İqtisadçıların həyatından 001 | Banco.az

İqtisadçıların həyatından 001

Banco.az portalının növbəti "İqtisadçıların həyatından" rubrikasında iqtisadçıların bioqrafiyasını sizinlə bölüşəcəyik. Rubrikanı isə iqtisadiyyat üzrə ilk Nobel mükafatı alan iqtisadçı alimlərdən biri olan Yan Tinberqenlə başlayırıq.

12 aprel 1903-cü ildə Niderlandın Haaqa şəhərində müəllim ailəsində anadan olan yan Tinberqen ailədə beş uşaqdan ən böyüyü idi. Orta məktəb müəllimləri olan valideynlərinin onun təhsilində və gələcək həyatında xüsusi rolu olub.  O, təhsilini 1922-1926-ci illərdə Leyden Universitetinin fizika fakültəsində alıb. Buna baxmayaraq, 1930-cu illərdə baş verən Böyük depressiya illərindən və II Dünya müharibəsindən sonra yoxsulluğun aradan qaldırmaq istəyi onu iqtisadçı olmağa həvəsləndirdi. Doktorluq dərəcəsi aldıqdan sonra 1931-ci ildən Amsterdam Universitetində mühazirələr deməyə başlayıb.

1933-1973-cü illərdə isə Rotterdamda yerləşən Niderland İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə professor olub. Alim riyazi bilikləri ilə iqtisadi prosesləri ölçərək, ekonometrika elminin əsasını qoyub. O, ömrünü R.Friş və İ. Fişerlə birgə yeni iqtisadi fənnin yaradılmasına sərf edib. Onlar birlikdə Ekonometrika Cəmiyyətini təsis ediblər. 1929-1945-ci illərdə Niderlandın Mərkəzi Statistika Bürosunda statistik vəzifəsində çalışıb. Elə statistik metodların iqtisadi tsikllərinin təhlilinə tətbiq edilməsi də Y.Tinberqenin adı ilə bağlıdır. 1936-cı ildə , o, Niderlandın iqtisadiyyatının riyazi modelini hazırlayıb. Bu model 27 bərabərlikdən ibarət müxtəlif məhdudiyyət şərtlərini və məqsədləri özündə birləşdirirdi. 1939-cu ildə isə bu növ tədqiqatı ABŞ iqtisadiyyatına tətbiq edərək 48 bərabərlikdən ibarət riyazi model hazırlayıb. O, bu modelləri öz məqalələrində qeyd edərək onun tətbiqi ilə bağlı müxtəlif problemlərin təhlilini aparırdı.

1945-1955-ci illərdə Niderlandın Mərkəzi Planlaşdırılması Bürosuna rəhbərlik edən Yan Tinberqen bu illər ərzində Çili, Suriya, İraq, Liviya, Hindistan, Misir, Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin hökumətlərində iqtisadiyyat üzrə məsləhətçi olub. 1966-1975-ci illərdə isə BMT-nin Planlaşdırma Komitəsinə rəhbərlik edib. 1967-ci ildə iqtisadçı Nobel mükafatından başqa Avropa Mədəniyyət Fondunun mükafatını və iyirmidən çox müxtəlif universitet və kolleclərin fəxri elmi dərəcələrini almışdır. 

İqtisadiyyat üzrə ilk Nobel mükafatı isə ona 1969-cu ildə Norveçdə keçirilən tədbirdə Norveç kralının iştirakı ilə Norveç Nobel Komitəsinin direktoru təqdim edir. Mükafat alimə “Dinamik modelləri inkişaf etdirdiyinə və onları iqtisadi proseslərin təhlilinə tətbiq etdiyinə görə” verilib. 

O, 9 iyun 1994-cü ildə 91 yaşında Haaqada vəfat edib. 2019-cu ildə Rotterdam Universitetində Yan Tinberqenin Nobel mükafatı almağının 50 illik yubileyi qeyd olunub.

Yan Tinberqenin elmi işi qrafikdə hörümçək toruna bənzədiyindən “Torabənzər teorem” adlanırdı. Teorem istehsal və qiymətlərin müntəzəm dövrü dəyişmələrindən bəhs edir. Bununla, o, sübut etməyə çalışırdı ki, istehsal və qiymət təmiz rəqabət zamanı tarazlıq vəziyyətindən çıxaraq, klassik məktəblərin nəzəriyyələrində olduğu kimi ona qayıtmır. O, bu teoremlə real kapitalizmin nəzəriyyədəki kimi mükəmməl olmadığını vurğulayırdı. 1929-1933-cü illərdə Böyük durğunluğun baş verdiyi vaxt bir çox iqtisadçılar məhz onun bu təhlükəni duyaraq illk həyəcan təbilini çalan tədqiqatçı kimi qiymətləndirmişdilər. Tirbenqenlə yanaşı, bu teorem üzərində amerikalı iqtisadçı H.Şuls və italiyalı iqtisadçı U.Riçi də bir-birlərindən xəbərsiz şəkildə  işləyiblər.

Ən sərfəli kredit üçün müraciət et

1930-cu illərdə Yan Tinberqen C.M.Keynsin iqtisadiyyatı pul-kredit siyasətinin metodları ilə stimullaşdırmaq ideyalarına söykənərək, iqqtisadi böhranın və durğunluğun aradan qaldırılması üçün sosial-demoqrafik proqramın hazırlanmasında yaxından istirak etmişdi. O, ömrünün sonlarında deyirdi: “Biz Keynsin ideyalarının arxasınca gedərək hökumət əleyhinə çıxdıq. Hökumət biznesi dövlət büdcəsinin likvidliyi yolu ilə saxlamaq niyyətində idi. Biz başa düşürdük ki, bu ancaq böhranı uzadacaq. Qısa müddətli dövrdə büdcə qıtlığına baxmadan, məşğulluğun artmasına kömək edərək işszliyi azaldardı. Amma biz iqtisadiyyatın stimullaşdırılmasına üstünlük verdik.” 

Niderland hökuməti Yan Tinberqenin müəllifi olduğu bu planı qəbul etmədi və nəticədə, həqiqətən də o digər ölkələrə nisbətən böhrandan daha gec çıxmışdır.

1974-cü ildə Roma klubunun prezidenti A.Peççenin təklifi ilə professor Yan Tinberqen dünya iqtisadiyyatının balanslaşdırılmış inkişafı, inkşaf etmiş və etməkdə olan ölkələr arasında disproporsiyanın aradan qaldırılması problemləri üzrə xüsusi məruzə üzərində işləməyə başladı və bunu 1976-cı ildə başa çatdırdı. O, “Metod və onun investisiya qoyuluşunda tətbiq edilməsi”, “ABŞ-da biznes fəaliyyətinin tsikilləri”, “İş tsikli nəzəriyyələrinin statistik yoxlanılması”, “İqtisadi siyasət nəzəriyyəsi”, “İqtisadi siyasət: prinsiplər və formalar”, “Gəlirin paylanması: təhlil və idarə” və digər bu kimi elmi əsərləri ilə iqtisad elminə öz töhfəsini verib.

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar