Kredit, latın sözü olub–greditam-gredere, yəni etimad etmə və ya inanma mənasını verir. Kredit, yəni qarşılığı gələcəkdə ödənəcək və etimad üzərinə qurulmuş bir tədiyə formasıdır. Bu üsula görə alınan malların dəyəri dərhal ödənməyərək, gələcəkdə ödənilməsi öhdəliyi gətirilir. Kredit alanın sadəcə ödəmə arzusu yetərli deyil, eyni zamanda kreditin məbləği qədər və hətta ondan yuxarı məbləğdə qarşılığı və ya təminatı olmalıdır.
Kredit etimad və ya təminata söykənən bir əməliyyatdır. Kredit qənaət edilən pulların bazara axmasını və malların ən faydalı şəkildə istifadəsinə yardımçı olur. Kredit əldəki pul ilə gələcəkdə ələ keçəcək pulun mübadiləsidir. Kredit verən pul verib, ödəmə vədi almaqda, kredit alan isə pul alıb ödəmə vədi verməkdədir.
Pul sonsuz likvid olduğuna görə pul ilə istənilən mal və xidmət satın alına bildiyinə görə, kredit, kredit verənin bu gün mal və xidmət satınalmaqdan əl çəkərək gələcəkdə mal və xidmət satın almasını, kredit alanın isə gələcəkdə mal və xidmət satınalmaqdan əl çəkərək bu gün mal və xidmət satınalmasını mümkün edər. Kredit gələcək gəlirlər hesabına xərcləmək imkanı verməklə yanaşı, iqtisadiyyatda satınalma gücünün artmasma, mübadilə həcminin genişlənməsinə səbəb olur.
İqtisadi məfhum kimi kreditin əsasını geri qaytarılma təşkil edir. Geri qaytarılma kreditin ümumi xüsusiyyətidir və buna görə də kredit münasibətlərinə xas olan müəyyənedici cəhətdir. Deyilənlərdən kredit anlayışı və onun mahiyyəti haqqında belə bir nəticəyə gəlmək olar ki, kredit dəyərin kreditorla borcalan arasında geri qaytarılma əsasında hərəkətidir və bununla əlaqədar kreditorla borcalanın arasında yaranan iqtisadi münasibətlər toplusudur.
Kreditin funksiyaları aşağıdakılardır:
- Yenidən bölüşdürmə funksiyası, yəni kreditorun sərbəst vəsaiti başqa əraziyə vəya başqa iqtisadi sahəyə keçə bilir;
- Tam dəyərli pulların kredit pulları ilə əvəzlənməsi prosesi;
- Tədavül xərclərinə qənaət
- Kapital konsetrasiya və mərkəzləşdirilməsi.
Kreditorla borcalan arasında bağlanan kredit sövdələşmələri dəyərin yenidən bölgüsü mərhələsində meydana gəlir. Mübadilə prosesində müvəqqəti sərbəst olan dəyər borcalana verilir, sonra isə öz sahibinə qaytarılır. Kredit üçün səciyyəvi olan bu proses onu göstərir ki, kreditin ilk və köklü funksiyası yenidən bölgü funksiyasıdır. Formasından asılı olmayaraq bütün hallarda dəyərin yenidən bölgüsü baş verir. Kredit vasitəsilə resursların yenidən bölgüsü müxtəlif səviyyələrdə baş verir. Kredit münasibətlərinin subyekti olan müəssisələrin səviyyəsində baş verən dəyərin fərdi dövranı və dövriyyəsi çərçivəsində mal-material qiymətliləri və pul vasitələri yenidən bölünür.
Ümumiqtisad səviyyəsində isə dəyərin hərəkəti kredit vasitəsilə milli gəlirin yenidən bölgüsündə təzahür edir. Kreditin ikinci funksiyası həqiqi pulların kredit əməliyyatları ilə əvəzlənməsi vasitəsilə tədavül xərclərinə qənaət edilməsidir. Müasir iqtisadiyyatda bu cür əvəzlənmə üçün zəruri şərait mövcuddur. Mal və xidmətlərə görə nağdsız hesablaşmalarla əlaqədar pulların bir hesabdan köçürülməsi, qarşılıqlı borcların ödənilməsi, qarşılıqlı ödəmələrin yalnız saldosunun (qalığının) köçürülməsi nağd pul ödəmələrini azaltmaq üçün pul dövriyyəsi quruluşunu yaxşılaşdırmaq imkanı yaradır.
Müasir dövrdə həqiqi pullar kimi qızıl sikkələr deyil, kredit əsasında buraxılan pul nişanları tədavül edir. Metalizm dövrün həqiqi pulların kredit ilə əvəzlənməsi prosesi qızıl sikkələrin yerinə banknotların tədavül etməsində təzahür edirdi. Lakin qızılın tam demonetizasiyası, yəni qızıl sikkələrin banknotlarla tam əvəzlənməsi və banknotların öz qızıl əsasını itirməsi bu funksiyanın qüvvədən düşməsinə gətirib çıxartmadı. Əksinə, kreditin tərəqqisi, onun əmtəə təsərrüfatının inkişafında aparıcı qüvvəyə çevrilməsi nəticəsində borcalanın cəlb və təsərrüfat dövriyyəsinə yenidən daxil etdiyi dəyər pula xas olan vəzifələri icra etməyə başlayır. Bunun nəticəsində ictimai kapitalın hərəkəti sürətlənir.
Tədavül vaxtı minimuma endirilir və tədavül xərclərinə qənaət edilir ki, bu da ictimai kapitalın fəaliyyət səmərəsinin yüksəlməsi deməkdir, çünki kapitalın məhsuldar fəaliyyət vaxtı artır. Kreditin mühüm funksiyası kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesinin sürətləndirilməsi funksiyasıdır. Kredit mexanizminin vasitəsilə izafi dəyərin kapitallaşması prosesi daha sürətlə baş verir. Kapitalın təmərküzləşməsinin güclü amili kimi çıxış etməklə kredit fərdi yığımın hüdudlarını genişləndirir.
Kreditin köməyi ilə bir fərdin kapitalları onlara digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada kredit fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və yeni şirkətlərin yaradılması, inhisarların və beynəlxalq şirkətlərin meydana gəlməsi amillərindən biridir. Məhz kapitalların mərkəzləşdirilməsi mexanizmi kimi çıxış etməklə kredit rəqabətin güclü vasitəsinə çevrilir. Çox vaxt iri şirkətlər, kiçik şirkətlərə nisbətən daha münasib, yüngül şərtlərlə kreditləşdirilir.