Kredit latın dilindən tərcümədə iki məna kəsb edir: - “inanıram, etibar edirəm” və “borc”.
Kredit - iqtisadi kateqoriya olub, müvəqqəti sərbəst pul vəsaitlərinin yenidənbölgüsü ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin bir-birləri ilə müddətlilik, ödənc və geri qaytarılmaq şərtləri üzərində qurulan qarşılıqlı iqtisadi əlaqəsini tərənnüm edir.
Kreditin mahiyyətini açıqlamaq üçün onun quruluşunu, hərəkət mərhələlərini, əsasını araşdırmaq lazımdır.
Kreditin quruluşu sabit və dəyişməzdir. Kredit bir-biri ilə sıx əlaqədə olan elementlərdən təşkil olunmuşdur. Bu elementlərdən ən başlıcası bu münasibətlərin subyektləridir. Kredit sövdələşmələrində subyekt hər zaman kreditor və borcalandır.
Kreditor və borcalanlar ilk növbədə əmtəə mübadiləsi bazası əsasında yaranır. Alqı-satqı prosesləri zamanı alıcı hər zaman satdığı əmtəənin pul ekvivalentini ala bilmir, həmçinin satıcı aldığı malın qiymətini dərhal ödəyə bilmir. Belə hallarda ödəmə yalnız müəyyən vaxt keçdikdən sonra baş verir. Beləcə, satıcı kreditor, alıcı isə borcalan olur. Deməli, kredit münasibətlərinin obyekti dəyərin borc verilən hissəsi, subyektləri kreditor və borcalandır (debitor). Bu münasibətlərdə şəxsi vəsaitlərini müəyyən prinsiplər əsasında borc verən tərəf kreditor, krediti götürən və aldığı borcu qaytarmalı olan tərəf isə borcalan və ya debitordur.
Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır. Bu vəsaitlərin mənbəyi, həm şəxsi yığım, həm də yenidən istehsal prosesinin digər subyektlərindən götürülmüş resurslar ola bilər. Müasir iqtisadiyyatda kreditor-bank krediti nəinki öz resursları hesabına, həmçinin onun hesablarında saxlanılan, cəlb edilmiş səhm və istiqrazlarının yerləşdirməsi nəticəsində cəmləmiş olduğu vəsaitlər hesabına da verə bilər. Kredit kimi yalnız pul vəsaitləri deyil, həmçinin reallaşma üçün nəzərdə tutulan mal da iştirak edə bilər (kommersiya krediti).
Yerləşdirilmiş vəsaitlərə nəzərən kreditorun vəziyyəti ikili xarakter daşıyır. Belə ki, kreditor (bank) borc verərkən öz resursları ilə yanaşı, digər müəssisə və təşkilatların resurslarını da istifadə etdiyindən, öz əməliyyatlarını yerinə yetirərkən elə etməlidir ki, onun müştəriləri öz hesablarından vəsait götürmək istədikləri zaman bankın bu vəsaitləri verməyə maddi imkanı olsun. Bu o deməkdir ki, yalnız ayrı-ayrı müəssisələr və individual borcalanlar deyil, həmçinin kreditor da öz müştərilərindən aldığı borcu vaxtında geri qaytarmalıdır.
Sərbəst qalan pul vəsaitlərinin kreditorlar tərəfindən mobilizə edilməsi səmərəli xarakter daşıyır. Belə ki, bu proses resursların “işləyən pullara” çevrilməsinə imkan yaratmış olur.
Kreditor bu vəsaitləri yerləşdirdiyi zaman həm öz şəxsi məqsədlərini, həm də yenidən istehsal prosesinin digər iştirakçılarının məqsədlərini qorumaq üçün onların səmərəli istifadəsini təmin edir.Кrеdit müəyyən prinsiplərə əsаlаnmаqlа vеrilir.
Kreditin verilməsinin əsas prinsipləri bunlardır:
- Kredit müəyyən məqsəd üçün verilir
- Kredit müəyyən müddətə verilir
- Kredit geri qaytarmaq şərti ilə verilir
- Kredit müəyyən faizlə verilir
- Kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun)
Kredit hərəkətinin mərhələləri: borc verilən dəyərin hərəkətini aşağıdakı kimi təsəvvür etmək olar:
- Burada: Ky – kreditin yerləşdirilməsi;
- Kba – kreditin borcalan tərəfindən alınması;
- Ki – kreditin istifadəsi;
- Rs – resursların sərbəstləşdirilməsi;
- Dq – müvəqqəti borc alınan dəyərin qaytarılması;
- Kq – kredit formasında yerləşdirilən vəsaitlərin kreditor tərəfindən geri alınması;
Kreditin verilməsi yalnız o zaman mümkün ola bilər ki, borc verilən obyektin istehlak xüsusiyyətlərindən istifadə olunsun, və o çıxdığı nöqtəyə geri qayıtsın.
Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai tələbatın reallaşması üçün dəyərin, qaytarılma əsasında hərəkəti kimi müəyyən etmək olar.
Kreditin rolu onun iqtisadiyyatda, əhali və dövlətdə tətbiqindən asılı olaraq xarakterləşir. Əmtəələrin nisyə satılması, məhsul istehsalı və satışının fasiləsizliyi, istehsalın genişlənməsi, əsas fondların artırılması, məhsuldar qüvvələrin inkişafı məhz kreditin sayəsində baş verir.