Dünyanın ən zəngin qadınları kimlərdir? - 2020 | Banco.az

Dünyanın ən zəngin qadınları kimlərdir? - 2020

“Forbes” planetin ən varlı insanlarının 34-cü illik reytinqini dərc edib. Siyahıda 241 qadının adı var. Bu, keçən ilki rəqəmdən iki vahid azdır. “Walmart” qurucusu Sem Uoltonun yeganə qızı Elis Uolton qadın milyarderlər arasında birinci yeri qoruyub saxlayır. Koronavirus pandemiyası milyarderlərin cibinə ciddi zərbə vurub. Siyahıdakı qadınların yarıdan çoxunun gəlirləri azalıb.

Həmçinin oxuyun: Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub?

1. Elis Uolton (Alice Walton — Sərvəti: 54,4 milyard $. Forbes reytinqində yeri: 9)

Elis ailə biznesi imperatorluğunun idarə edilməsində fəal iştirak etmir, lakin nəhəng Amerika şirkətinin səhmdarı olaraq qalır. İl ərzində onun sərvəti 1,8 milyard dollar artıb. 2011-ci ildə Uolton doğma şəhəri Bentonvill şəhərində (Arkanzas ştatı) “Crystal Bridges” Amerika incəsənət muzeyini açıb. Muzeydə Endi Uorhol, Norman Rokvell və Mark Rotko kimi sənətkarların əsərləri nümayiş olunur. Uoltonun fərdi sənət kolleksiyası yüz milyonlarla dollar dəyərində qiymətləndirilir.

2. Fransuaza Bettankur-Meyer (Françoise Bettencourt Meyers — Sərvəti: 48,9 milyard $. Reytinq: 15)

Avropanın ən varlı qadını babası Yucin Şuler tərəfindən 1909-cu ildə qurulmuş L'Oreal kosmetika imperiyasının varisidir. Fransuaza anası Lilian Bettankurun ölümündən sonra şirkətin 33% səhmini miras aldı. L'Oreal Lancome, Garnier və s. kimi markalara sahibdir. Bettankur-Meyer elm və mədəniyyətin inkişafına maliyyə ayıran ailə xeyriyyə fondunun prezidentidir. Koronavirus pandemiyası nəticəsində L'Oreal səhmləri mart ayının ilk iki həftəsində 12% düşdü. Şirkət fabriklərinin Fransa və digər Avropa ölkələrində səhiyyə sistemlərinin ehtiyaclarını ödəmək üçün əl antiseptikləri istehsal etməyə başlayacağını açıqlayıb.

3. Culiya Kox (Julia Koch — Sərvəti: 38,2 milyard $. Reytinq: 18)

David Koxun dul qadını Culiya əri 2019-cu ilin avqust ayında 79 yaşında vəfat etdikdən sonra üç övladı ilə birlikdə Koch Industries konqlomeratında 42% paya sahib oldu. O, həyat yoldaşı ilə birlikdə xeyriyyə işlərində fəal iştirak edirdi. Məsələn, Koch ailəsi allergik xəstəliklərin araşdırılması məqsədilə Stenforddakı Lucile Packard uşaq xəstəxanası və Nyu-Yorkdakı Mount Sinai tibb mərkəzinin hər birinə 10 milyon dollar ayırmışdı. 1980-ci illərdə Culiya Kox dizayner köməkçisi olaraq çalışıb və xüsusilə ABŞ-ın birinci xanımı Nensi Reyqanın geyimləri ilə məşğul olub.

4. Makkenzi Bezos (MacKenzie Bezos — Sərvəti: 36 milyard $. Reytinq: 22)

Makkenzi Bezos və 25 illik həyat yoldaşı “Amazon” təsisçisi Ceff Bezos 2019-cu ilin ortalarında boşandılar. Kompensasiya olaraq Ceff Makkenziyə şirkətdəki payının 25%-ni təhvil verdi ki, bu da “Amazon”un 4%-i deməkdir. 2019-cu ilin may ayında Makkenzi “Twitter”də boşanma şərtlərini elan etdikdən bir müddət sonra “ianə andına” imza atdı — varidatının ən azı 50%-ni xeyriyyəçiliyə sərf edəcəyini vəd etdi (keçmiş əri hələ də bu andı imzalamayıb. Elə buna görə də Amerika mediası tərəfindən tənqidlərə məruz qalır). İki roman yazmış Makkenzi amerikalı yazıçı Toni Morrisonun referenti olaraq çalışıb. 2014-cü ildə zorakılıq əleyhinə fəaliyyət göstərən “Bystander Revolution” təşkilatını yaradıb.

Həmçinin oxu: “Amazon”un 4%-ni almış Makkenzi Bezos əslində kimdir?

5. Jaklin Mars (Jacqueline Mars — Sərvəti: 24,7 milyard $. Reytinq: 29)

Jaklin Mars dünyada ən böyük şirniyyat istehsalçısı hesab olunan “Mars Inc.” şirkətinin üçdə birinə sahibdir. Şirkətin əsası 1911-ci ildə Jaklinin babasının mətbəxində elə babası tərəfindən qoyulub. Bu gün “Mars” M&M's, Milky Way, Uncle Ben's və Whiskas kimi markalara sahibdir. 2017-ci ilin sentyabr ayında isə korporasiya 7,7 milyard dollar müqabilində “VAC”ı da (heyvanlar üçün mallar istehsalçısını) şirkətin tərkibinə qatdı. Jaklin “Mars” heyətinə 1982-ci ildə qatıldı və yeni məhsulların marketinqinə və buraxılmasına görə cavabdeh idi. 2001-ci ildə təqaüdə çıxsa da 2016-cı ilə qədər direktorlar şurasının üzvü olaraq qaldı.

Ən sərfəli kredit üçün müraciət et

6. Yan Hueyyan (Yang Huiyan — Sərvəti: 20,3 milyard $. Reytinq: 38)

Yan Hueyyan Çinin satışların həcminə görə üçüncü ən böyük şirkəti olan “Country Garden Holdings”in 57% səhminə malikdir (böyük hissəsini ona 2007-ci ildə atası ötürüb). Yanq eyni zamanda Çin təhsil şirkətlərindən biri olan “Bright Scholar Education Holdings”i də idarə edir. Koronavirus pandemiyasına cavab olaraq “Bright Scholar Education” Uhanda səhiyyə işçilərinin qidalanması üçün avtomatlaşdırılmış qida paylama stansiyaları qurdu.

7. Suzanna Klatten (Susanne Klatten — Sərvəti: 16,8 milyard $. Reytinq: 54)

Almaniyanın ən varlı qadını olan Suzanna Klatten “BMW” şirkətinin 19,2% səhminin sahibidir. Mart ayının ilk yarısında pandemiya səbəbindən avtomobil satışlarını azaldan avtonəhəngin səhmləri 24% düşdü. Klatten ildə 2,5 milyard dollardan çox gəlir gətirən “Altana” dərman şirkətinin yeganə sahibidir. O həmçinin “Nordex AG”, “Geohumus”, “SGL Group”da paylara sahibdir.

8. Loren Pauell (Laurene Powell — Sərvəti: 16,4 milyard $. Reytinq: 59)

Əri Stiv Cobsun ölümündən sonra onun “Disney” və “Apple”dakı səhmləri Loren Pauell Cobsa keçdi. Beləliklə, Loren o dövrdə “Disney”in ən böyük səhmdarına çevrildi. 2017-ci ildə Loren NBA və NHL klublarının ana şirkəti sayılan “Washington Wizards” və “Washington Capitals”da kiçik bir hissə əldə etdi. O həmçinin “The Atlantic” jurnalında majoritar səhm paketi də daxil olmaqla bir neçə mediada pay aldı. 2014-cü ildə əsasını qoyduğu kommersiya-sosialyönümlü investisiya şirkəti “Emerson Collective” üzərindən sərmayələr yatırır. 2016-cı ilin ikinci yarısında “Emerson Collective Foundation” xeyriyyə fondunu təsis etdi və əsasən Disney səhmləri formasında 1,2 milyard $ ianə bağışladı. Loren Pauellin varidatı Disney səhmlərinin ucuzlaşması ilə əlaqədar ötən illə müqayisədə 2,2 milyard dollar azalıb.

9. Çjun Hueyçzüan (Zhong Huijuan — Sərvəti: 14,6 milyard $. Reytinq: 70)

59 yaşlı xanım sahibkar və qızı Sun Yuan Honq Konq birjasında alış-veriş edən və infeksiya, şəkər, onkoloji xəstəliklər əleyhinə dərmanlar istehsal edən “Hansoh Pharmaceutical”ın 75 %-nə sahibdir. Koronavirusun tüğyan etməsi dərman bazarının böyüməsinə səbəb oldu. Çjun əri ilə birlikdə Çinin ən varlı ailəsini təşkil edir: Bu ilin yanvar ayına qədər 30 il ərzində 61 yaşlı biznesmen Çinin ən böyük dərman şirkəti “Jiangsu Hengrui”yə rəhbərlik edib.

10. Cina Raynhart (Gina Rinahart — Sərvəti: 13,1 milyard $. Reytinq: 85)

Ən zəngin avstraliyalı xanım biznesini sürətlə böyüməkdə olan dəmir filizi hasilatı üzərində qurmuşdur. Sərvətinin mənbəyi atası Lenq Hekokdan miras qalmış “Hancock Prospecting”dir. Cina şirkəti iflasın astanasında ikən sahənin inkişaf etdirilməsi hesabına xilas etməyi bacarıb. Keçən il Reynhartın varidatı 2 milyard dollar azaldı, belə ki, koronavirus pandemiyası dəmir filizi sənayesində qiymətlərin aşağı düşməsinə səbəb oldu.

Həmçinin oxu: Qadın rəhbərlərin kişi həmkarlarından üstünlüyü nədir ?

Nigar Umaxanlı, Banco.az