Kredit borcunu ödəmədikdə nə baş verir? | Banco.az

Kredit borcunu ödəmədikdə nə baş verir?

Mərkəzi Bankın açıqladığı son statistik məlumatlara əsasən 2015-ci ilin dekabr ayında vaxtı keçmiş kreditlərin məbləği  1508,5 mln. manat olub. Bu isə o deməkdir ki, problemli kreditlərin həcmi 1 ay ərzində təxminən 300 mln. manat artıb. Həmçinin rəqəmlər onu deyir ki, xarici valyuta ilə kredit götürənlər, borclarını ödəməkdən daha çox boyun qaçırır. Hazırda xarici valyuta üzrə vaxtı keçmiş kreditlər 668,3 mln. manat dəyərindədir.

Borcalanlar, əksər hallarda, maddi çətinliklərə səbəb olan amillər sırasında xəstəlik, işin itirilməsi, yüksək bank faizlərini və bir çox digər amilləri qeyd edirlər. Son 1 ildə isə bu səbələrin siyahısına, manatın kəskin dəyər itirməsi də daxil edilib. Əmək haqqını maaşla alan vətəndaşlar, dollarla olan kreditlərini ödəməkdə çətinlik çəkirlər.

Bəs kredit borcunu ödəmədikdə nə baş verir?

Kredit üzrə ödənişlər möhlət verilən həmin bir neçə gündən sonra hesaba daxil olmadıqda borcalan gecikməsi olan müştərilər bazasına daxil edilir. Əgər bu sizin ilk gecikmənizdirsə bank işçisi həftə ərzində sizinlə əlaqə saxlayaraq sizdən gecikmənin səbəbini öyrənmək istəyəcək. 

Borcalan 3 ay ərzində kredit borcunu gecikdirirsə, o zaman bank kredit müqaviləsini ləğv etmək hüququna malikdir. Yox əgər ödəniş etmədiyiniz ayların sayı artıq 6-ya çatıbsa sizinlə artıq Hard collection əməkdaşalrı məşğul olacaqlar.

Kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir. Əgər gecikmə olduğu təqdirdə, borcalan gizlənməyə başlayır və bank əməkdaşlarının zənglərinə cavab vermirsə, o zaman bankın həmin müştərini məhkəməyə vermək hüququ vardır. Bir qayda olaraq, bank hər zaman bu tipli məhkəmə proseslərində qazanan tərəf olur. Borcalan isə məhkəmə çəkişməsindən sonra borcunu ödəməyən biri kimi bir çox bankların "qara siyahı"sına daxil edilir. Bundan sonra həmin şəxsin kredit tarixçəsi pozulduğu üçün artıq ona heç bir bank kredit vermir. Qeyd etmək lazımdır ki, borc üzrə ödəniş 5 gün gecikdirildiyi təqdirdə, bank tərəfindən müştəriyə hər hansı cərimə tətbiq edilmir. Gecikmənin 6-cı günü isə bank əməkdaşı tərəfindən zəng edilərək, borcalana xatırlatma edilir.

İqtisadçı ekspert, Rəşad Həsənov bu sualı belə cavablandırıb: “Əgər iqtisadi durğunluq hiss olunursa və müştəri borcunu ödəyə bilmirsə, bu zaman bankların da üzərinə böyük məsuliyyət düşür. Bunun üçündə banklar kredit götürən müştərisi üçün uyğun şərait yaratmalıdır. Uyğunluq hamıya eyni cür təşkil olunmamalıdır. Hər kəsin sosial vəziyyətinə uyğun olaraq, müxtəlif proqramlar hazırlanmalıdır. Çünki, heç bir dövr davamlı deyil. Hazır ki, vəziyyətdə bankalar çalışmalıdır ki, öz müştərilərini əllərində saxlasın. Gələcəkdə vəziyyət normallaşanda da bu banka üz tutsunlar”.

Bankların isə əvvəldən manatla götürülən kreditin sonradan dollara çevirməyə heç bir hüquqi haqqı yoxdur. Çünki, kredit götürüləndə müqavilədə hansı məzənnə ilə hesablanıbsa, axıra qədər də onunla ödənməlidir. 

Krediti geri qaytara bilməyən şəxslərlə bağlı isə ekspertin fikirləri belə oldu:

"Bank işçisi müştərisi ilə şəxsi ünsiyyətdə olmalıdır və onu dinləməlidir. O müəyyən etməlidir ki, bu şəxsin pulu yoxdur krediti ödəyə bilmir, yoxsa pulu var amma özü ödəmək istəmir? Əgər şəxs özü krediti ödəmək istəmirsə, onda hüquqi yollardan istifadə etmək olar. Yox əgər imkanı yoxdursa, onda uyğun yol seçilməlidir, hədə-qorxu gəlməməlidir. Bank nümaəndəsi müştəriyə zəng vuraraq, gecikmiş krediti ödəməyi xatırlada bilər. Hazırda isə bu məsələləri məhkəmə yolu ilə həll etmək mümkündür".

Ekpert onu da əlavə edib ki, qanunun qəbulu olmadan krediti olan şəxslərin sərhəddən geri qaytarılması da düzgün hal deyil. 

Ən sərfəli kredit üçün müraciət et

Bəs nə zaman bank kredit borcunu ödəməsi üçün zaminə müraciət etməlidir?

Əgər kredit alan şəxs rəhmətə gedərsə və bu zaman ailə kredit borcunu ödəməkdən imtina edərsə, birbaşa olaraq kredit borcunun ödənməsi zaminin və ya zaminlərin öhdəliyinə keçir. Zaminlərin isə öz növbəsində  kredit borcunun geri ödənməsindən boyun qaçırmaq kimi alternativləri var.

Belə ki,  əgər zamin onunla bağlanmış zaminlik müqaviləsinin şərtlərinin pozulmasını sübut edərsə və ya zaminlik müqaviləsinin bağlanması ilə bağlı hüquqi bazanın yetərli olmaması, şəraitin, vaxtın uyğun olmamasını sübut edərsə bu zaman kredit borcunun ödənilməsindən boyun qaçıra bilər. Yəni zaminlik müqaviləsinə xitam verilə bilər. Bu isə o halda baş verə bilər ki, əgər  kredit borcu ödənməsə və bu zaman bank müştərinin kredit borcunun müddətini uzadar və bundan zaminə heç bir xəbərdarlıq olunmazsa, bu kifayət edər ki, zamin kredit borcunu ödəməsin.