ChatGPT-də yenilik: Mətn söhbətlərini limitsiz olacaq | Banco.az

ChatGPT-də yenilik: Mətn söhbətlərini limitsiz olacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

OpenAI ChatGPT-nin pulsuz istifadəsi ilə bağlı mühüm yenilik elan edib. Şirkət bildirib ki, Free və Go istifadəçiləri üçün mətn əsaslı söhbətlərdə mesaj limiti ləğv ediləcək. Bununla da istifadəçilər ChatGPT ilə mətn üzərindən limitsiz söhbət edə biləcəklər.

Banco.az xəbər verir ki, fayl yükləmə, şəkil yaratma, səs funksiyaları və digər alətlər üzrə mövcud istifadə məhdudiyyətləri isə qüvvədə qalacaq.

Yeniliklə yanaşı, GPT-5.6 Luna Free və Go istifadəçiləri üçün standart model olacaq. GPT-5.5 Instant modelini əvəz edən yeni versiyanın daha dəqiq cavablar verməsi və gündəlik istifadədə daha etibarlı təcrübə təqdim etməsi hədəflənir. OpenAI-ın məlumatına görə, GPT-5.6 Luna faktiki səhvləri GPT-5.5 Instant ilə müqayisədə 62% azaldır.

Şirkət həmçinin Free və Go istifadəçilərinə "Think" düyməsini təqdim edəcək. Bu funksiya mürəkkəb suallar zamanı modelin daha yüksək məntiqi analiz imkanlarından istifadə etməyə şərait yaradacaq. Lakin bu funksiyadan istifadə müəyyən limitlərlə məhdudlaşdırılacaq.

OpenAI bildirib ki, dəyişikliklər mərhələli şəkildə bu həftədən tətbiq olunmağa başlayacaq, limitsiz mətn söhbətləri və "Think" funksiyası isə gələn həftə istifadəyə veriləcək.

Bundan başqa, Plus və Pro abunəçiləri üçün də GPT-5.6 Sol modeli yenilənib. Yeni versiya sual-cavab, internet araşdırması, planlaşdırma, yazı yazmaq və qərarvermə kimi gündəlik tapşırıqlarda daha qısa və etibarlı cavablar təqdim edir. Şirkətin qiymətləndirməsinə görə, bu modeldə faktiki səhvlərin sayı GPT-5.5 Instant ilə müqayisədə 68% azdır.

OpenAI qeyd edib ki, həftəlik istifadəçi sayı 1 milyardı ötən ChatGPT-də edilən bu yeniliklər əsas süni intellekt imkanlarını daha geniş istifadəçi kütləsi üçün əlçatan etməyə yönəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram