Kredit risklərini daşıyıcısı həm bank həm də müştəri (kreditalan) ola bilər. Kredit riski dedikdə, borc alan tərəfindən kreditin və (və ya) ona hesablanmış faizlərin (Kredit müqaviləsi ilə nəzərdə tutulan miqdarda) müəyyən edilən müddətdə qaytarılmaması və ya kreditə satılan malların, iş və ya xidmətlərin dəyərinin müəyyən edilən vaxtda ödənilməməsi ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının üzərinə götürdüyü öhdəlik nəzərdə tutulur.
Kreditlərin sığortası -müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta növünə deyilir.
Kredit risklərinin qarşısını almaq məqsədilə, bir çox banklar müqavilə imzalayarkən məbləği maksimuma qədər artırırlar. Lakin bu da bəzən kredit riskinin meydana gəlməsinə mane ola bilmir. Bu cür vəziyyətlər hansı hallarda baş verə bilər? Kredit götürən ağır və ya müalicəsi olmayan xəstəliyə tutulduqda və ya vəfat etdikdə. Bu zaman qanunla müəyyən olunmuş qaydada kredit borcunun ödənilməsi məsuliyyəti kredit götürən şəxsin varisinin öhdəsinə düşür.
Kredit sığorta hadisəsi hansı hallarda baş verir?
- Borc alanın hər-hansı səbəbdən kreditin qaytarılması və (və ya) faizlərin ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Borc alan Kredit müqaviləsi üzrə öz öhdəliklərini iki ay ardıcıl olaraq yerinə yetirmədikdə və Sığortalı tərəfindən Sığortaçıya bu haqda məlumat verildiyi andan, Sığorta hadisəsi baş vermiş hesab olunur və Sığortaçının məsuliyyəti başlanır).
- Kreditə mal, iş, xidmət almış şəxsin həmin malın, işin və ya xidmətin dəyərinin ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi;
Sığorta şirkəti kreditin təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququna malikdir. Əgər borcalan ondan asılı olmayan səbəblər və şərtlər üzündən krediti ödəmək iqtidarında deyilsə və kredit vəsaiti təyinatı üzrə istifadə olunubsa, sığorta kompaniyası sığorta hadisəsini rəsmən tanıyır və banka dəymiş zərəri ödəyir. Əks təqdirdə sığorta kompensasiyasının ödənişindən imtina edilə bilər.
«Sığorta məbləği» - sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin qanunvericilik, yaxud Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
«Sığorta ödənişi» - Sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə və Sığorta müqaviləsinə uyğun olaraq, Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
«Sığorta haqqı» - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilməsi mümkündür. Bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Xitam sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən verilir.