Qızılın qiyməti artmağa davam edəcəkmi? | Banco.az

Qızılın qiyməti artmağa davam edəcəkmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya Qızıl Şurası bildirib ki, ABŞ Mərkəzi Bankının (FED) inflyasiya ilə mübarizə məqsədilə sərt pul siyasətini davam etdirməsi yaxın müddətdə qızılın qiymətinə təzyiq göstərə bilər.

Banco.az xəbər verir ki, bununla yanaşı, mərkəzi bankların qızıl alışları və Asiyadan gələn investisiya tələbi orta və uzun müddətdə qiymətləri dəstəkləyən əsas amillər olaraq qalır.

Şuranın qiymətləndirməsinə görə, ABŞ-də inflyasiya riskləri artsa da, 1970-ci illərin sonlarında olduğu kimi uzunmüddətli inflyasiya dalğasının yaranması ehtimalı aşağıdır. FED-in sərt pul siyasətini daha uzun müddət davam etdirməsi iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.

Sənəddə vurğulanır ki, yüksələn istiqraz gəlirliliyi qısa müddətdə qızıl bazarına mənfi təsir göstərsə də, mərkəzi bankların davamlı alışları və Asiyalı investorların artan marağı bu təsiri qismən kompensasiya edir. Şuraya görə, bu amillər ABŞ-də faiz dərəcələri, dolların məzənnəsi və inflyasiya ilə hər zaman eyni istiqamətdə hərəkət etmir.

Bundan əlavə, şəxsi yığım səviyyəsinin aşağı olması səbəbindən istehlakçıların uzunmüddətli yüksək inflyasiyaya davamlılığının məhdud olduğu bildirilir. Yeni inflyasiya dalğasının yaranacağı təqdirdə faizlərin daha uzun müddət yüksək qalması və iqtisadi artımın zəifləməsi ehtimalı artır.

Dünya Qızıl Şurası hesab edir ki, qısa müddətdə bazarda təzyiq davam etsə də, iqtisadi artımın zəifləməsi və ya maliyyə sistemində risklərin artması halında uzunmüddətli istiqraz gəlirliliyinin azalması qızıl qiymətlərinə müsbət təsir göstərə bilər. Bununla belə, qurum 2025-ci ildə müşahidə olunan güclü qiymət artımının gələcəkdə eyni templə təkrarlanacağının zəmanətli olmadığını da qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram