Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 aprel 2015-ci il tarixə olan statistik məlumatlarına görə ölkə əhalisinin sayı 9618,2 min nəfərə çatıb ki, bu da ilin əvvəlinə nisbətən 0,3 faiz artım deməkdir. Həmçinin, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 1 may 2015-ci il tarixə olan məlumatına görə isə Azərbaycanda ölkə üzrə kredit götürənlərin sayı 2 milyon 414 min 122 nəfərə çatıb ki, bunun da 10 min 957 min nəfəri hüquqi şəxsdir. Digər 2,381,592 nəfərin isə fiziki şəxs olması bildirilmişdi. Reyestr Xidmətinin müvafiq tarixə olan bir digər məlumatına görə isə Azərbaycan əhalisinin 1 milyon 115 min 820 nəfəri bankda kredit götürmüş şəxs üçün zamin olmaq barədə müqaviləyə imza atmışdır.
Ümumilikdə statistika da onu göstərir ki, kobud hesabla ölkədə hər 3 nəfərdən biri kredit müqaviləsinin iştirakçısıdır. Bəs kredit müqaviləsi nədir? Necə tənzimlənir? Bu barədə əvvəla onu qeyd edə bilərik ki, kredit müqaviləsi barədə müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzim edilir. Kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi qanunvericilikdə göstərilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin ikinci hissəsində isə kredit müqaviləsinin izahı öz əksini tapır ki, orada “borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır” olaraq göstərilmişdir. Həmçinin 739.2-ci maddədə o da qeyd edilmişdir ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bu müddəa isə sırf kreditlərin verilməsi ilə məşğul olan şəxslər üçün (fiziki və hüquqi) nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, qeyd edə bilərik ki, pul formasında əmlakın borc verilməsinə əsaslanan kredit müqaviləsi yazılı qaydada bağlanmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 10.4-cü maddəsində göstərilir ki, kredit müqaviləsinin təminatı kimi bağlanan ipoteka (girov müqaviləsi) müqaviləsinə görə və 10.7-ci maddəyə görə qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 2-ci maddəsində dövlət rüsumu tutulan hallar göstərilir ki, bunlardan biri də notariat hərəkətlərinin aparılması ilə əlaqədar nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”-nın 4.1.17-ci bəndində kredit müqaviləsinin forması göstərilmişdir. Burada qeyd edilir ki, Bank tərəfindən kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində isə kreditlərin qrafiki, şərtləri, məqsədi, predmeti və digər əsaslar asan oxunan və aydın şəkildə göstərilməlidir. Həmin Qaydalarda o da bildirilir ki, kreditin təminatı ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır.
Bütün bu yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, kredit müqaviləsinin yazılı qaydada və notarial olaraq təsdiqlənməsi bu müqavilə üzrə yaranacaq bütün problemlərin həllinə müsbət təsir göstərəcəkdir.
Həbilov Şəhriyar