İqtisadçıların həyatından 005 | Banco.az

İqtisadçıların həyatından 005

Karl Qunnar Mürdal 6 dekabr 1898-ci ildə İsveçdə anadan olub. O, 1923-cü ildə hüquqşünaslıq üzrə təhsilini Stokholm Universitetini bitirib. Daha sonra isə iqtisadiyyat sahəsi üzrə davam etdirərək 1927-ci ildə bu sahədə doktor elmi dərəcəsi alıb. Növbəti ildə isə elə həmin universitetin professoru olub.

Hələ 1920-ci illərdə Qunnar Mürdal Londonda Ekonometrik Cəmiyyətin yaradılmasına köməklik edib. O, beynəlxalq münasibətlərin və inkişaf iqtisadiyyatının əsas nəzəriyyəçisi kimi qəbul edilirdi. 1925-1929-cu illərdə Qunnar Mürdal İngiltərə və Almaniyada təhsil alır. Eyni zamanda, o, Rokfeller təqaüdçüsü idi. 1929-1930-cu illərdə ABŞ-da olarkən ilk kitablarını, o cümlədən “İqtisadi nəzəriyyənin inkişafında siyasi element”i adlı kitabını nəşr etdirir. Daha sonra “Siyasi element” adlı bu kitabı 1932-ci ildə alman dilinə, 1953-cü ildə isə ingilis dilinə tərcümə edilir.

Avropaya qayıtdıqdan sonra o, ilk olaraq İsveçrənin Cenevrə şəhərində, Beynəlxalq Tədqiqatlar İnstitutunun Aspiranturasında bir il dosent vəzifəsində çalışır. 1933-cü ildə Qustav Kasselin varisi olaraq Stokholm Universitetində müəllimlik fəaliyyəti ilə yanaşı, İsveç siyasətində də fəal iştirak edir. 1934-cü ildə də Sosial Demokrat Partiyasının üzvü kimi Senata seçilib. 

Qunnar Mürdal 1938-ci ildən başlayaraq Karnegi Korporasiyası tərəfindən maliyyələşdirilən ABŞ-da irq münasibətlərinə dair sosioloji, iqtisadi, antropoloji və hüquqi məlumatların hərtərəfli tədqiqinə rəhbərlik edirdi.

Qunnar Mürdal 1947-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi oldu. İşlədiyi müddətdə o, iqtisadi tədqiqatların və siyasətin inkişafının aparıcı mərkəzlərindən birini təsis etdi. 10 il bu vəzifədə işlədikdən sonra Mürdal 1957-ci ildə bu vəzifədən istefa verir. Bundan sonra isə o, İsveçin Hindistanda səfiri olan həyat yoldaşının yanına gedir və 10 il ərzində Asiyanın az inkişaf etmiş ölkələrinin problemlərini araşdırır. 1974-cü ildә iqtisadiyyat sahәsindә Nobel mükafatı “pul, iqtisadi titrәyişlәr vә bunların iqtisadi, sosial vә tәşkilati bağlılıqlarını öyrәnәn tәdqiqatlarına görә” İsveç iqtisadçısı Qunnar Mürdala, eyni zamanda, Avstriya vә Böyük Britaniya iqtisadçısı Fridrix fon Hayekә verilmişdir. Ondan sonra 1924-cü ildə ailə həyatı qurduğu isveçli sosioloq, diplomatı Alva Mürdal da 1982-ci ildə Nobel mükafatı alır. Beləliklə, onlar bu mükafatı alan dördüncü cütlük olurlar. 1973-1974-cü illərdə o, Kaliforniya Universitetində, sonra isə Nyu-York Universitetində fəxri tədqiqatçı kimi çalışırdı. Q.Mürdal Stokholm makroiqtisadi məktəbinin yaradıcısı, “Kumulyativ səbəbkarlıq” konsepsiyasının müəllifi kimi məşhurdur. O, pul tarazlığı, demoqrafiya, ABŞ-da irqçi münasibətlər, yoxsulluq, səfalət, dünya iqtisadi sistemlərinin inteqrasiyası kimi məsələlərlə də hərtərəfli məşğul olmuşdur. Q.Mürdal 17 may 1987-ci ildə 88 yaşında Stokholmda vəfat edib.

Əsas elmi əsərləri: 

Ən sərfəli kredit üçün müraciət et

 

1. İqtisadi nəzəriyyənin inkişafında siyasi amil. (The political element in the development of economic theory - 1930); 

2. Pul tarazlığı (Monetary equilibrium - 1939); 

3. Bir Amerika dilemması: zəncilik problemi və müasir demokratiya (An American dilemma: the negro problem and modern democracy - 1944); 

4. Müharibədən sonrakı optimizmə əks xəbərdarlıq (Varning för fredsoptimism - 1944); 

5. Beynəlxalaq iqtisadiyyat: problemlər və perspektivlər (An international economy, problems and prospects - 1956); 

6. Dövlət firavanlığının arxasında: iqtisadi planlaşdırma və onun beynəlxalq nəticələri (Beyond the welfare state: economic planning and its international implications - 1960); 

7. Asiya dramı: xalqların yoxsulluğunun tədqiqi (Asian drama: an inquiry into the poverty of nations - 1968);

8. Axına qarşı (Against the stream: critical essays on economics - 1973); 

9. Siyasi və institusional iqtisadiyyat (Political and institutional economics - 1979). 

 

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar