İqtisadçıların həyatından 010 | Banco.az

İqtisadçıların həyatından 010

Bertil Qottxard Ulin 23 aprel 1899-cu ildə İsveçin Klippane kəndində anadan olmuşdur. B.Ulin 15 yaşında orta məktəbi bitirdikdən sonra İsveçin Lund Unversitetinə daxil olur və orada iqtisadiyyat, riyaziyyat, statistika elmlərini öyrənib. 1917-ci ildə burada bakalavr təhsilini başa vurduqdan sonra Stokholm İqtisad Məktəbində həm magistr, həm də doktorantura təhsilini də alır. 1921-22-ci illərdə İsveçin hərbi-dəniz donanmasında hərbi xidmət keçərək yenidən Stokholm Universitetinə qayıdır. Orada beynəlxalq ticarət nəzəriyyəsi haqqında referatını  neoklassik iqtisadçı Karl Qustav Kasselə təqdim edir. Eyni zamanda, 1923-cü ilədək həm Kembric, həm də Harvard universitetlərində tədqiqatlar aparıb.

1924-cü ildən isə iqtisad elmləri doktoru dərəcəsinə yiyələndikdən sonra Kopenhagen Universitetində (University of Copenhagen) professor kimi fəaliyyətə başlayıb. Onun “Regionlararası və beynəlxalq ticarət” mövzusunda yazdığı dissertasiya işi 1933-cü ildə ingilis dilinə tərcümə edildikdən sonra elm aləmində məşhurluq qazanır. 1931-ci ildə İsveçə qayıdan Bertil Ulin isveçli siyasi iqtisadçı və iqtisadi tarixçi Eli Filip Hekşer ilə birlikdə araşdırmalarını davam etdirir. Onun elmi işinin əsasını makroiqtisadi inkişaf nəzəriyyəsi və iqtisadçı Con Meynard Keynsin adı ilə bağlanan sabit siyasət nəzəriyyəsi idi.Ulin nəzəriyyəsinin praktiki tətbiqinin nəticəsi tariflər və digər ticarət məhdudiyyətləti gəlirin paylanmasına mənfi təsir göstərir.

B.Ulin elmi yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olub. O, 1938-ci ildə İsveç parlamentinə seçilib, 1944-1967-ci illərdə isə İsveç Liberal Partiyasının lideri olub. Bundan başqa, B.Ulin 1944-1945-ci illərdə İsveç koalisiya hökumətində ticarət naziri də olub. O, 1969-1970-ci illərdə öz ölkəsini Avropa İqtisadi İttifaqında təmsil edirdi. 

B.Ulin tədqiqatları və siyasi fəaliyyəti ilə klassik liberalizmi sosial-demokrat siyasəti elementləri ilə uzlaşdırmaqla İsveç dövlətində rifahın yüksəlişinə təsir göstərib. II Dünya müharibəsi bitdikdən sonra isveç sosial-demokratları digər Nobel mükafatı laureatı (1974), görkəmli iqtisadçı Q.Mürdalın rəhbərliyi ilə plan iqtisadiyyatı tərəfdarı kimi çıxış edəndə onun əsas rəqibi B.Ulin idi. 1948-ci ildə Liberal Partiyanın möhtəşəm qələbəsi ilə sosial-demokratlar özlərinin ənənəvi praqmatizminə qayıdaraq, yenidən özəl bizneslə əməkdaşlığa hazır olduqlarını bildirmişlər. Dövlət siyasətində ciddi baxış ayrılıqlarına baxmayaraq, B.Ulin və Q.Mürdal uzun illər dostluq əlaqələrini saxlamışlar. P.Samuelson bu dostluğu yüksək qiymətləndirərək, onlardan bütün dünya iqtisadçılarının nümunə götürməsini söyləmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

B.Ulin 1961-ci ildə İsveç Krallığının “şimal ulduzu” ordeni ilə təltif olunmuş və Danimarka hökumətinin “Danneborq ordeni” mükafatçılarının sıralarına daxil edilmişdir. 

1977-ci ildә iqtisadiyyat sahәsindә Nobel mükafatına “Beynәlxalq ticarәt vә kapitalın beynәlmilәl hәrәkәti nәzәriyyәsinә yenilikçi töhfәlәrinә görә”, müştәrәk olaraq, İsveç iqtisadçısı Bertil Ulin (Bertil Gotthard Ohlin) vә Böyük Britaniya iqtisadçısı Ceyms Mid (James Edward Meade) layiq görülmüşlәr.

B.Ulin 3 avqust 1979-cu ildə İsveçin Volodalen şəhərində 80 yaşında vəfat edib.

Əsas elmi əsərləri: 

1. Ticarət nəzəriyyəsi (Hondelns teori - 1924); 

2. Regionlararası və beynəlxalq ticarət (Interregional and international trade - 1933); 

3. Faiz dərəcələrinin alternativ nəzəriyyəsi (Alternative theories of the rate of interest - 1937). 

 

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar