Azərbaycanda elektron satınalma hesabına büdcəyə qənaət 39 %-ə yaxın artıb | Banco.az

Azərbaycanda elektron satınalma hesabına büdcəyə qənaət 39 %-ə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin eyni dövrünə nisbətən 38,6 % artaraq 329,2 milyon manat təşkil edib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi xəbər verir.

Məlumata görə, əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.

Yanvar-iyun aylarında elektron satınalmaların ümumi dəyəri 1 milyard 632,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.