Kölə olmaq? Ya öz həyatına sahib çıxmaq! | Banco.az

Kölə olmaq? Ya öz həyatına sahib çıxmaq!

Öz həyatının sahibi olmaq yaxud bu həyatda kölə kimi yaşamaq insanın öz seçimidir

İnsan ona bəxş olunan həyatı necə yaşamalıdır? Öz həyatını hər zaman özü idarə etməlidir ya həyatı boyu digər insanlardan asılı olmalıdır? Hər hansı bir şəxsin fikrindən və əhval ruhiyyəsindən asılı olaraq həyatına davam etmək hər bir insanın öz seçimidir.

İnsanın öz həyatını özü idarə etməsi nə deməkdir? Sanki köləlik dövrünün artıq geridə qaldığına dair fikir formalaşıb. Bəs əslində həqiqət necədir? Əksər insanlar düşünürlər ki, onlar öz həyatlarının tamhüquqlu rəhbərləridir. Köləliyin əlamətləri bu günə qədər insanların həyatında nəzərə çarpmaqdadır. Sadəcə hal-hazırda bu anlayış mahiyyət etibarilə olmasa da, forma etibarilə bir qədər dəyişmişdir.

Köləlik dedikdə nə nəzərdə tutulur? Köləlik əlamətləri istədiyiniz deyil, tələb olunan həyatı yaşadıqda meydana çıxır. Bununla yanaşı, sırf həyatda dəyişiklik etməkdən qorxan insanların zövq verməyən, məmnunluq hissi yaşatmayan işlə məşğul olması da köləliyin formalarından biridir.

Nə üçün həyatda bəzi insanlar göstəriş verən, digər insanlar isə bu göstərişləri yerinə yetirən şəxslər mövqeyində çıxış edirlər? Əslində isə bu sualın cavabı olduqca sadədir. Hər şey pulun məbləği ilə müəyyən olunur. Bəklə də pulun məbləği hər şeyin nəticəsidir.

Əslində isə bütün fikir və düşüncələrin əsasını dünyagörüşü təşkil edir. Dünyagörüşü bizim dəyərlərimizi, düşüncə tərzimizi, davranışımızı, o cümlədən, pullarla qarşılıqlı münasibətimizi müəyyənləşdirir. Bu həyatda çıxış etdiyimiz mövqe, aid olduğumuz kateroqiya məhz dünyagörüşündən asılı olaraq formalaşır. Yəni, həyatda qaydaları tərtib edən və ya bu qaydalara tabe olan tərəf arasında seçim aparan zaman insan dünyagörüşü əsasında qərar qəbul edir.

Öz həyatının sahibi və köləsi olan insanların dünyagörüşü bir-birindən kəskin şəkildə fərqlənir:

- Kölə həyatı yaşayan insanlar pulu, öz həyatını özü idarə edən insanlar isə digər insanlara təqdim etdikləri azadlığı yüksək qiymətləndirirlər.

- Kölə həyatı yaşayan insanlar digər insanların əmrlərini yerinə yetirməli olduqları iş yeri axtarmağa və müəyyən pul müqabilində ən az məsuliyyət əldə etməyə enerji sərf edirlər. Öz həyatını özü idarə edən insanlar isə pulun məbləğindən asılı olmayaraq, zövq aldıqları iş ilə məşğul olmaq üçün üsullar axtarırlar.

- Bu fikir özünü kapital qoyuluşunda da təsdiqləyir. Əgər siz qarşınızda əlində olan son pulla bahalı avtomobil alan bir şəxs görürsünüzsə, deməli sizin qarşınızda kölə həyatı yaşayan insanların bir nümayəndəsi dayanıb. Öz həyatını idarə edən insan pulu mütləq gəlir gətirəcək formada sərf etməyə üstünlük verərdi.

- Kölə qurban rolunu oynadığı üçün ona verilən göstərişlərə tabe olmağa məcburdur. O, məsuliyyətdən boyun qaçırır və bütün uğursuzluqlarının səbəbini şəraitlə və ya digər insanlarla əlaqələndirir. Sahib isə bütün məsuliyyəti öz üzərinə götürür və azadlığı hər şeydən üstün tutur. Əgər göstərişlərə tabe olacağı bir vəziyyət yaranarsa, o zaman bu tabeliyi yalnızca kapitalın yaradılması, təcrübənin əldə olunması, əlaqələrin qurulması məqsədilə qəbul edir və nəticədə müstəqillik əldə etməklə, öz arzusunu reallaşdırmağa istiqamətlənir.

Ən sərfəli kredit üçün müraciət et

- Kölə dünyagörüşünə malik insanlar uzunmüddətli məqsədlərə sahib olmur. Bu səbəbdən kölənin istənilən məşğuliyyəti əslində həyatdan şikayət və öz problemlərinin günahkarlarını axtarmaq məqsədi daşıyır. Öz həyatını özü idarə edən insanlar isə zamandan öz məqsədlərinə doğru irəliləmək üçün istifadə edir. Bu tip insanların həyatdan gileylənməyə vaxtı olmur.

  • Kölələr öz iş yerlərini itirmək qorxusu ilə yaşadıqları təqdirdə, sahiblər inkişaf və irəliləyişin olmadığı yerlərdə çalışmaqdan çəkinirlər.
  • Kölə dünyagörüşünə sahib insanlar anlayırlar ki, zamanla təqaüd hesabına yaşamalı olacaqlar. Sahiblər üçün isə təqaüd və ya təqaüd hesabına yaşamaq anlayışları mövcud deyil. Bunun əvəzinə, həmin insanlar özləri üçün rahat yaşayışı təmin edən kifayət qədər vəsaitin olduğu bir reallıq yaradırlar.
  • Kölələr digər insanlar tərəfindən müəyyən olunan pul məbləği hesabına yaşamağa üstünlük versələr də, sahiblər gəlirlərinin miqdarını özləri müəyyən edirlər.

Bir zamanlar kölələri idarə etmək üçün zorakılıqdan istifadə olunurdu. İndi isə müasir korporativ idarəetmə sistemində köləliyin əsas vasitələri qismində pul və müxtəlif nemətlər çıxış edir. Əgər keçmişdə kölə öz həyatının sahibinə çevrilə bilməzdisə, müasir dövrdə həyatının köləsi və ya sahibi olmaq hər bir insanın öz seçimidir. Həyatımızı əsaslı şəkildə dəyişmək bizim etdiyimiz seçimdən və verdiyimiz qərardan asılıdır.

Müasir dövrdə insanlar həyatı maşınlar, kurort yerlərinə səyahətlər olmadan təsəvvür edə bilmirlər. Bununla yanaşı, işsiz və bu nemətlər olmadan yaşamaq qorxusu insanları puldan başqa heç nə vəd etməyən işlərlə məşğul olmağa məcbur edir. Əksər hallarda qazanılan məbləğ ona sərf olunan zamanın qarşılığını vermir.

Bütün dəyişikliklərin əsasını dünyagörüşü təşkil edir. Dünyagörüşündəki dəyişiklik insanın həyatında öz əksini tapır. Bu dəyişiklik olmadan insan öz həyatını və maddi vəziyyətini yaxşılaşdıra bilməz. Dünyagörüşünün formalaşması üçün insan öz üzərində böyük səylə işləməlidir . Bunun üçün dərin kökə malik köhnə əqidələrdən qurtulmaq, ətrafdakı insanların və KİV-nin verdiyi mənfi məlumatlara qarşı “fitrlər”dən istifadə etmək və insanın həqiqi dəyərlərini, istək və məqsədlərini müyyyənləşdirmək lazımdır. Unutmayın ki, hər şey sizin öz əlinizdədir. Öz həyatınızın sahibinə çevrilmək sizin öz seçiminizdən asılıdır. Çalışın sahibi olduğunuz həyat arzuladığınız həyat olsun.

Sevinc İbadova/ Banco.az