Müəllif:Mehin Qasımova,Banco.az
İsrail və HƏMAS-ın Sülh Planının birinci mərhələsini təsdiqlədiyini elan etməsindən sonra ABŞ prezidenti Donald Tramp prosesi dəyərləndirib.
Banco.az xəbər verir ki, O, ABŞ administrasiyası da daxil olmaqla bir çox ölkənin razılıq əldə etmək üçün səylər göstərdiyini vurğulayıb.
“Açığını deyim ki, bütün dünya bu razılaşma üçün bir araya gəldi. Təsəvvür edə bilməyəcəyiniz qədər çox ölkə bu prosesə qatıldı. Dünya bu razılaşmanın arxasında birləşdi və deyə bilərəm ki, bu razılaşma olmasaydı, bu, baş verməzdi,” – deyə Tramp bildirib.
Tramp həmçinin ABŞ-ın rüsum siyasətinin və İranın nüvə obyektlərinə edilən hücumların razılaşmanın əldə olunmasında rol oynadığını deyib:
“Biz İranın nüvə potensialını aradan qaldırdıq. Çox fərqli, qeyri-adi hadisələr baş verdi. İstedadın bunda böyük rolu var idi, amma bəxtin də payı az deyil. İranın nüvə silahı əldə etməsinin qarşısının alınması bu razılaşmanı asanlaşdırdı. İranın da sülh prosesinə daxil olacağına inanıram. Bu, böyük bir gündür. Dünya üçün əla bir gündür. Hər kəs üçün gözəl bir gündür".
Tramp Qəzzənin yenidən qurulacağını və daha təhlükəsiz bir yerə çevriləcəyini də vurğulayıb:
“Biz Qəzzanın çox daha təhlükəsiz olacağına inanırıq. Yenidən qurulacaq. Regiondakı digər ölkələr də bu prosesə kömək edəcək, çünki onların böyük sərvətləri var və bunun olmasını istəyirlər”.
Sonda Tramp Yaxın Şərqdə sülhün bərqərar olacağına inandığını qeyd edib:
“İnsanların qayğısına qalacaqlar. Bu, fərqli bir dünya olacaq. Düşünürəm ki, Yaxın Şərq həqiqətən bir araya gəldi”.