Karantin müddətində gözəl və sağlam qalmaq üçün nə etməlisiniz? | Banco.az

Karantin müddətində gözəl və sağlam qalmaq üçün nə etməlisiniz?

Karantin dövründə evdən işlədiyinizə görə heç avtobusa qədər də yerimirsiniz, nəinki tövsiyə olunan gündəlik 10 min addımı atmaq. İş kabinetinizə çevrilmiş mətbəxdə soyuducu, konfet qabı və s. kimi diqqətçəkən obyektlər də gözünüzün qabağındadır. Video-zəng zamanı bəzi həmkarlarınızın yanaqlarının necə yuvarlandığını görmüsünüzmü? Bəs siz bu gün dadlı konfetlə neçənci çay stəkanını boşaltmısınz?

İndi uzaqdan işləyərkən kimi darıxdığından, kimi əsəbdən, kimi də qorxunun yaratdığı stresdən gün boyu nəsə çeynəyir. Normadan artıq qida istehlakı immun sisteminə onun azlığı və çatışmazlığından daha çox zərər verir. Epidemiya dövründə immunitetin zəifləməsi isə istədiyimiz ən son şeydir.

Həmçinin oxu: Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?

Aclıq və iştahı qarışdırmayın

Həddindən artıq yeməmək üçün orqanizmin siqnallarını dinləməyi öyrənmək və onun həqiqi tələbatını ödəmək lazımdır. Siqnal qısadırsa, orqanizmin qidaya ehtiyacı olduğunu göstərən aclıq əlamətidir. İştah isə bir şey yemək və ya çeynəmək istəyidir, psixoloji təsirdir. İkisini necə ayırd etmək olar?

Əlinizi hansısa yeməyə uzadanda dayanın, onu mədənizin üzərinə qoyun və özünüzdən dürüstcəsinə soruşun:

“Qarnım, həqiqətən, acdır?” Mədəniz boşdursa, salat və ya duru xörəklər yemək daha faydalıdır, nəinki tortlar və piroqlar. Nə isə xüsusi bir şey yemək istəyirsinizsə, əmin olun ki, bu, aclıq deyil, sırf iştahdır. İştah isə lüzumsuz çəki artımına gətirib çıxarır.

Qəlyanaltıları rasionunuzdan çıxdaş edin

Doğrudan, bir şey çeynəmək istəyirsinizsə və bu instinktin öhdəsindən gəlməyə gücünüz çatmırsa, yadınıza salın: Əvvəlki qida qəbulunuzdan nə qədər vaxt keçib? Əgər üç saat keçibsə, qəlyanaltını unudun və normal, yəni zülal, yağ və karbohidrat balansının qorunduğu yemək hazırlayın. Ağzınıza bir şey atmaq istəyirsiniz, amma əslində yemək istəmirsinizsə, isti su için və, həqiqətən, ac olanda soyuducunu açın.

Pəhrizi pozmaq olmaz

Əksinə, yemək yeməyi belə unutduran bir şəkildə işləyirsiniz, axşam isə ac olduğunuzun fərqinə varıb tonlarla yeməyi udursunuzsa, bu da pisdir. Gündə üç dəfə yemək yeyin və rejimə riayət edin. Məsələn, səhər 8:30-da yemisinizsə, 3 saat qaydasını nəzərə alıb 12:30-da nahar, 17:00-18:00 arası isə şam edin. Bu, istənilən halda ideal rejimdir. Yemək aralarında qəlyanaltı yeməməyə çalışın. Sağlam pəhriz dəri və çəkiyə çox yaxşı təsir edir. Hətta məşhur yapon həkim Yoşinori Naqumo gündə sadəcə bir dəfə qidalanmanın insanı sağlam və 20 yaş gənc göstərdiyini iddia edir və özü şəxsən bunun sübutudur (O, səhər qabıqlı meyvə, yaxud da kərə yağlı və ya südlü qəhvə, günorta duzsuz qoz-fındıq və ya başqa qərzəkli meyvələr, axşam qarın quruldayıb siqnal verəndə isə ürəyin nə istəyirsə yeməyin tərəfdarıdır. Ancaq tam doymamaq şərti ilə. Ac qaldığınız müddətdə orqanizmin öz-özünü bərpa etdiyini bildirir).

Orqanizmin su balansını qoruyun

Gündə bir fincan qəhvə və iki stəkan çay içə bilərsiniz. Sonra isə ancaq su və bitki dəmləmələri. Stəkana hil və zəncəfil kökü qoyub üzərinə qaynar su alıb, ilıqlaşanda bal və limon əlavə edib için. Dondurulmuş moruq, çiyələk, qarağat giləmeyvələrinin də üzərinə qaynanmış su tökə bilərsiniz. Maye çatışmazlığı səbəbindən immunitetimiz aşağı düşür, dəri və selikli qişalardakı qoruyucu təbəqə korlanır, toksinlərin orqanizmdən atılması prosesi zəifləyir. Həm çay, həm də qəhvə su balansına daxildir. Hər kiloqram çəkiyə 30 ml maye düşür, buna görə də bir stəkan qəhvə və iki stəkan çay içirsinizsə, yerdə qalan suyu tənzimləyin.

Ən sərfəli kredit üçün müraciət et

Meyvə və tərəvəzə üstünlük verin

Qlobal bir araşdırma göstərib ki, gündəlik 600 qram meyvə-tərəvəz istehlakı insan ömrünü təxminən 8 il uzadır. İstənilən formada: çiy, buxarda bişmiş, qaynadılmış və s. qəbul edə bilərsiniz.

Aclıqdan qəlyanaltıya meyl salmamaq üçün, ən əsası immun və sinir sistemlərini qorumaq, dərini yaxşı vəziyyətdə saxlamaq üçün sağlam yağlar da lazımdır. Bunlar balıq, zeytun yağı, qoz-fındıq, toxumlarda olur. Yumurtanı unutmaq olmaz. Onların tərkibində sinir sisteminin hüceyrələrini, dərini və qaraciyəri qoruyan, həmçinin immun sisteminin virus və bakteriyaların öhdəsindən gəlməsinə kömək edən lesitin var.

Həmçinin oxu: Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar?

Qarabaşaq almısınız? Qaynadın!

Qarabaşaq superqidadır, ən qiymətli dənli bitkilərdən biridir. Çünki tərkibində yüksək miqdarda protein, sink, mis, fosfor, maqnezium və B qrupu vitaminləri mövcuddur. Bununla yanaşı bir çox faydalı dənli bitkilər var. Məsələn, darı. Yüksək miqdarda həll olunan və həll olunmayan lif ehtiva edən bu möcüzəli bitkinin tərkibində şişməyə səbəb olan arabinoz və staxioz polisaxaridləri yoxdur.

Qəhvəyi düyü, qarğıdalı, buğda, bulqur və buğdadan hazırlanan hər şey çox xeyirlidir. Buğda dənində çox miqdarda zülal olmasına baxmayaraq, tərkibində qlüten var və şişkinliyə səbəb olur. Odur ki, hər şeydə olduğu kimi buğdanı da qədərində yemək vacibdir. Sıyıqlar B qrupu vitaminləri və liflərlə zəngindir ki, bu da bağırsaqdakı faydalı bakteriyaları bəsləyir. Lakin gün ərzində hazır formada 300 qramdan artıq dənli bitki istehlak etmək məsləhət deyil.

Vitaminləri ancaq həkim təyin etdiyi halda qəbul edin

ÜTT bildirir ki, polivitaminlər xəstəliklərin profilaktikasında rol oynamır, ömrü uzatmır. Odur ki, aptekə qaçıb sehirli həbləri almağa tələsməyin. Mütləq həkimlə məsləhətləşin, analizlər verin və ancaq bundan sonra hansısa dərmanı alın. Kortəbii şəkildə aldığınız preparatın tərkibindəki vitaminlər bir-birinin orqanizm tərəfindən sorulmasını çətinləşdirən formada və dozada ola bilər. Hansı vitamini hansı dozada qəbul etməyi öyrənmək üçün savadlı həkimə müraciət edin. Əks təqdirdə sağlamlığınızı yaxşılaşdırmaq yerinə korlaya bilərsiniz.

Həmçinin oxu: Dünyanın ən zəngin qadınları kimlərdir? - 2020

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et