Lisenziyalaşdırılan sahələrə dair qanun layihələri parlament müzakirəsindən əvvəl təhlil olunacaq | Banco.az

Lisenziyalaşdırılan sahələrə dair qanun layihələri parlament müzakirəsindən əvvəl təhlil olunacaq

Nazirlər Kabineti “Tənzimləyici təsirin təhlili Qaydası”nı təsdiq edib.

Tənzimləyici təsirin təhlili özündə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin  qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi və lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların  sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsini ehtiva edir.

Qaydaya əsasən tənzimləyici təsirin təhlilinin nəticələri tövsiyə xarakteri daşıyır. Dövlət sirri, fövqəladə və hərbi vəziyyətlə əlaqədar və təcili elan edilmiş qanun layihələri, həmçinin lisenziya və icazə müəyyən edən qanunlarda uyğunlaşdırma, texniki və redaktə xarakterli dəyişikliklər nəzərdə tutulan qanun layihələri üzrə tənzimləyici təsirin təhlili həyata keçirilmir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinin məqsədi lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan  sahədə daha səmərəli alternativ tənzimləmə yollarının (sahələrinin) seçilməsindən, onların sahibkarlıq fəaliyyətinə göstərdiyi müsbət və mənfi təsirinin aşkarlanmasından və ən münasib tənzimləmə yollarının (sahələrinin)  müəyyən edilməsindən ibarətdir. İqtisadiyyat Nazirliyi qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsində nümayəndəsi vasitəsi ilə tənzimləyici təsirin təhlilini həyata keçirən orqanda yaradılmış komissiyada iştirak edir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili 90 gün müddətində həyata keçirilir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi, alternativ tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsi və ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi mərhələlərindən ibarətdir. Ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi mərhələsində sahibkarlıq fəaliyyətinə nisbətən az mənfi təsir göstərən, məsələnin daha effektiv və səmərəli tənzimlənməsi və ya həll edilməsi baxımından kifayət qədər əsaslandırılan tənzimləmə yolu (sahəsi) seçilir. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili lisenziya və icazə müəyyən edən qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğu ehtimalı ortaya çıxdıqda və belə qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsi Nazirlər Kabineti tərəfindən yaradılan lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili üzrə komissiyanın təsdiq etdiyi illik planda nəzərdə tutulduqda həyata keçirilir. Hər  il  növbəti  il  üçün  illik  planın  layihəsi İqtisadiyyat Nazirliyi  tərəfindən hazırlanır. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın və İqtisadiyyat Nazirliyinin rəyinin forması Komissiya tərəfindən təsdiq edilir. Komissiyanın qərarı qanuna uyğun tədbirlərin görülməsinə dair tapşırıq verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti Komissiyanın qərarı ilə razılaşdıqda, tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqan və təşkilatlarına tapşırıqlar verir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et