Son vaxtlar Azərbaycan vətəndaşlarının lombardlara olan marağı artıb. Bu, əsasən, banklar tərəfindən verilən kreditlərə qarşı tələblərin sərtləşdirilməsi ilə əlaqəlidir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl banklar istehlak kreditinin verilməsi üçün iş yerindən arayış tələb etməyə başlamışdılar. Bu addımın nəticəsi olaraq, bir çox vətəndaşlar banklara deyil, məhz lombardlara üz tutmağa üstünlük verdilər". Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında səsləndirib.
"Bütün bunlar lombardların sayının artmasında da özünü göstərdi. Belə ki, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, hal-hazırda onların sayı 2 dəfə artaraq 1200-ə çatıb. Eyni zamanda lombardlara olan tələbatın və marağın artması ilə yanaşı, onların təklif etdiyi kreditin faiz dərəcəsində də artım müşahidə olunur. Belə ki, 2014-cü ildə lombard krediti üzrə faiz dərəcəsinin əhəmiyyətli dərəcədə artdığı qeydə alınıb. Hal-hazırda lombard krediti üzrə faiz dərəcəsi 36%-i üstələyir. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir. Bununla yanaşı, bəzi vətəndaşların banklara müraciət etdikləri zaman kredit ala bilməməsi nəticəsində lombardlara üz tutan insanların sayı gündən-günə artır. Bunun nəticəsində formalaşan bazar isə müəyyən risklərə sahib olduğuna görə vətəndaşlar üçün təhlükəli xarakter daşıyır. İlk növbədə, faiz dərəcələrinin yüksək olması vətəndaşların daha böyük məbləğdə ödəniş həyata keçirməli olduqlarını göstərir. İkinci növbədə isə lombardlar kredit verən zaman girov qismində əksər hallarda qızıl-zinət əşyaları tələb edirlər. Lakin onlar zinət əşyaları üçün 30% daha ucuz qiymət müəyyən edirlər. Yəni dəyəri 1000 manat olan zinət əşyası təqdim edən şəxsə 600 manat məbləğində kredit verilir. Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımırlar. Bəzən elə hallar olur ki, lombardlar fəaliyyətini dayandırır və heç kimi bu barədə məlumatlandırmırlar. Bəzən isə lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşırlar. Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər. Bütün bu faktları nəzərə alaraq söyləyə bilərəm ki, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistem yaradılmalı və ciddi mexanizm hazırlanmalıdır", deyə ekspert bildirib.
Vüqar Bayramov onu da qeyd edib ki, 2014-cü birinci yarısında lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı 2,5 dəfə artıb. "Bunun əsas səbəbi Mərkəzi Bankın həyata keçirdiyi sərt tədbirlərdir".
Xatırladaq ki, bir müddət əvvəl "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev bildirmişdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Sözügedən lisenziyanı əldə etmiş kommersiya müəssisəsi də lombard qismində fəaliyyət göstərə bilər. Bununla yanaşı, o qeyd etmişdi ki, Azərbaycanda lombardların fəaliyyəti digər kommersiya müəssisələrinin fəaliyyətindən kəskin şəkildə fərqlənir. "Onlar əhalidən girov qəbul edir və bunun əvəzində onlara kredit verirlər. Bu səbəbdən də lombardların əhali qarşısındakı öhdəlikləri qanunvericilikdə öz əksini tapmalı və "Lombarların fəaliyyəti haqqında" qanun qəbul edilməlidir. Əks təqdirdə, bir sıra neqativ halların müşahidə olunması qaçınılmaz olacaq", deyə ekspert xəbərdarlıq edib.
Onun sözlərinə görə, hal-hazırda lombardların fəaliyyətində çoxsaylı qüsurlar nəzərə çarpır. "İlk növbədə, girov qismində təqdim olunan əmlakın aşağı məbləğdə qiymətləndirilməsini başlıca qüsur kimi qeyd etmək mümkündür. Vətəndaşlar kredit əldə etmək üçün sahib olduqları zinət əşyalarını girov qismində təqdim edirlər. Bu zaman girov əmlakının qiymətləndirilməsi ilə bu məsələdə maraqlı tərəf qismində çıxış edən lombard müəssisəsi məşğul olur. Belə bir vəziyyətdə zinət əşyaları "lom qiyməti" ilə qəbul edilir ki, bu da onun real dəyərindən xeyli aşağı olur. Bununla yanaşı, bəzən vətəndaşların hüquqlarının pozulması hallarına da rast gəlinir. Lombardlar bəzən ödənişlərdə gecikmələrə yol verməklə vətəndaşların hüquqlarından sui-istifadə edirlər və vətəndaşlar zinət əşyalarını itirdiklərini öyrəndikləri zaman artıq nəyisə dəyişmək üçün çox gec olur. Eyni zamanda, lombard kreditləri üzrə faiz dərəcələrini vaxtlı-vaxtında ödəmək olduqca çətin prosesdir. Belə ki, burada aylıq faiz dərəcələri 5%-dən başlayır və 10%-ə qədər yüksələ bilir. Banklarda isə bu rəqəm cəmi 1,5-2% təşkil edir. Bundan əlavə, əgər banklarda faiz dərəcələri üzrə həyata keçirilən ödənişlər borcun ümumi məbləğindən çıxılırsa, lombardlarda əsas borcun məbləği dəyişməz olaraq qalır", deyə S.Əliyev məsələyə aydınlıq gətirib.
Ekspert vurğulayır ki, çoxsaylı çatışmazlıqların olmasına baxmayaraq, lombard xidmətlərinə olan tələbat zaman keçdikcə artmaqda davam edir. "Bunun əsas səbəblərindən biri də lombardlarda verilən maliyyə vəsaitlərinə çıxışın asan olmasıdır. Əgər banklarda insanlar krediti bir neçə gün ərzində ala bilirlərsə, lombardlarda kreditlər bir neçə saat ərzində müştəriyə təqdim olunur. Əslində diqqətlə nəzər yetirsək, lombardların fəaliyyətində ciddi problemlərin olduğunu aydın şəkildə görə bilərik. Kredit təşkilatları ilə müqayisədə, lombardlarda əhalinin hüquqlarının pozulması hallarına daha çox yol verilsə də, KİV-də onların fəaliyyəti lazımi səviyyədə işıqlandırılmır, əksinə bankların fəaliyyəti barədə məlumatların dərc olunmasına üstünlük verilir. Başqa sözlə desək, sanki onların fəaliyyəti kölgədə qalır və əhali onların fəaliyyəti haqqında kifayət qədər məlumat sahibi ola bilmir", deyə S.Əliyev qeyd edib.
V.Bayramov da bir müddət əvvəl qeyd etmişdi ki, Azərbaycanda lombardlar tərəfindən qeyri-adi girovların qəbulu təcrübəsindən nadir hallarda istifadə olunur. "Lombardlar asanlıqla sata biləcəkləri əşyaları qəbul etməyə çalışırlar. Lombardlar nisbətən kiçik məbləğdə kredit təqdim edərkən girov qismində zinət əşyaları, böyük məbləğdə kredit təqdim edərkən isə girov qismində mebel və avtomobil tələb edirlər".
Sevinc İbadova/Banco.az